Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3133/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri 107 №-li tam orta məktəbin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 107 №-li tam orta məktəbə qarşı, X2 müstəqil irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “cavabdehin üzərinə şəxsi işin təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 107 №-li tam orta məktəbə qarşı, X2 müstəqil irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “cavabdehin üzərinə şəxsi işin təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X2 birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 şəxşi işinin 107 nömrəli tam orta məktəbdən alınaraq 103 nömrəli tam orta məktəbə təqdim olunması vəzifəsinin Bakı şəhəri 107 №-li tam orta məktəbin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, oğlu İddiaçı cavabdeh X3 qarşı nikahın pozulması və sair tələbi barədə ilk iddianın, habelə cavabdehin iddiaçıya qarşı uşaq tələbi barədə qarşılıqlı iddianın qismən təmin edilməsi, iş üzrə tərəflər arasında bağlanmış nikahın pozulması, övladları xx.xx.2015-ci il tarixli X5 anası Şəlalə Süleymanovanın yanında saxlanması, xx.xx.2011-ci il təvəllüdlü X4 isə İddiaçı alınaraq Şəlalə Süleymanovaya verilməsi, hər iki iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-754/2020 №-li, xx.xx.2020-ci il tarixli qətnaməsi icra olunmuş, xx.xx.2011-ci il təvəllüdlü X11 zorla atası İddiaçı alınaraq anası Şəlalə Süleymanovaya verilmişdir. Lakin sonradan Malik anası ilə birlikdə yaşamaq istəməmiş, onunla birlikdə yaşadığı evdən qaçaraq atası İddiaçı yaşadığı Sulutəpə qəsəbəsindəki evə gəlmişdir. Həmin vaxtdan da Malik atası, babası və nənəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Nəvəsi Malikin anası Şəlalə Süleymanova ilə yaşadığı müddətdə anası onun dərslərinə, davamiyyətinə nəzarət etməmiş, Malik dərslərindən çox geri qalmışdır. Bu səbəbdən də, oğlu İddiaçı nəvəsi Maliki təkmilləşdirmə kurslarına yazdırmışdır. Bundan başqa, İddiaçı Maliki əvvəllər təhsil aldığı və onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən 103 №-li tam orta məktəbə yazdırmış və Malik həmin məktəbdə 5-ci sinifdə təhsil almağı davam etdirmişdir. Malik 2021-2022-ci tədris ilini məhz 103 №-li tam orta məktəbdə başa vurmuşdur. Malik həmçinin cari ilin sentyabr ayının 15-dən oktyabr ayının 2-dək 103 nömrəli məktəbin 6-cı sinifində təhsilini davam etmişdir. 2022-ci ilin oktyabr ayının 3-də isə 103 №-li məktəbin rəhbərliyi tərəfindən Malikin atası İddiaçı bildirilmişdir ki, Malikin anası müvafiq sənədləri 103 №-li məktəbdən götürərək, Malikin adını Sabunçu qəsəbəsi ərazisində yerləşən 107 №-li orta məktəbə yazdırmışdır. Şəlalə Süleymanovanın bütün bunları İddiaçı məlumatı və razılığı olmadan etmişdir. Məktəbin rəhbərliyi də sənədləri Şəlalə Süleymanovaya təqdim etməzdən əvvəl uşağın atası İddiaçı məlumat verməmişdir. Hazırda Malikin sənədləri təqdim olunmuş 107 №-li tam orta məktəb Sabunçu rayonu, Məhsəti ünvan 2 ünvanda yerləşir. Malik isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayır və o, təhsil almaq üçün hər gün uzun məsafə qət etmək məcburiyyətindədir. Malikin atası İddiaçı, bütün bu qanunsuzluqlar barədə Bakı şəhəri Təhsil İdarəsinə məlumat vermiş, həmin idarənin müvafiq vəzifəli şəxslərinin qəbulunda olmuşdur. Bakı şəhəri Təhsil İdarəsi tərəfindən Malikin adı yaşadığı yer üzrə əvvəl təhsil aldığı 103 №-li tam orta məktəbin siyahısına salınsa da, sonradan məlum olmayan səbəblərdən təhsil idarəsi özünün qərarını ləğv etmişdir. Övladının təhsildən yayınmaması, fasiləsiz olaraq məktəbə gedib-gəlməsini təmin etmək, onun davamiyyətinə nəzarət etmək bir valideyn kimi İddiaçı vəzifəsidir. Ona görə də Malikin mənafeyi hər şeydən üstün tutulmalı və o, yaşadığı ərazi üzrə orta məktəbdə təhsilini davam etdirməlidir. Lakin Bakı Şəhər Təhsil İdarəsi tərəfindən qeyd olunan faktlar araşdırılmadan, Malikin özünün iradəsi, istəyi, hüquqları, mənafeyi nəzərə alınmır və məktəbin dəyişdirilməsindən əsassız olaraq imtina edir. Həmçinin əlavə olaraq bildirir ki, uşağı məktəbə yazdırmaq üçün ərizə ilə deyil, elektron qaydada müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X11 anası X2 himayəsinə verilmişdir. Ona görə də, uşağa aid sənədlərin atasına verilməsi barədə tələbi icra edə bilməzlər. Həmin sənədlərin ataya verilməsi yalnız məhkəmə qətnaməsi əsasında mümkün ola bilər. Odur ki, nümayəndə göstərilənlərin nəzərə alınaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil, iddiaya etiraz edərək izahatında bildirdi ki, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və icra olunmuş xx.xx.2020-ci il tarixli, 2(008)-754/2020 saylı qətnaməsinə əsasən, İddiaçı və X7 arasında nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları analarının himayəsinə verilmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, elektron müraciətdən əlavə, 103 nömrəli məktəbin direktoruna rəsmi ərizə ilə də müraciət edilməli, yerdəyişmənin səbəbləri göstərilməli, 103 nömrəli məktəbin rəhbərliyi uşağın məktəbə qəbuluna dair rəsmi münasibət bildirməli olduğu halda, bunların heç biri edilməmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında və “Elektron məhkəmə” informasiya sistemində olan, məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv baxılıb tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2020-ci il tarixli, 2(008)-754/2020 saylı qətnaməsinə əsasən, X12 və İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Qubadlı rayon Qeydiyyat şöbəsində 96 saylı nömrə ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 anası X8 himayəsində saxlanması, xx.xx.2011-ci il təvəllüdlü X4 atası İddiaçı alınaraq, anası X8 himayəsinə verilməsi qət edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3886/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı şəxsi işin təhvil verilməsi tələbinə dair iddiası qeyri-mümkün sayılmışdır. - X16 və X17 arasında bağlanılmış müqaviləyə əsasən, X4 təkmilləşdirmə kursu keçməsi barədə razılığa gəlinmişdir. - Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı hal-hazırda atası ilə birlikdə ünvan 4 ünvanında yaşayır. - Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan məlum olur ki, Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2020-ci il tarixli, 2(008)-754/2020 saylı icra sənədinə əsasən, X11 atası İddiaçı alınaraq anası X9 təhvil verilmiş, azyaşlı Maliklə söhbət zamanı onun anası və balaca qardaşı ilə getmək istədiyini bildirmişdir. Tərəflərindən icra hərəkətləri aparılarkən borclu İddiaçı və atası Malik Yaqubov icra hərəkətlərinə mane olmağa çalışmışlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(008)-754/2020 saylı qətnaməsinə əsasən, X7 və İddiaçı birgə nikahından doğulmuş hər iki uşağın – xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 analarının himayəsinə verilmələri qət edilmişdir. Sabunçu rayon İcra Şöbəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi, İddiaçı və atası X15 tərəfindən maneə törədilməsinə baxmayaraq, qətnamə həmin tarixdə icra edilmişdir. Hazırda iddiaçı qanuni qüvvədə olan qətnamənin ziddinə olaraq, X4 faktiki olaraq, onun himayəsində olmasına istinad edib, uşağı öz yaşadığı yer üzrə - 103 nömrəli tam orta məktəbə yazdırmaq üçün şəxşi işinin 107 nömrəli tam orta məktəb tərəfindən ona təqdim edilməsini xahiş edir. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il, 1/3 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən ölkə daxilində İ - İX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir: 3.1.1. Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarımillik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur. 3.1.2. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, 2 iş günü müddətində onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. 3.1.3. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin təhsilalanların siyahısına daxil olması barədə əmr 2 iş günü müddətində verilir. Əmrin surəti şagirdin məktəbin direktoru tərəfindən əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir. Göründüyü kimi, yuxarıda qeyd edilən qərarda İ - İX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi üçün tələb olunan prosedurlar müəyyən edilmiş ardıcıllıqla göstərilmişdir. Lakin işin məhkəmə iclasında müəyyən edilmiş hallarından və iddiaçının izahatından məlum olur ki, İddiaçı uşağı Malik Yaqubovun məktəbinin dəyişdirilməsi üçün həmin qərarda göstərilənləri icra etdiyinə istinad etməmiş, habelə buna dair təsdiqedici sənədi təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın Şagirdin şəxsi işini tənzimləyən hissəsinin 1-ci və 9-cu bəndlərindən görünür ki, bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır. Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı övladının məktəbini dəyişdirmək istəsə də, öz üzərinə düşən hərəkətləri icra etməməklə, hərəkətsizlik nümayiş etdirmiş, bununla belə, cavabdehdən bunun üçün müəyyən hərəkətlərin icrasını tələb etmişdir. Cavabdeh Bakı şəhəri 107 №-li tam orta məktəb tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyi müəyyən edilmir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki işin araşdırılması zamanı əvvəlcə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmirsə, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatmalıdır. Baxılan mülki işdə iddiaçı tərəfindən iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci maddəsinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşımaları üçün zəruri olan bütün şərtlər mövcud deyil. Bu səbəbdən də, Mülki Məcəllənin qeyd olunan norması iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməz. Məhkəmə iddianın əsassız olması qənaətinə gələrkən, iddia tərəfinin ərizə və izahatında göstərilənlərin sübuta yetirilməsinin mülki prosessual qanunvericiliklə onun üzərinə vəzifə olaraq qoyulduğunu nəzərə alır (Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir). Beləliklə, məhkəmə, tələbin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, göstərilənlər hərəkətlər Mülki Məcəllənin 1096.1-ci maddəsində göstərilmiş deliktin mövcud olması üçün asılı edildiyi şərtlərlə uyğunlaşmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri 107 №-li tam orta məktəbə qarşı, X2 müstəqil irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “cavabdehin üzərinə şəxsi işin təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiasının faktiki və hüquqi əsası olmadığından, iddia təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən, Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(008)-754/2020 saylı qətnaməsini nəzərə də nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri 107 №-li tam orta məktəbə qarşı, X2 müstəqil irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “cavabdehin üzərinə şəxsi işin təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3133/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3133/2023
14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver