Məhkəmə qərarları › İş №2(008)-2707/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2707/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2707/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbində dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulan 30 000 manat maddi, 60 000 manat mənəvi ziyan, cəmi 90 000 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X8 cavabdehin oğlu X11 ilə xx xxxx 2010-cu ildə nikah bağlayaraq evlənmişlər. Onların birgə nikahından xx.xx.2011-ci il və xx.xx.2013-cü il təvəllüdlü iki övladları olmuşdur. Qızı ilə cavabdehin oğlu evləndikdən bir müddət sonra Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, bina 6, 139a (sonradan mənzilin nömrəsi dəyişdirilərək 165 olmuşdur) saylı mənzildə yaşamışlar. Qızı ailə qurduqdan sonra, yaşamaqları üçün yuxarıda qeyd olunan mənzilə köçməli idilər. Lakin, həmin ərəfədə məlum olmuşdur ki, alınan mənzilin dəyəri tam ödənilməmişdir. Ona görə ki, cavabdeh tərəfin buna maddi imkanı çatmırdı. Qızının rahat yaşaması üçün həmin mənzilə cavabdehin borclu olduğu pulu ödənilməsinə köməklik etmişdir. Həmçinin, sözügedən yaşayış binası tamamlandıqdan və təmirə icazə verildikdən sonra, mənzili məhz özü təmir etdirmişdir. Mənzildə təmir işləri aparılması üçün "xxxxxxxxxxxxx" ASCdən razılığı iddiaçı almışdır, buna görə də həmin sənədin əsli də iddiaçıdadır. Lakin, mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh adına olduğuna görə bütün sənədlər də onun adına rəsmiləşdirilirdi. Təxminən 30 000 manatdan artıq təmirə xərci çıxmışdır. Təmirlə əlaqədar bütün ustalarla özü danışımış, təmirə lazım olan materialların alınmasında iştirak etmiş, ustaların zəhmət haqqını ödəmişdir. Həmin ustalardan biri olan X3r. Usta E.Məmmədov mənzili tam təmir etməsi barədə iddiaçıya notariusda təsdiq edilmiş ərizə də vermişdir. Bundan başqa, təmir üçün lazım olan tikinti materiallarının bir hissəsinin alındığı mağaza və topdansatış məntəqələrindən verilən qaimələrdə hazırda iddiaçıdadır. Həmçinin, qızı mənzildə yaşadığı müddətdə mənzilin kommunal xərclərinin ödənilməsinə köməklik etmişdir. Bütün əziyyətlərinə və etdiyi köməkliklərə baxmayaraq qızının ailəsi dağılmışdır. Onların arasında nikah pozulduqdan sonra, cavabdeh məhkəmədə iddia qaldırmışdır ki, guya qızı Xalidə onun mənzilini zəbt etmişdir. Halbuki, bunlar həqiqətdən uzaqdır. Bu səbəbdən sözügedən mənzilə çəkdiyi xərcləri cavabdehdən tələb etməyə məcbur olmuşdur. Yuxarıda göstərildiyi kimi, təmir etdirdiyi mənzilin qızının ailəsinə veriləcəyini bildiyinə görə həmin mənzili təmir etdirmiş və buna görə hazırda zərərə məruz qalmışdır. Hansıki, gözləntiləri reallaşmamışdır. Bunun sayəsində cavabdeh əsassız varlanmış və təmirli mənzilə sahib olmuşdur. Hazırda tərəflərin arasında olan qohumluq münasibətləri pozulduğuna görə əvvəlcə olan münasibətləri də zərər görmüş və münasibətləri kəskin pisləşmişdir. Bu səbəbdən iddia tələbində qaldırdığı zərərlərin əvəzini sövdələşmə ilə yoluna qoymaq mümkün deyildir. Bundan başqa, cavabdehin təqsiri və birbaşa müdaxiləsi nəticəsində qızının ailəsinin dağılması və uzun illər ərzində çəkdiyi zəhmətin, təmirə sərf etdiyi 30.000 manatdan artıq pulun hədər getməsi əsəb sarsıntısı keçrmiş, depressiyaya düşmüşdür. Uzun illlər ərzində etdiklərinin qarşılığını almadığından, zəhməti qiymətləndirilmədiyindən mənəvi əziyyət çəkir. Hətta, psixoloqlara da müraciət etmişdir. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzil Cavabdeh məxsus olmaqla mülkiyyətindədir və hazırki iddiaçıya heç bir aidiyyəti yoxdur. Bu mənzil 2018-ci ildən iddiaçının qızı X8 tərəfindən qanunsuz zəbt edilmiş və onun bu mənzildən çıxarılmasına dair həm Sabunçu rayon Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri (bütün bu məhkəmə proseslərində sözügedən mənzili qanunsuz zəbt etmiş Xalidə Əliyevanı anası - hazırki iş üzrə iddiaçı Umuxanım Məmmədova təmsil etmişdir) olmasına baxmayaraq iddiaçının qızı bu qətnaməni icra etməkdən imtina edir. Mənzil qanunsuz zəbt edildiyindən cavabdehə və oğluna məxsus bir çox əmlaklar (mebel, elektronika və s.), şəxsi əşyalar, şəxsə və evə aid qanimələr iddiaçı tərəfin işğalı altındadır (bu mənzildə olan və cavabdehin oğluna məxsus əşyaların bu iş üzrə iddiaçının qızından tələb edilməsi barədə Yasamal rayon Məhkəməsində 2(004)-5436/2020 saylı mülki iş hakim Orxan Məmmədlinin icraatındadır). İddiaçı öz uydurma iddia ərizəsində bildirir ki, “bir daha bildiririk ki, cavabdehin maddi imkanı olmadığına görə, iddiaçı (İddiaçı) sözügedən mənzili qızı ilə onun ərinə alınmasım nəzərə alaraq qızının rahat yaşamasını təmin etmək məqsədi ilə mənzili təmir etdirmişdir. Əvvəla iddiaçının qızı Xalidə ilə cavabdehin oğlu Fuad xx.xx.2010-ci il tarixdə nikaha daxil olmuşlar. Bu mənzil isə xx.xx.2007-ci il tarixdə, yəni bu nikahdan 3 il əvvəl cavabdehin özü tərəfindən özü üçün alınmışdır (bu hal qüvvədə olan digər mülki iş üzrə məhkəmə qətnaməsi ilə təsdiq olunub). Bu mənzilin nə iddiaçının qızına, nə də iddiaçıya heç bir aidiyyəti yoxdur. Bu mənzil nağd pula deyil, ipoteka ilə cavabdeh tərəfindən 240 ay müddətinə hissə-hissə ödənişlərin edilməsi şərti ilə alınmışdır və bütün ödənişlər şəxsən Cavabdeh tərəfindən və şəxsən öz pulu ilə ödənilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X2 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili X9 iddianı qəbul etmədi və etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Cavabdeh ilə "X14" MMC ilə arasında xx.xx.2007-ci il tarixdə 4207 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "X14" MMC Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzili Cavabdeh satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “Azəriqaz” İB tərəfindən **********00000 №-li abonent kodu verilməklə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində smart nömrəli qaz sayğacı quraşdırılmışdır (“Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* №-li akt). Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzil X6 tərəfindən tam təmir olunmuşdur (E.Məmmədovun xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq olunmuş ərizəsi). Hazırda iddiaçı cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1 ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzili öz vəsaiti hesabına təmir etməsi, bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulması ilə əlaqədar tələbinin əsası kimi istinad olunan halları sübut edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də, tərəf hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Ona görə də müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar