Məhkəmə qərarları › İş №2(008)-3018/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3018/2020

02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3018/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X14, İddiaçılar İddiaçı və X4, İddiaçı vəkili X17, Cavabdeh X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı və X4 cavabdehlər Cavabdeh1 və X5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X10 cavabdehlər Cavabdeh1 və X5 qarşı cavabdehlərdən maddi ziyana görə 9660 manat, mənəvi ziyana görə 10 000 manat pulun alınıb onlara verilməsi, cavabdehlər barədə Azərbaycan Respublikası CM-nin 186, 188-ci maddələri ilə cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvlərimlə birlikdə 1988-ci ilin oktyabr ayında Ermənistan Respublkası, Əzizbəyov rayonundan qaçqın düşmüşlər, evləri və əmlakları ermənilər tərəfindən dağıdılmışdır. 1988-ci ilin oktybar ayında Ağdam rayonu, Erği qəsəbəsinə qaçmışlar və 1990-cı ilin iyun ayına kimi orada qalmışlar.Orada da müharibə olduğu üçün 1990-cı ilin iyun ayında Xocalıya köçmüşlər və orada da 1991-ci ilin yanvar ayına kimi yaşamışlar. Oradan da müharibə vəziyəti ilə əlaqədar İsmayıllı rayonu, Uştal kəndinə gəlmişlər və 1994-cü ilədək orada yaşamışlar. 1994-cü ilin iyul ayında Bakıya gələrək 1998-ci ilə kimi müxtəlif ünvanlarda kirayə yaşamışlar. 1998-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qaçqın kimi hazırda yaşadıqları ünvanda onlara 29 sot torpaq ayrılmışdır. Onlar həmi torpağı əkib-becərmiş, təndir qurmuş və ev tikmişlər. Hazırda da 12 nəfərdən ibarət ailə üzvləri ilə orada yaşayırlar. Evi 2004-cü ildə tikib başa çatdırandan sonra torpaq, əmlak vergisi, su, işıq, qaz pulunu da ödəyirlər. 2018-ci ilin mart ayının sonlarında, Novruz bayramında cavabdehlər X7 və Cavabdeh1 və yeznələri Ramil ilə birlikdə onlara hücum çəkərək əziyyət ilə qurduqları və yeganə qazanc mənbəyi olan üç ədəd təndirlərini dağıtmış, çoxlu bar verən ağaclarını kökündən çıxartmış və istifadələrində olan 19 sot torpağı qanunsuz olaraq və zorakılıq yolu ilə əllərindən almışlar. Cavabdeh onlara aşağıdakı miqdarda maddi və mənəvi ziyan vurmuşdur: 3 ədəd təndir-450 manat, təndirin şifer çardağı-4600 manat, 100 ədəd bar verən ağac-1000 manat, 15 ədəd dəmir setka – 450 manat, 70 ədəd 20-lik armatur-140 manat, 4 kamaz maşın kubik daşı-1500 manat, 1 kamaz qum-300 manat, 5 maşın peyin- 100 manat, 20 ədəd fanarka-320 manat, 1 ədəd soyuducu-500 manat, 1 ədəd paltaryuyan maşın-300 manat, ümumilikdə 9660 manat dəyərində maddi ziyan vurmuşlar. Bundan əlavə, cavabdehlər onları hədələyir, mentalitetimizə uyğun olmayan sözlərlə təhqir edirlər və mənəvi cəhətdən alçaldırlar. Sonradan iddiaçılar iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehlərdən ilk iddia tələblərində qeyd olunanlarla yanaşı həm də əlavə iddia ərizəsində qeyd etdikləri əldə edəcəkləri gəlir (əldən çıxmış fayda) 15 000 manat pulunda alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavadehlər iddia ərizəsinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. İddiaçı və onun ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı şossesində torpaq sahələri mövcud deyil. Çünki, İddiaçı və onun ailə üzvləri İsmayıllı rayonunda onlara məxsus torpaq sahəlirinin olmalarına, orada yaşamaqlarına baxmayaraq, 2010-cu il tarixdən Bakıya gəlib Sovxozda kirayə ünvanda qalıblar. 2013-cü ildə isə onlara məxsus 45 sot torpaq sahəsinin kənarında gecəqondu etmişlər və bir daha həmin yerdən çıxmamışlar, üstəlik həmin torpağın onlara məxsus olmasını iddia edirlər. Torpaq sahələrindəki hasarlarını uçurub, ağaclarını qırıblar. Dəfələrlə həmin şəxslər tərəfindən zorakılığa məruz qalmışlar. İddiaçının mübahisəli torpaq sahəsinə hüquqları təsdiq edən sənədi mövcud deyil. Belə ki, iddiaçı və onun ailə üzvləri İsmayıllı rayonu, Uştal rayonunda qeydiyyatdadırlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı və X10, İddiaçı vəkili X22 iddianı müdafiə etdilər, iddia ərizəsinin və iddianın həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X7, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədilər və etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdilər. Bundan əlavə cavabdeh İsmayılov Nəciməddin izhatında qeyd etdi ki, onlar özlərinə məxsus torpaq sahəsini hasara alandan sonra bir neçə təndir və müəyyən inşaat materialları hasarın içində qalmışdır. Həmin təndirlər onun tərəfindən dağıdılmış, çünki o təndirlər onun atasına məxsus olmuş və iddiaçılara müvəqqəti istifadəyə verilmiş, inşaat materialları isə küçəyə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən şahid X21 ifadə verərək bildirmişdir ki, iddiaçıların yaşadığı torpaq sahəsinin yaxınlığında ona məxsus olan bağ evi var. Hər dəfə evə gedərkən yol üstü iddiaçılardan təndir çörəyi alırdı və həmin təndirlər iddiaçıya məxsus idi, hətta, həmin təndirlərin inşasında da iştirak etmiş və iddiaçılara onların qurulması üçün müvafiq inşaat materialları da vermişdir. İddiaçılar ona yazılı müraciət edərək bildirdilər ki, təndirləri Nəciməddin və Ələddin adlı şəxslər dağıdıblar. Onlara kömək etmək məqsədilə, sədri olduğu X9 əməkdaşlarını oraya məsələnin araşadırılması üçün göndərmiş və tərəflərindən akt tərtib olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçılar İddiaçı və Qarayev Mirəndam Ermənistandan qaçqın olaraq Xocalıda, sonradan isə Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində məskunlaşmışlar. İddiaçıların məskunlaşdığı ərazidə «Əli» Kiçik müəssisəsi fəaliyyət göstərmişdir. «Əli» Kiçik müəssisəsi ********** qeydiyyat nömərsi ilə xx.xx.201992-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və nizamnaməsi təsdiq edilmişdir. «Əli» Kiçik müəssisəsinin təsisçilərindən biri və eyni zamanda qanuni təmsilçisi X11r (X12 dövlət reyestrindən çıxarış). Cavabdehlər X8 oğlanlarıdır. «Əli» Kiçik müəssisəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu, Binəqədi-Pirşağı Şossesi 25 (Pirşağı- Sovxoz) ərazisində yerləşən 0.4291 ha torpaq sahəsinə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008) 5976/2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Adıçəkilən qətnamədən sonra «Əli» Kiçik müəssisəsi həmin torpaq sahəsinə dair tam mülkiyyət hüququ üzrə Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış və AN seriyalı 191187 №-li torpaq sahəsinin plan və ölçüsünü almışdır. «Əli» Kiçik müəssisəsi Çıxarışı alandan sonra Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(008) 5976/2016-cı il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər Bakı şəhər İcra Hakimiyyəti, həmçinin hazırki iş üzrə iddiaçılar və onların oğlu apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində Ermənistanın Əzizbəyov rayonundan qaçqın düşmüş Qarayevlər ailəsinin həmin ərazidə məskunlaşması və «Əli» Kiçik müəssisəsinin təsisçiləri tərəfindən zorla çıxarılması qeyd edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı və X10 cavabdehlər «Əli» Kiçik müəssisəsi, X15, X19 və X13 qarşı xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılıb iddiaçıların sərəncamına verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sabunçu rayon Məhkəməsinin 2(008) 5931/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün sübyektiv hüquqa malik olmamışdır. Beləliklə, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Çıxarışın verilməsinə əsas olmuş qətnamə ləğv edilsə də, həmin Çıxarış ləğv edlməmişdir və hazırda qüvvədədir. «Əli» Kiçik müəssisəsi Çıxarışı aldıqdan sonra Çıxarışda göstərilən torpaq sahəsini hasara almışdır. İddiaçılar hasara alınan sahənin bir hissəsində və onun ətrafında qanunsuz tikililər inşa etdirmiş, təsərrüfat aparmış və yaşamışlar. Bu işin mübahisəsiz halıdır, bu halı hər iki tərəf təsdiq edir. İddiaçıların təsərrüfat apardıqları (hasarın içinə düşən) ərazidə bir neçə təndirləri və inşaat materialları movcud olmuş, həmin təndirlər cavabdehlər tərəfindən dağıdılmışdır. Bu hal da işin mübahisəsiz halıdır, çünki bu halı cavabdeh də təsdiq etmişdir. Qeyd edildiyi kimi, cavabdeh İsmayılov Nəciməddin izihatında hasara alınmış ərazidə təndirlərin və müəyyən inşaat materialların olmasını təsdiq etmiş, təndirlərin onun atasına məxsus olduğundan onun tərəfindən dağıdıldığını və inşaat materialların küçəyə atıldığını qeyd etmişdir. Lakin cavabdeh təndirlərin onun atasına məxsus olmasını və inşaat materialları küçəyə çıxartdığını sübut edə bilməmişdir. İş materiallarında olan sinayət işinin başlanılmasının rədd edilməsi barədə, inzibati xəta haqqında qərardan görünür ki,iddiaçıların torpaqla olan mübahisələrində problemləri eyni zamanda Cavabdeh1 ilə də olmuşdur. İddiaçılara məxsus təndirlərin və inşaat materiallarının olmasını şahid də təsdiq etmişdir. Hazırda iddiaçılar cavabdehlərdən maddi ziyana görə 9660 manat, mənəvi ziyana görə 10 000 manat və əldən çıxmış faydaya görə 15 000 manat pulun alınaraq onlara ödənilməsini istəyirlər. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara məxsus əmlaklar dağıdılmışdır. Qeyd olunan əmlakların cavabdehlərin ərazisində yerləşməsi onlara bu hüququ vermir, hələ ki torpaq sahəsi cavabdehlərin deyil, «Əli» Kiçik müəssisənin mülkiyyətində olmuşdur. Belə ki, təndirlərin dağıdılmasını və inşaat materialların məhv olması sübut edilmişdir. Lakin, təndirin sayını və inşaat materiallın həcmini müəyyən etmək olmamışdır. Bu əsasdan iddianın rədd olunmasını məhkəmə ədalətli saymır. İddiaçı tərəfindən göstərilən üç təndiri və onların dəyərini məhkəmə əsas götürərək, 450 manatın tutulmasını məqsədə müvafiq hesab edir. İnşaat materiallarını iddiaçılar 2810, təndirlərin taxtadan ibarət şifer çardağlarını 4600 manat məbləğində qiymətləndirmişlər. Məhkəməyə göstərilən məbləğə dair sübut təqdim edilmədiyindən məhkəmə 550 manatın tutulmasının ədalətli sayır. Eyni zamanda, kəsilən ağaclara, korlanan soyuducuya, paltaryuyan maşina dair hər hansı sübut təqdim edilmədiyindən o hissədə məhkəmə iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, hesab edir ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 1000 manat (450+550) məbləğində pul tutularaq iddiaçılara ödənilməlidir. İddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 9660 manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddianın 10 000 manat mənəvi ziyanın tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X26 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İş materiallarından göründüyü kimi, cavabdehinlərin hərəkətləri nəticəsində iddiaçılarnın əmlaklarına zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçılar bunun nəticəsində fiziki və mənəvi iztirablar keçirmişdir. Qeyd edildiyi kimi, iddiaçılar məlum hadisələr nəticəsində Ermənistandan, sonra da Xocalıdan qaçqın düşmüşdülər. İddiaçılar cavabdehlərin hərəkətləri nəticəsində ona 10 000 manat məbləğində mənəvi ziyanın dəyməsini iddia etsə də, məbləğlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Lakin, məhkəmə hesb edir ki, baş vermiş hadisənin nəticəsində iddiaçılar mənəvi iztirab keçirmişlər. Odur ki, məhkəmə mənəvi ziyanın 500 manat məbləğində tutulmasını ədalətli hesab edir. İddiaçı əldən çıxmış fayda üçün 15 000 manat məbləğində pulun ödənilməsini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 4 % hissəsində təmin edildiyindən (34 6xx xxxxxxxx 1500 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 1,20 manatı cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X2 vurulmuş maddi zərərə görə 1000 manat və mənəvi ziyana görə 500 manat məbləğində pul tutularaq İddiaçı və X6 xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 vurulmuş maddi zərərə görə 1000 manat və mənəvi ziyana görə 500 manat məbləğində pul tutularaq İddiaçı və X6 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 1,20 manat dövlət rüsumu cavabdehlərdən iddiaçıların xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar