Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3400/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçınun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sökdüyü divarın tikilməsi, qaz trubasının yerinin dəyişdirilməsi və digər tələblərə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüququ bərpa edilərək, ona məxsus Bakı şəhəri Pirşağı qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin sökülmüş divarının cavabdehin vəsaiti hesabına tikilməsinin, həmin torpaq sahəsinin girişinin qarşısından çəkdirdiyi qaz trubasının yerinin dəyişdirilərək torpaq sahəsinə giriş-çıxışına törətdiyi maneələrə son qoyulmasının, torpaq sahəsinə axıdılan çirkab suyunun axıdılmasına son qoymasının Cavabdeh həvalə edilməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Pirşağı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Şəhadətnaməsinə əsasən, Bakı şəhəri Pirşağı qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi onun istifadəsindədir. Cavabdeh onunla qonşudur. Torpaq sahələri yanbayan yerləşir. İddiaçı öz torpaq sahəsinə şəxsi vəsaiti hesabına 3000 manat məbləğində xərc çəkərək divar hördürmüşdür. 2022-ci ilin oktyabr ayında evə qayıdan zaman öz torpaq sahəsinə aid olan tikdiyi divarın bir hissəsinin söküldüyünü görmüşdür. İddiaçıda olan məlumata görə həmin divarı qonşuluğunda yaşayan Cavabdeh sökmüşdür. İmkanı olmadığına görə divarı yenidən dikdirə bilmir. Cavabdehə sökdüyü divarı yenidən tikdirməsini desə də, o, sökdüyü divarı tikdirməkdən və ya tikilmə xərcini iddiaçıya ödəməkdən yayınır. Həmçinin Cavabdeh həyətinin giriş hissəsindən qaz trubası çəkərək, həyətinə girişini məhdudlaşdırıb. Bundan əlavə Cavabdeh həyətinə çirkab suyunu axıdaraq, həyətini bərbad hala salır. Göründüyü kimi Cavabdeh iddiaçının mülkiyyət hüquqlarnı kobud şəkildə pozur. Belə olan halda hesab edir ki, məhkəmə qaydasında Cavabdeh öhdəliyi həvalə edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçı onun xalasıdır, iddiaçının iddia etdiyi torpaq sahəsi onun anasının yaşadığı evin yanındadır, onun tərəfindən hər-hansı bir hasar sökülməmiş, qaz trubbaları isə dövlət tərəifndən çəkilmişdir. Xahiş edir ki, iddia rədd edilsin. Məhkəmə tərəflrin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh qohumdular. Bakı şəhəri Pirşağı qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair İddiaçı adına Pirşağı Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Şəhadətnamə verilmiş, torpaq sahəsinin uzunluğu və eni göstərilməklə cizgisi tərtib edilmişdir. Məhkəmə tərəfindən əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən böyük bir ərazi hasarlanmışdır, həmin torpaq sahəsinin yaxınlığında cavabdehin anası yaşayır, ərazini əhatə edən təxmini 5-6 daşdan ibarət olan hasarın üzərində qaz trubası çəkilmiş və çirkab suların axıdılması üçün şambo hörülmüşdür. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ifadə verən şahid X1 qeyd etmişdir ki, o, iddiaçının sifarişi əsasında hasar hörmüş, sonra həmin hasarın söküldüyünü görmüş, hasarın cavabdeh tərəfindən söküldüyünü eşitmişdir. Hazırda iddiaçı sökülmüş divarının cavabdehin vəsaiti hesabına tikilməsi, qaz trubasının yerinin dəyişdirilməsi, torpaq sahəsinə axıdılan çirkab suyunun axıdılmasına son qoymasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edildiyi kimi, iddiaçı tərəfindən sahiblik etdiyi torpaq sahəsi müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmiş, torpaq sahəsinin sərhdəlri barədə səlahiyyətli orqan tərəfindən plan və ölçü verilməmişdir. Ümumiyyətlə, iddiaçı hansı əsaslarla iddia etdiyi torpaq saşəsini əldə etdiyinə dair məhkəməyə sənədlər təqdim etməmişdir. İddiaçı yalnız istifadə etdiyi torpaq sahəsinə görə bələdiyyədə vergi ödəyici kimi qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı tərəfindən hasarın cavadeh tərəfindən sökülməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edlidyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3400/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3400/2023
03.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver