Məhkəmə qərarları › İş №2(008)-270/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-270/2020

01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-270/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, mənzilində mülkiyyətinə zərər vurmaya səbəb olan nasasızlıqların cavabdehin hesabına aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mənzilinə suyun axıdılması nəticəsində dəymiş zərərin əvəzi kimi 2000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən onun xeyrinə tutulması və cavabdehin mənzilində mülkiyyətinə zərər vurmaya səbəb olan nasazlıqların cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh onun qonşusudur. Cavabdehin uzun illər ərzində davam edən səhlənkarlığı nəticəsində onun mənzilinə ziyan vurulmuşdur. Belə ki, onun mənzilindən axan su nəticəsində ona məxsus mənzilin tavanı, hamam otağı, dəhlizin divarı və evin ayrı-ayrı hissələri yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən onun mənzilinə su axıdılması halları əvvəllərdə olmuşdur. Bir neçə dəfə cavabdehin özünə irad tutmuş, həmçinin 147 saylı mənzil kommunal istismar sahəsinə müraciət etmişdir. Lakin, vaxtaşırı Rusiya Federasiyasına gedib-gəldiyi üçün onun bu hərəkətlərindən məhkəməyə müraciət etmək üçün real imkanı olmamışdır. 147 saylı mənzil kommunal istismar sahəsi tərəfindən Cavabdeh dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən su axıdılması hələ də davam edir. Hazırda mənzilin mülkiyyətçisi olan cavabdeh evi kənar şəxslərə kirayə vermiş və həmin şəxslərdə ona vurulan ziyanın qarşısının alınması istiqamətində heç bir tədbir görməyərək bunun evin mülkiyyətçisinin etməli olduğunu bildirirlər. Cavabdeh tərəfindən ona 2000 manat məbləğində ziyan dəymişdir. Buna görə də cavabdehin onun mənzilinə vurduğu zərər ondan tutulmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğukn izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən «Balaxanıneft» NQÇİnin xx.xx.1992-ci il tarixli 19 №-li qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 13 №-li evin, 13 №-li mənzilini İddiaçı mülkiyyətinə vermişdir. Həmin qərara əsasən qeyd olunan mənzilə dair İddiaçı ilə «Balaxanıneft» NQÇİ arasında xx.xx.1992-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin mənzilə dair İddiaçı adına xx.xx.1992-ci il tarixdə Texniki pasport verilmişdir. Həmin mənzilin İddiaçı xüsusi mülkiyyətində olmasına dair texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli ÖM seriyalı 015527 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 13 №-li evin, 17 №-li mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. 147 saylı MKİS-nin əməkdaşqları tərəfindən 147 saylı MKİS-nin balansında olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 13 №-i evin, 13 №-li mənzilində yaşayan İddiaçı tərəfindən verilmiş ərizəyə əsasən hər iki mənzilə baxış keçirilmiş, baxış zamanı İddiaçı evinin dəhliz, hamam və mətbəxin tavanında axıntı izləri aşkarlanmışdır. Yuxarı mərtəbə də 17 №-li mənzilə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi iddia etmişdir ki, heç bir nəticə yoxdur, axıntı davam edir (147 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akt) . Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20419 №-li, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 13 №-i evin, 13 №-li mənzilinin göstərilən tikililərinin (divar, tavan, döşəmə və.s) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmasına aid olduğu müəyyən edilmiş, mənzillərin planlı yerləşməsini, 13 saylı mənzilin üst mərtəbəsində 17 saylı mənzilin yerləşdiyini və AKT-ın göstəricilərini nəzərə alaraq 13 saylı mənzilə 17 saylı mənzildən su axıdıldığı müəyyən olunmuş, lakin 17 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. 13 saylı mənzilin su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1070 manat məbləğində olduğu müəyyən olunmuşdur. Ekspertiza xərcinə dair bildirişə əsasən yuxarıda qeyd olunan ekspert tədqiqatının dəyəri cəmi 50 manat təşkil edir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun mənzilinə suyun axıdılması nəticəsində dəymiş zərərin əvəzi kimi 2000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən onun xeyrinə tutulması və cavabdehin mənzilində mülkiyyətinə zərər vurmaya səbəb olan nasazlıqların cavabdehin hesabına aradan qaldırılmasını istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 13 №-li evin, 13 №-li mənzilinə cavabdehin mənzilindən su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya cəmi 1070 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1070 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 2000 manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddianın 5 000 manat mənəvi ziyanın tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X3 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İş materiallarından göründüyü kimi, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılmsı nəticəsində əmlakına zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı bunun nəticəsində fiziki və mənəvi iztirablar keçirmişdir. Lakin iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 5 000 manat məbləğində mənəvi ziyanın dəyməsini iddia etsə də, məbləğlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Lakin,məhkəmə hesb edir ki, baş vermiş hadisənin nəticəsində iddiaçı mənəvi iztirab keçirmişdir. Odur ki, məhkəmə mənəvi ziyanın 100 manat məbləğində tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1070 manat, mənəvi ziyana görə 100 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, cavabdehin mənzilindən iddiaçının mülkiyyətinə zərər vurmaya səbəb olan nasazlıqlar cavabdehin hesabına aradan qaldırılmalı, iddia qalan hissədə rədd edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1070 manat, mənəvi ziyana görə 100 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh mənzilindən iddiaçının mülkiyyətinə zərər vurmaya səbəb olan nasazlıqlar cavabdehin hesabına aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar