Məhkəmə qərarları › İş №2(008)-341/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-341/2020

06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-341/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 21814 manat, X1 avtomobilinə dəyməsi nəticəsindən ona dəyiş 3700 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq isə 2000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti ilə Koroğlu metrosu istiqamətindən Hava Limanı istiqamətinə doğru hərəkətdə olarkən yolun Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, ehtiyyatsızlıqdan öz hərəkət zolağında əvvəl X1 idarə etdiyi “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə yüngül toqquşaraq onun idarə etdiyi “KİA Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə iddiaçı dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən zərər vurmaya aid bədən xəsarətləri almışdır. “Kia Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində zərərçəkmiş şəxs qismində ona yəni, X3 21814 manat maddi ziyan vurulmuşdur. Həmin avtoqəza baş verdikdən sonra müvafiq araşdırılma aparılmış toplanmış materiallar üzrə cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. Cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(008)238/2018 saylı cinayət işi üzrə Bakı şəhər Sabunçu Rayon Mənkəməsində xx.xx.2018-ci il tarixində Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə təqsirli bilinməsi barədə hökm qəbul edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə 21814 manat məbləğində maddi ziyan dəyməsi “X5” MMC tərəfindən ilkin baxış keçirilərək zərər aktı ilə müəyyən olunmuşdur. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, qəza hadisəsi zamanı onun tərəfindən X1 avtomobilinə 3700 manat məbləğində zərər dəymişdir. Bu zərər isə bilavasitə olaraq cavabdehin təqsiri ucbatından əmələ gəlmişdir. Belə ki, onun avtomobilinin qəza hadisəsi zamanı X1 avtomobilinə cavabdehin iddiaçının avtomobilini vurması nəticəsində dəymişdir. Hal-hazırda da X2 iddiaçıdan sözügedən məbləği tələb edir. Hesab edir ki, sözügedən 3700 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin törətdiyi qəza nəticəsində səhhətinə də zərər dəymişdir. Hadisə zamanı keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində onun qəza nəticəsində sağlamlığına dəyən xəsarətlər olduğu bildirilmişdir. Əlavə olaraq səhhətinə dəymiş zərər barədə də müvafiq araşdırılma aparılmışdır. Bu barədə məlumatlar Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 1(008)238/2018 saylı iş materiallarında mövcuddur. Pozulmuş hüquqların bərpası üçün yeganə çıxış yolunun məhkəmə olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və 4536 manat məbləğində sığorta ödənişi aldığını etiraf etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdeh bildirmişdir ki, ziyan onun tərəfindən vurulmayıb, o, hadisə yerinə yaxınlaşdlqda artıq iddiaçı ilə başqa maşın arasında toqquşma olmuşdu. Bundan başqa, məbləğlə də razı deyil, belə ki, iddiaçı 4536 manat sığorta ödənişi almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(008)-238/2018 saylı hökmünün surətindən görürünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci mddəsi ilə təqsirli bilinərək o, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(103)-1448/2018 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 1(008)-238/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Alİ Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-1197/19 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(103)-1448/2018 saylı qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1378/2019 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaları hökmdən xaric edilmişdir. - Kapital bankın hesabdan çıxarışından görünür ki İddiaçı sığorta aktına əsasən 4536,33 manat sığorta ödənişi həyata keçirilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 13331 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Kia Cerato markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1-ci qüsur aktına əsasən təmir-bərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 11846,00 manat və 2-ci qüsur aktına əsasən 8474,00 manat müəyyən edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin idarə etdiyi “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçının idarə etdiyi KİA Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşlar. Həmçinin, iddiaçı həmin qəzadan bir neçə dəqiqə öncə özünün idarə etdiyi avtomobil ilə X1 idarə etdiyi “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq qəza vəziyyəti yaranmışdır. İşin mübahisəli halı baş verən avtonəqliyyat vasitələri nəticəsində iddiaçıya dəyən ziyanın cavabdeh tərəfindən vurulub vurulmaması və həmin ziyanın hansı məbləğdə olmasıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən göründüyü kimi Cavabdeh qeyd olunan avtomobil qəzası zamanı hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması müəyyən olunmuş, dolayısı ilə onun təqsirli olması müəyyən edilmişdir. Sözügedən hökm qanuni qüvvəsini almışdır. Cavabdehin iddia tələbinə etrazında əsas gətirdiyi dəlil ondan ibarətdir ki, cavabdehin avtomobilinə dəyən ziyan onun təqsiri nəticəsində yaranmamış, tərəflərin avtomobillərinin toquşmasından öncə “KİA Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində yaranmışdır. Məhkəmə cavabdehin bu dəlilinə münasibət bildirərək qeyd eir ki, Sabunçu Rayon Məhkəməsinin adiçəkilən qanuni qüvvəsini almış hökmü ilə müəyyən olunmuşdur ki, (5-ci səhifə)“KİA Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes- Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması zamanı heç bir şüşəsi sınmamışdır. Bununla da müəyyən edilir ki, iddia tələbində qeyd edilən ziyan məhz cavabdehin təqsirli hərəkəti nəticəsində yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibi olduğu avtomobilə dəyən mələğin ümumilikdə 20320 manat olması isə məhkəmə tərəfindən təyin olunan ekspertiza nəticəsində verilmiş ekspert rəyində öz əksini tapır. Həmçinin məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı onu da qeyd edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən keçirilmiş ekspertiza üzrə müəyyən edilmiş zərərdən yəni, 20320 manat məbləğdən 4536 manat sığorta ödənişi çıxılaraq qalmış 15784 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən iddiaçıya ödənilən 4536 manat pulu tələb etmək hüququ artıq həmin məbləği iddiaçıya ödəyən sığorta şirkətinə keçmişdir. Hazırki mülki iş üzrə “KİA Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması zamanı iddiaçının irəli sürdüyü 3700 manat borcun ondan tutulması faktı müəyyən edilməmişdir. Belə olan təqdirdə iddiaçının hazırki Cavabdeh həmin pulu tələb etmək hüququ yaranmamışdır. Çünki, “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyana görə kimin təqsirli olması, dəyən ziyanın məbləğinin müəyyən olunması halları araşdırılmamış və hazırki iddia tələbi çərçivəsində bu hallara məhkəmə qiymət verə bilməz. İddia tələbinin mənəvi zərərə görə 2000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər dəyməsini təsdiq edən sübutlar təqdim edilməmişdir və bu səbəbdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin rədd edilməsi barədə məhkəmnin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurlmuş maddi ziyanın əvəzi olaraq 15784 (on beş min yeddi yüz səksən dörd) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı Vəfər oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar