Məhkəmə qərarları › İş №2(008)-3533/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3533/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3533/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 800 manat məbləğində maddi və mənəvi zərərin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 ildir ki, Bakı Metropoliteninin “Koroğlu” stansiyasında nəzarətçi vəzifəsində çalışırdır. xx.xx.2022 tarixində saat 800-da işdən evə getmək üçün "xxxx" Metro stansiyasının yanından Bakı Nəqliyyat Şirkətinin "xxxx" MMC-yə məxsus dövlət qeydiyyat nişanı **-JX-*** 35 olan №-li avtobusuna əyləşmişdir. Bakıxanov qəsəbəsində S.Mehmandarov və X.Xasməmmədov küçələrinin kəsişməsində yerləşən “Zəfəran” apteki qarşısındakı dayanacaqda enmək üçün 10 m qalmış yerindən qalxmışdır. Bu anda sürücü əyləci qəfildən işə saldığından və sükanı sərt şəkildə döndərdiyindən müvazinətini saxlaya bilməmişdir. Avtobusun salonunda döşəməyə sərilmişdir. Zərbənin təsirindən sol qolu çiynindən çıxmış və sınmışdır, alnını və qaşının üstünü qan götürmüş, üzündə şiş əmələ gəlmiş, sinəsində şiddətli ağrı yaranmışdır. Telefon zəngi ilə qəza yerinə yetişən Təcili Yardım maşını ilə onu Sabunçudakı 3 №-li şəhər xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılmşdır. Orada böyük çətinliklə çıxan sol qolunu çiyin nahiyəsindən yerinə salınmış, gips məhlulu ilə sarıyıb ambulator müalicə üçün evə göndərmişlər. Sabunçu RPİ-nin Famil və Bəkir adlı iki əməkdaşı operatib surətdə xəstəxanada hadisə ilə bağlı ifadəsini almışlar. Bir neçə saatdan sonra qəzaya səbəbkar olan sürücü İddiaçı yoldaşına zəng etmişdir. Həyat yoldaşı (xəstəxanada o da onunla idi) vəziyyətinin ağır olduğunu, həkim- travmatoloqun sözlərinə istinadən bəlkə də əməliyyat olunaraq cərrahi yolla sınan qoluma dəmir-implant qoyulacağını söyləmişdir. Sürücü telefonu söndürüb bir daha onunla əlaqə saxlamamışdır. Bakı X1 Günelin sorğusuna cavab olaraq yalnız məktubla o bildirib ki, müvafiq qaydada araşdırma aparılır. Lakin ötən müddət ərzində ona Agentlikdə aparılan araşdırmanın nəticəsi barədə bildiriş gəlməyib. Sürücüdən isə ümumiyyətlə xəbər olmamışdır. Onu təəccübləndirən onun vicdansızlığı, törətdiyi əmələ laqeyd münasibətidir. Damarında azərbaycanlı qanı axan kəs belə etməməlidir. Yəni millətində insani təəssübkeşlik, mənəvi dəyərlərə sayqı bu dərəcədə ucuzlaşıb? Müalicəni sahə həkiminin məsləhəti ilə ev şəraitində iynə-dərmanlarla davam etdirmişdir. Sol qolu ətraf barmaqlardan çiyin qurşağınadək 44 gün ərzində qips sarğısında qalmpışdır. Rentgen görüntülərinin dəqiqliyini müayinə etmək üçün qolunun gipsi 3 dəfə dəyişdirilmiş və hər dəfə sınan nahiyə xüsusi mazla sürtülmüşdü. Fiziki ağrının şiddətini azaltmaq üçün 5 sutka ərzində yüksək təsirli ağrıkəsici iynə-dərman (gündə 2 dəfə olmaqla, hormonal pozğunluq yaratdığından çox vurulduqda əkstəsir göstərə bilər) vurulmuşdur. Təxminən 48 gün iş qabiliyyətini itirdiyindən işdə yeni il üçün işçilərə verilən pul mükafatından (135- 140 manat həcmində) və gecə növbəsində işləməyə görə əlavə pul ödənişindən məhrum olmuşdur. Sabunçu RPİ İstintaq şöbəsinin müstəntiqi mayor Elvin Nəsibov HK-1/1464 №-li istintaq materialı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə olayın texniki ekspertizasının aparılması ilə bağlı xx.xx.2023 tarixli məktubla müraciət etmişdir. Lakin adı keçən qurumun cavabında texniki ekspertizanın keçirilməsinin təmin olunmayacağı bildirilir. İmtina sürücünün əyləcdən qəfil istifadəsi zamanı sərnişinin avtobusun salonuna yıxılması və dərəcəsindən asılı olmayaraq xəsarət alması sərnişinin özünün müvazinətini saxlaya bilməməsi ilə əsaslandırılır. Bu səbəbdən, yəni olayın yolnəqliyyat hadisəsi olmadığı cavabını əsas götürərək Sabunçu RPİ İstintaq şöbəsində hadisə ilə bağlı cinayət işinin qaldırılması rədd edilmişdir. Sərnişinin dinc şəraitdə bədən xəsarəti alması cinayət əməlinin nəticəsi deyilsə, sürücünün səhlənkarlığının, diqqətsizliyinin, səriştəsizliyinin, sürət həddini aşmasının və s. səbəbindən baş verib. Sürücü öz ifadəsində qarşısına maneə kimi “Mersedes” avtomobilinin çıxdığını və onunla toqquşmamaq üçün əyləcdən qəfil istifadə etməsini və kəskin manevr etdiyini göstərir. Əgər avtobusun sürücüsü Cavabdeh qarşısına çıxmış maneə ilə toqquşmuş olsaydı hadisənin günahkarı “Mersedes” avtomobilinin sürücüsü də ola bilərdi və bu halda tərəflərdən biri sığorta təzminatını ödəməli olacaqdı. Yol boyu avtobusu kəskin manevrlərlə sürən, qapıları sərnişinlərin tam enməsini gözləmədən bağlayan Cavabdeh nə olur sərnişinə olsun, təki maşın xəsarət almasın məntiqi ilə hərəkət edib. Düşünmür ki, “Mersedesin” içindəkilərini avtomobilin metal örtüyü qoruyur, sərnişini isə qoruyan yalnız əynindəki geyimidir. Cavabdeh təhqiqat mərhələsində verdiyi ifadə istehza doğurur; guya hadisənin baş verdiyi an avtobus saatda 10-20 km sürətlə hərəkət edirdi. O, yəni o dərəcədə zəifdir ki, o surətdə müvazinətini saxlaya bilməyib avtobusun salonuna yıxılaraq ağır xəsarət almışdır. İndiyə kimi nə təhqiqatçılara, nə də ona avtobusun daxilində yerləşdirilmiş Videomüşahidə kamerasının görüntüləri göstərilmədiyindən sürücünün ifadəsinin nə dərəcədə doğru olduğunu, həqiqətən də qarşısına maneənin çıxıb-çıxmadığını bilmir. Avtotexniki ekspertizanı keçirməli olan qurumun nümayəndəsinin nəzərində nəqliyyat vasitəsi hər hansı kənar obyektlə fiziki təmasda olmayıbsa vətəndaşın sağlamlığına dəyən xəsarət yolnəqliyyat hadisəsi sayılmır. Onların məntiqi ilə onun xəsarəti avtobusun “Mersedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində olsaydı, o halda yol-nəqliyyat hadisəsi sayılar və texniki ekspertiza keçirilərdi. Belə çıxır ki, məsələn, sərnişin avtobusa minərkən və ya düşərkən bədən üzvləri (qolu, başı, ayağı) qəfil bağlanmadan qapı arasında sıxışaraq xəsarət alarsa buna sürücü cavabdeh deyil? Onun başına gələnlərdə sürücü inzibati və mülki-hüquqi məsuliyyət daşıyır; o, onun idarə etdiyi avtobusa gediş kartını vuraraq sağlam minib şikəst halda düşmüşdür. Sürücü təkcə idarə etdiyi ictimai nəqliyyat vasitəsinin vəziyyətinə cavabdeh deyil, eyni zamanda daşıdığı sərnişinlərin həyatına da cavabdehdir; bunun üçün o bir neçə kateqoriya üzrə imtahan verib. Hadisədən 100 gündən artiq vaxt keçib. Sabunçudakı 3 №-li şəhər xəstəxanasında tibbi ekspertizanı keçirmiş həkimin ona dediyi sözlər təsdiqini tapıb. Xəsarət alan sol qolunun sınığı birləşsə də, hərəkəti məhduddur, tam açılmır, rütubətli havalarda yeri ağrıyır və indiyədək ağrını azaltmaq üçün Ketanol mazı sürtür, onun isə effekti azdır. Respublika Travmataloğiya xəstəxanasında onu müayinə edən həkim məsləhət bilir ki, Naftalanda müalicəvi vanna almışdır, lakin buna maddi imkan əl vermir. Qolunun gec sağalmasının bir səbəbi də şəkər xəstəsi olmağıdır. 10 ildən artıqdır ki, şəkər xəstəsi kimi daimi qeydiyyatdadır və Bakıxanov qəsəbəsində yerləşən 11 №-li Poliklinikada mütəmadi olaraq dərmanlarını və müalicəsini alır. Baş verən hadisə səbəbindən stress keçirir və bu da şəkərin və təzyiqin qalxmasına təsir göstərib. Onun sağlamlığına - həkim müayinələrinə, müalicəyə, o cümlədən dərman preparatlarının alınmasına, nəqliyyatda gedişə çəkilən xərclər nəzərə alınmaqla 400 manat məbləğində zərər vurulmuşdur. Sağlamlığına vurulmuş az ağır zərərin yaratdığı fəsadlar onda stress, şəkərinin və təzyiqinin yüksəlməsinə, ürək döyüntülərinin artmasına gətirib çıxarmışdır. Sadalanan hallar davamlı xarakter aldığından tez-tez evdə ailədaxili kofliktlər yaranır. Nəticədə o, mənəvi sarsıntı keçirmiş və bu mənəvi zərəri 500 AZN məbləğində dəyərləndirmişdir. Bütövlükdə, ona dəymiş maddi və mənəvi zərərin məbləği 900 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı öz tələbində xx.xx.2022-ci il tarixində saat 8:30 radələrində 35 saylı şəhər daxili marşrut xətti üzrə xidmətdə olan avtobusda sərnişin qismində olarkən onun qarşısına Mersedes markalı avtomobil çıxarkən o qəzanın qarşısını almaq üçün əyləcdən istifadə etmişdir. Sərnişin bu zaman oturacaqdan durmuş və tutacaqdan tutmadığı üçün yıxılaraq xəsarət almışdır. O, sərnişinə təcili tibbi yardım çağırmışdır. İddiaçı israrla evə getmək istədiyini bildirmişdir. Həmin gün Sabunçu rayon polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının ərizəsinə əsasən PŞ araşdırma aparıb müvafiq ekspertiza təyin edilib və iddiaçının aldığı xəsarət dərəcəsi müəyyən edildikdən və onun ifadəsi alınıb tam araşdırma aparıldıqdan sonra Sabunçu R.P.Ş. cinayət işinin başlanmasını rədd etməsi haqqında qərar qəbul edilir. Həmin qərarda əks etdirilən və tərəflərin materiallarında olan ifadələrindən məlumdur ki, iddiaçı hadisə baş verən zaman avtobusun orta qapısının yaxınlığında hərəkət zamanı ayağa qalxaraq heç bir dayaq dəstəyindən tutmayıb, bir sərnişin kimi öz təhlükəsizliyini təmin etməyib. Sərnişin yıxılaraq xəsarət almasında onun heç bir günahı yoxdu. Bu hadisənin görüntüsü idarə etdiyi avtobusun güvənlik kamerasında öz əksini tapmışdır. Göründüyü kimi, iddia ərizəsini və ona əlavə edilmiş qoşma sənədləri diqqətlə oxuyub, hüquqi məntiqlə təhlil etdikdə tam aydın olur ki, elə həmin sənədlərin özündə iddianın rədd edilərək məhkəmə icraatına xitam verilməsinə dair kifayət qədər əsaslar vardır. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Sabunçu Rayon Şöbəsinin 02/2932 ekspert rəyinin surətindən görünür ki, İddiaçı sol bazu oynağında orta dərəcəli kontraktura ilə zədələnən sol bazu sümüyünün cərrahi boynunun qapalı sınığı müəyyən edilmişdir. Xəsarət bərk küt təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022ci il şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bildiyi və dərəcəsinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət alması faktında cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-52-1/27-0016328/2023 nömrəli məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən qeydə alınan video görüntüyə baxılmış və avtobusun qarşısına digər nəqliyyat vasitəsinin çıxması sbəbindən sürücünün qəzadan qaçmaq məqsədilə sərt əyləcdən istifadə etdiyi müəyyən edilmişdir. Əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bülleten açılmış, iddiaçı əmək qabiliyyəti olmamışdır. İddiaçı və cavabdeh tərəfindən təqdim edilən video disk materiallarından hadisənin baş vermə anı görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2-ci maddəsinə əsasən İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, İddiaçılarnın fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etmiş olduğu avtobusda olarkən, cavabdehin qarşısına başqa bir nəqliyyat vaistəsi çıxmış olduğundan o, yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi ilə əyləci sərt basmışdır. Bu zaman ayaq üstə olan iddiaçı əyləcin sərt basılması nəticəsində müqavimətini itirərək yıxılmış və sağlamlığına zərər dəymişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 41-ci maddəsində qeyd edilmişdir ki, nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minibdüşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın). Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh əyləci sərt basması onun təqsiri üzündən deyildə, qarşısına çıxan başqa bir avtomobil ilə toqquşmasının qarşısını almaq məqsədi ilə olmuş olduğundan, sürücünün təqsiri müəyyən edilməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı hadisə nəticəsində onda maddi və mənəvi olaraq 800 manat məbləğində zərər dəymiş olduğunu bildirsədə, zərərin məbləğini təsdiq edəcək möhtəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öhdəsinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçınun cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi v ə mənəvi ziyanın ödənilməsi” tələbinə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar