Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3396/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, DƏDK və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən evinin mülkiyyətçisidir. Onun evində onunla birlikdə arvadı X3, Cavabdeh öz 2017-ci il təvəllüdlü qızı X5 ilə, oğlu X7 arvadı X6 və qardaşı X1 qeydiyyatdadırlar. 2012-ci ildə Cavabdeh ərə getdi və onun evində qeydiyyatda qalaraq, həyat yoldaşı ilə başqa daimi yaşayış yerinə köçdü. Sonralar onların nikahı pozuldu. 2019-cu ildə Cavabdeh şəxsi mülkiyyət hüququ əsasında ünvan 2 ünvanında mənzil aldı və ona Daşınmaz Əmlakın Reyestri xidməti tərəfindən həmin mənzilə 2019-cu ildə Çıxarış verilib. Yuxarı göstərilən mənzili alarkən mənzilin dəyərinin bir hissəsini o, ödəmişdir. Dəfələrlə xahiş etsə də, cavabdeh onun evindən çıxıb öz mənzilində qeydiyyata alınmaq istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsədə, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X4 izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 May küçəsi 18 saylı ev, yeni qaydalarla ünvan 3 ünvanının mülkiyyətçisi İddiaçıdır. Bakı şəhəri Sabunçu rayon İcr Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi inzibati ərazi X2 xx.xx.2025-ci il tarixli 226 nömrəli arayışdan görünür ki, İddiaçı Alifinoviç ünvan 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcar hakimiyyəti Başçısının 144 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasən 28 Aprel küçəsinin adı 28 May küçəsinin adı ilə əvəz edilmişdir. Azərbayan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən xx.xx.2019-cu il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi 12a saylı evin, 10 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh Qəsəbəsi İnzibati Ərazi X2 07 iyul 2025-ci il tarixli 5-18-3/2-54/2025 nömrəli məktubundan görünür ki, nümayəndəliy tərəfindən qəsəbənin Azadlıq küçəsi ev 18 ünvanına baxış keçirilən zaman evdə heçkəs yox idi. Vətəndaş İddiaçı (əlaqə nömrəsi: ***-***-**-**) və onun qızı Cavabdeh (əlaqə nömrəsi: ***-***-**-**) ilə telefon əlaqəsi yaratdıq. Onların hər iksi də bildirdilər ki, 1984-2013-cü illər aralığında Cavabdeh ünvan 8 ünvanında daimi yaşayıb. Lakin Cavabdeh ailə həyatı qurduqdan sonra sözügedən ünvandan başqa evə köçərək bir müddət kirayədə qalıb, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən ev alıb və o, hal-hazırda azyaşlı qız övladı ilə birlikdə həmin ünvanda yaşayır. Buna baxmayaraq ünvan 8 ünvanına mütəmadi olaraq gəlir-gedir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı X7 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş matriallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, sözügen mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının övladıdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçisinin Bilgəh Qəsəbəsi İnzibati Ərazi X2 məktubundan müəyyən edilir ki, cavabdeh doğulduğu tarixdən (1984-cü il) ailə qurduğu tarixədək (2013-cü il tarixədədk) sözügedən mənzildə daimi əsaslar ilə yaşamışdır, Cavabdeh ailə qurduğdan sonra sözügedən mənzili tərk etmiş və həmin mənzil onun daimi yaşayış yeri olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan evdə qeydiyyatda qalması formal xarakter daşıdığından, iddia tələbi təmin edilməli, cavabdehin sözügedən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 May küçəsi, 18 saylı evin, yeni qaydalarla ünvan 9 ünvanına istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsümü iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3396/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3396/2025
13.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver