Məhkəmə qərarları › İş №2(008)-3509/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3509/2022

05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3509/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “İddiaçı Cavabdeh qarşı əmlaka “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat, dəymiş mənəvi zərərin əvəzi olaraq isə 10.000 (on min) manat və iddianın verilməsi ilə bağlı ödənilmiş 150 (yuz əlli) manat dövlət rüsumunun, cəmi 14.150 (on dörd min yüz əlli) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X3 xx.xx.2013-cü ildə Cavabdeh ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. X5 yadigar olaraq ona qızıl saat qalmışdır. Həmin qızıl saatı yalnız bayramdan bayrama, toy və məclislərə gedərkən qoluna bağlamışdır. Dəyərli və bahalı saat olduğundan oğlu Cabbarov Emil də arada həmin saatı toylara gedərkən qoluna bağlayırdı. Sonuncu dəfə 2019-cu ilin payız aylarında Emil toy məclisinə getdiyi zaman qızıl saatı qoluna bağlamaq üçün ondan götürmüş, sonradan pandemiya olduğuna görə toy və sairə xeyir iş və toy məclislərinin təşkili qadağan olunduğundan həmin saatdan istifadə etmədiyinə görə oğlunda qalmışdır. Bu saat ailədə nəsildən nəsilə keçən əmanət hesab olunurdu. 2021-ci iln fevral ayında oğlu Cabbarov Emil ilə gəlini Cavabdeh arasında münasibət pisləşmiş, X. Cabbarovanın oğluna qarşı xəyanəti səbəbindən oğlu Cavabdeh şəxsi əşyalarını toplamaq və evi tərk etmək üçün 1 gün vaxt vermişdir. Cavabdeh öz şəxsi qızıl və zinət əşyalarını yığarkən özu dəqiq bildiyi halda, ona məxsus olan, atasından xatirə kimi qalan qızıl korpuslu, qızıl qolbaqlı saatını da icazəsiz və gizlin götürüb aparmışdır. Bununla bağlı o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsində bu barədə təhqiqat aparılarkən, Cavabdeh polis bölməsində izahat verərək bildirmişdir ki, guya o, 2014-cü ildə o hamilə olanda bu saatı ona bağışlamışdır. Bu səbəbdən də o, evdən çıxanda həmin saatı götürmüş, sonda isə 2021-ci ilin iyun ayında Gənclik metrosunun yaxınlığında yerləşən dükanların birində 3.900 (üç min doqquz yüz) manata satmışdır. Bu izahat Suraxanı RPİ 32 polis bölməsinin 24 sentyabr 2021 tarixli qərarında ( qoşma 4) qeyd edilir. Lakin saatın ona bağışlanılması iddiası yalan və absurddur. Onun hər hansı bir şəxsə bağışlanılması barədə söhbət onların ailə daxilində ümumiyyətlə heç vaxt olmayıb, başdan ayağa qədər cəfəngiyyatdır. Birincisi saat atasından ona yadiğar olaraq qalmışdır, xüsusi relikt mənası var, onun mənəvi dəyəri onun üçün qiymətsizdir. İkincisi oğlu, qızı ola-ola o, hansı səbəbdən kişi qol saatını gəlinə bağışlamalıdır? Buradan da aydın olur ki, Cavabdeh ona məxsus olan, atasından yadigar qalan qızıl saatı icazəsiz və gizlin götürüb aparmışdır. Təhqiqat vaxtı tərəfindən təklif olunmuşdu ki, saat əgər lombarda qoyulubsa onun mənəvi dəyəri daha önəmli olduğuna görə, o, onun pulunu ödəyərək saatı götürməyə də razıdır. Nəticədə, Cavabdeh ona həm ailələrinə maddi, həm də bundan daha artıq mənəvi ziyan vurmuşdur. Onun 65 yaşı var. Atası rəhmətə getməmişdən öncə bu qızıl saatı ona bağışlamışdı. O, onu çox səliqəli saxlayaraq 90-cı illərin maddi çətinlikləri vaxtı qoruyaraq düşünürdü ki, nə vaxtsa o, da oğluna bağışlayacaqdır. Lakin Cavabdeh onu onun üçün xüsusi dəyəri olan əşyadan məhrum elədi və arzunu məhv etdi. Bu səbəbdən hesab edir ki, ailəyə əmanət qalmış saatın ona qaytarılmasını, olmadığı halda ( satıldığı, bağışlanıldığı, girov qoyulduğu və s. hallarda) Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat pul vəsaiti və dəymiş mənəvi zərərin əvəzi olaraq (mənəvi iztirablar, sarsıntılar) 10.000 (on min) manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək maddi zərərin əvəzi olaraq 4000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat, iddianın verilməsi ilə bağlı ödənilmiş 150 manat dövlət rüsumu və hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 501 manat məbləğində pulun, cəmi 14651 manat pul vəsaitinin Cavabdeh Füzuli qızından tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili X10 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, doğurdan da qeyd edilən saata qaynatasına məxsus olmuşdur. Lakin həmin saat o hamilə olduğu dövürdə qaynatası tərəfindən ona hədiyyə olunmuşdur. O, həyat yoldaşından ayrılığı zaman digər əşyaları kimi ona hədiyyə olunmuş qol saatınıda özü ilə aparmışdır,. Lakin maddi çətinliyi olduğu zaman isə həmin saatı qızıl mağazsına gedərək 3900 manata satmış, zəruri ehtiyaclarını qarşılamışdır. Eyni zamanda cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Emil adlı bir oğlu var. O, onun oğlu ilə 2013-cü ildə ailə həyatı qurmuş və onlar ailə həyatı qurduqdan sonra iddiaçıdan ayrı ünvanda yaşamağa başlamışlar. 2014-cü ildə o, hamilə qalmış və onun hamilə olduğunu iddiaçı öyrəndikdə o ona qızıl qol saatı hədiyyə etmişdir. Həmin vaxtdan qızıl qol saatı ona məxsus olmuş və heç vaxt iddiaçı və ya onun oğlu istifadə etməmişdir. Çünki onlar ailə həyatı qurduqdan sonra ayrı-ayrı evlərdə yaşamışlar, həmin saat daima onda olmuş, o onu yataq otağının ona aid olan əşyaların yanında saxlayırmış, digər tərəfdən Emilə də o nişanlı olduğu vaxtda qızıl qol saatı hədiyyə etmiş və Emil yalnız ona hədiyyə etdiyi həmin saatdan istifadə edirdi. İddiaçı onun barəsində 32-ci Polis bölməsinə şikayət etdiyi zaman həmin saatı oğurladığını bildirmişdir. Lakin o, Polis bölməsində verdiyi izahatında həmin saatın 2014-cü ildə İddiaçı tərəfindən ona hamilə olduğu üçün hədiyyə olunduğunu, saatı oğurlamadığını, saatın 2014cü ildən onda olduğunu, saatı yataq otağında şəxsi əşyaları ilə birlikdə saxladığını, saatın ona məxsus olduğunu və 2021-ci ilin iyun ayında satdığını bildirmişdir. Qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin saatın kişi saatı olduğunu və oğlu olduğu halda nə üçün ona hədiyyə etdiyini sual kimi göstərmişdir. İlk növbədə bildirir ki, hər hansı bir əşya hədiyyə olunanda onun hansı cins tərəfindən istifadə olunacağı göz önünə alınmır. Əsas həmin hədiyyənin mənəvi dəyərə (saatın baba tərəfindən doğulacaq uşağın sevinci ilə bağlı hədiyyə olunması) söykənmiş olması vacibdir. Çünki sözügedən qol saatı ona hədiyyə olunan zaman o, hamilə idi və bətnimdəki uşağın oğlan və ya qız olduğu məlum deyildi. İddiaçı həmin saatı ona hədiyyə etdiyi zaman bir oğlu olduğunu, oğlunun övladının dünyaya gələcəyini, bununla sevincli olduğunu, o da oğlunun həyat yoldaşı olduğunu, dünyaya yeni ailə üzvü gətirəcəyini bildirərək istifadə etdiyi saatı ona hədiyyə etdi. İddiaçı həmin saatdan istifadə etməsinə dair yalnız 2013-cü ildə çəkilmiş foto şəkil təqdim etmiş, 2013-cü ildən sonra isə iddiaçı və ya oğlu Emil həmin saatdan istifadə etməsinə dair hər hansı bir sübut, o cümlədən foto şəkil təqdim edə bilməmişdir. Bundan başqa məlum olduğu kimi o, iddiaçının oğlundan 2021-ci ilin fevral ayında ayrılmışdır. Əgər 2019-cu ildən həmin saat iddiaçının oğlu Emil istifadə edirdisə və iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi əgər onlar xəyanət üstündə ayrılmışsa, bu zaman Emil o ondan ayrıldığı gün saatın yoxa çıxdığını bildirməli idi. Lakin iddiaçı o onun oğlundan ayrıldığı gündən 6-7 ay sonra onun barəsində 32-ci Polis bölməsinə şikayət etmişdir. Əslində iddiaçının istəyi qol saatı deyil, onların bu günədək istəyi onu xəyanət etməkdə, oğurluq etməkdə, böhtan atmaqda, təhqir etməkdə ittiham etmək və bunun nəticəsində də uşaqlarını ondan alıb Emilin himayəsinə verməkdən ibarət olmuşdur. Çünki qeyd olunan ittihamlarla bağlı həm iddiaçının, həm də Emilin ona qarşı şikayətləri olmuşdur. Ona qarşı verilən şikayətlər isə məqsədli şəkildə olmuşdur. Uşaqlar ondan alınsın və Emilin himayəsinə verilsin. Niyyət, məqsəd yalnız bundan ibarət olmuşdur. Lakin bu günədək haqqədalət zəfər çalmış və hər dəfə onların ona qarşı əsassız şikayətləri rədd edilmişdir. Hesab edir ki, hazırki iddia tələbi də qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, X1 şikayəti üzrə X2 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmenti olan qol saatı həqiqətən iddiaçıya məxsus olmuşdur. Cavabdeh isə iddiaçının gəlini olmuşdur. İddiaçının gəlini ilə oğlu arasında münasibət pisləşmiş, cavabdeh iddiaçının oğlu ilə ayrılaraq evi tərk etmişdir. O evi tərk edən zaman öz əşyaları ilə bərabər iddiaçıya məxsus olan qol saatını da özü ilə aparmışdır. Daha sonra cavabdehin maddi çətinliyi olduğundan qeyd edilən qol saatını 3900 manata qızıl mağazasında sataraq, əldə etmiş gəliri zəruri ehtiyaclarına xərcləmişdir. Cavabdeh məhkəmə iclasında qeyd edilən saatın ilkin sahibinin qaynatası olsa da, həmin saatın, iddiaçı tərəfindən ona hədiyyə edildiyini bilirsə də, qeyd edilən saatın cavabdhə iddiaçının hədiyyə etməsini təsdiq edəcək hər hansı bir sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qol saaatının dəyərinin tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 3900 (üç min doqquz yüz) manat dəymiş maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 150 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 500 manat vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli 100 manat vəkil xərci əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 3900 (üç min doqquz yüz) manat dəymiş maddi ziyan, 100 (bir yüz) manat vəkil xərci və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar