Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3645/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi (anası) X1, Cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus qonaq otağı üçün 1ədəd divan - dəyəri 150 manat; mətbəx üçün mebel 3 metr ölçüdə dəyəri - 700 manat; “Ezel” markalı qaz sobası dəyəri -110 manat, əl-üz yuyan dəyəri - 50 manat; çay dəsti - sevis dəyəri - 300 manat; qonaq otağı üçün 3 ədəd çıl-çıraq dəyəri - 500 manat; damla dolab ceviz krem rəngli 1 ədəd, dəyəri - 799.99 manat; damla çarpayı ceviz krem rəngli, 1 ədəd dəyəri - 349 manat; damla trumo ceviz krem rəngli, 1 ədəd dəyəri - 269.99 manat; damla tumba ceviz krem rəngli 2 ədəd dəyəri - 119.99 manat; döşək ECOLİNE 1600x2000 sm ölçüdə, 1 ədəd dəyəri - 229.99 manat; 2 ədəd qara rəngli termo dəmiri və 1 ədəd çarpayı dəmirindən ibarət əşyaların cavabdehdən alınaraq verilməsi; həmin əşyalar cavabdehdə olmadıqda onların dəyərinin tutularaq mənə verilməsi; dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 51 manat rüsumun cavabdehdən alınaraq ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X10 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdehin yaşadığı ünvan 1-ya gəlin köçmüşdür. Nikaha daxil olarkən münasibətləri yaxşı olsa da, sonradan cavabdehin iddiaçıya qarşı münasibəti pisləşmiş və nəticədə cavabdeh iddiaçını xx.xx.2021-ci il tarixdə evdən qovmuşdur. Cavabdeh onu evdan qovduqdan sonra bütün cehiz əşyaları cavabdehin evində qaldı və o, həyat yoldaşı X10 ilə birlikdə valideynlərinin yaşadığı evə köçməyə məcbur oldu. Gəlin köçərkən cavabdehin yaşadığı mənzilə cehiz apardığı əşyaların qaytarılmasını cavabdehdən tələb etsə də cavabdeh həmin əşyaları qaytarmır. Sözügedən əşyaral aşığıdakılardır: Qonaq otağı üçün 1ədəd divan - dəyəri 150 manat, mətbəx üçün mebel 3 metr ölçüdə dəyəri - 700 manat, “Ezel” markalı qaz sobası dəyəri - 110 manat, əl-üz yuyan dəyəri - 50 manat, çay dəsti - sevis dəyəri - 300 manat, qonaq otağı üçün 3 ədəd çıl-çıraq dəyəri - 500 manat. Damla dolab ceviz krem rəngli 1 ədəd, dəyəri - 799.99 manat; Damla çarpayı ceviz krem rəngli, 1 ədəd dəyəri - 349 manat; Damla trumo ceviz krem rəngli, 1 ədəd dəyəri - 269.99 manat; Damla tumba ceviz krem rəngli 2 ədəd dəyəri - 119.99 manat; Döşək ECOLİNE 1600x2000 sm ölçüdə, 1 ədəd dəyəri - 229.99 manat; Termo dəmiri qara 2 ədəd; Çarpayı dəmiri 1 ədəd. Cavabdeh ilddia ərizəsinə etiraz vermişdir. Həmin etiraza əsasən iddia tələbi tamamilə əsassızdır. Belə ki, AR Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd edilməlidir. İddiaçının iddia ərizəsində iddiaçı və cavabdehin şəxsiyyət vəsiqələrinin seriya və nömrələri əks olunmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları cavabdehdə yoxdur, ki həmin əşyaları tələb etsin. İddiaçı iddia ərizəsində onun evdən qovuludıığunu qeyd edir. Lakin iddiaçını evdən qovan olmayıb, o, könüllü sıırətdə evi tərk edib, cavabdehin evində yaşamaq istəməyib. Evdən gedərkən qızıl-zinət əşyalarını, o cümlədən cehiz əşyalarını aparıb. Cehiz əşyaları maşına yüklənərək aparılıb. Bununla bağlı, şahidlər də mövcuddur. İddiaçı öncə iddia ərizəsində qeyd etdiyi müxtəlif adda cehiş əşyalarının mövcudluğunu və əşyaların ona məxsus olmasını sübut etməlidir. AR Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: iddiaçı cavabdehdən qaytardmasmı tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir. 1-ci dispozisiya şərtinə əsasən, iddia ərizəsində qeyd etdiyi əşyaların onun mülkiyyətində olmasını sübut etməlidir. iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Əşyaların digər şəxsin qanunsuz sahibliyinə keçməsi üçün sübuta yetirilməsi tələb edilən bir hadisə olmalıdır. Başqa sözlə, iddiaçı evdən çıxarkən həmin əşyaları götürmək imkanı mövcud olmaya, yəni, öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanı qadının iradəsindən asılı olmayaraq məhdudlaşdırıla bilər (məsələn, zor tətbiq edilməklə evdən qovulması, öz əşyalarını götürmək imkanından başqa cür maneələr yaradılmaqla məhrum edilməsi, Lakin bu cür vəziyyətdə iddiaçı istinad etdiyi bu hadisələrin baş verdiyini, yəni həqiqətən də birgə yaşadıqları evi əşyalarını özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməlidir. Belə sübut iddiaçının dərhal polisə etdiyi şikayət, həmin şikayətin araşdırılması nəticəsində müəyyən edilən hallar və s. ola bilər. Lakin belə hallar mövcud deyil. İddiaçı evdən qovulduğunu qeyd etsə, bununla bağlı da sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (anası) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Onlar qeyd etilər ki, evdən köçərkən balaca bir maşın tutmuş, müəyyən əşyaları həmin maşina yükləyə bilmişdilər (soyuducu, mətbəx mebelə, müəyyən qab-qacaq), lakin iddia tələbində qeyd etdikləri cehiz əşyalarını apara bilməmişdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X8 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. 02 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək qeyd etmişdir ki, iddiaçı bütün cehiz əşyalarını qabqarıb aparmış, onun evində heç bir əşya qalmamışdır. Həyətdə kamera olsa da, həmin günə dair kamera görüntüləri artıq silinmişdir. 02 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X10 ifadə verərək qeyd etdi ki, iddiaçının əridir, 19 iyun 2021-ci il tarixdə toyları olmuş, iddiaçı evə cehizləri gətirmiş, sonradan anası ilə Rəşanin arasında mübahisələr başlamış, 23 sentyabr 2021-ci il tarixdə münaqişə olmuş və onlar başqa evə köçmüşlər. Hətta həmin gün o, qardaşları tərəfindən döyülmüşdür. Evdən çıxarkən xırda əşyaları götürmüş, lakin mebellər qalmışdır. Düşünür ki, anası bütün cehiz əşyalarını satmışdır. Həyətlərində kamera var, lakin anası həmin günə aid kamera görüntülərini ortaya çıxartmır. 22 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadə verərək qeyd etdi ki, o, cavabdehin oğludur, iddiaçı və qardaşı evdən özləri köçmüşlər, o və bir neçə digər şəxs 8 adda, ağ rəngdə olan cehiz əşyalarının hamısını maşına yığmağa kömək etmişlər, evdə heç bir əşya qalmamışdır. Aralarında heç bir mübahisə olmamış, hətta həyətdə kamera var, lakin uzun müddət keçdiyindən görüntülər silinmişdir. Həyətdə kamera olsa da, həmin günə dair kamera görüntüləri artıq silinmişdir. Həmin məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadə verərək qeyd etdi ki, o, cavabdehin qonşusudur, daim bir-birinin evlərinə gedib-gəlirlər. İddiaçının köçdüyü gün evin yanından keçəndə həyətdə yük maşınını görmüş, lakin dayanıb çox baxmamışdır. Maşına hansı mebellərin yığıldığını görməmiş, sadəcə maşın gedəndən sonra cavabdehin evinə daxil olmuş və evin boş olduğunun şahidi olmuşdur. Həmin məhkəmə iclasında iştirak etmiş şahid X11 ifadə verərək qeyd etdi ki, o, iddiaçının əri Osmanın sinif yoldaşıdır. 23 sentyabr 2021-ci il tarixdə Osmanın qardaşı İslam ona zəng edərək köməyə çağırmış,həmin gün onlar bütün cehiz əşyalarını maşına qoymuşlar, evdə heç bir mebel qalmamışdır. Mebellərin nə olduğunu tam dəqiq xatırlamır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Məmmədova (Babayeva) Rəşanə Ramin qızı xx.xx.2003-ci il tarixdə doğulmuşdur, anası X2r. Məmmədova (Babayeva) X7 Osman Natiq oğlu ilə xx.xx.2022-ci il tarixdə nikahlarını bağlamışdılar. Lakin, onların faktiki nikahda olmaları daha öncədən olmuşdur, Rəşanənin nikah yaşına çatmadığından nikah sonradan rəsmiləşdirilmişdir. Bu işin mübahisəsiz halıdır. Cavabdeh, onun oğlu – iddiaçının əri X10 ünvan 1 ünvanında qeydiyyaitda olmaqla yaşayırlar. İddiaçının anası X6 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanına (icavabdehin yaşadığı ünvana) çatdırılma şərtilə aşağıdakı əşyaları əldə etmişdir: Damla dolab ceviz krem rəngli 1 ədəd, dəyəri – 559,99 manat; Damla çarpayı ceviz krem rəngli, 1 ədəd dəyəri – 249,99 manat; Damla trumo ceviz krem rəngli, 1 ədəd dəyəri – 188,99 manat; Damla tumba ceviz krem rəngli 2 ədəd dəyəri - 167.98 manat; Döşək ECOLİNE 1600x2000 sm ölçüdə, 1 ədəd dəyəri – 137,99 manat; Termo dəmiri qara 2 ədəd – ödənişsiz, Çarpayı dəmiri 1 ədəd – ödənişsiz. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə şahid ifadələrinə şübhə ilə yanaşır, heç bir şahid konkret olaraq hansı əşyanın yükləndiyini dəqiqliyilə deyə bilməmişdir. Evin həyətində kameranın olması işin mübahisə edilməyən halıdır. Məhkəmə hesab edlir ki, belə bir münaqişəli ailədə cehiz əşyaları çıxarılan günə aid kamera görüntüləri cavabdeh tərəfindən saxlanılmalı idi. Hazırda həmin görüntülərin olmaması cehiz əşyaların tam çıxarılmamasına dəlalət edir. Cavabdeh cehiz əşyalarının olmadığını qeyd etdiyinə görə məhkəmə hesab edir ki, həmin əşyaların pulu tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, yalnız yuxarıda qeyd olunan qaimə-fakturada adları sadlanan əşyaların pulları (endirimli) tutula bilər. Belə ki, digər əşyalara dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Adları çəkilən əşyaların iddiaçı tərəfindən deyil, onun anası tərəfindən əldə edilməsi həmin əşyaların əslində anasının olmasına dəlalət etmir. Belə ki, anası həmin əşyaları qızı üçün almış, yəni qızına hədiyyə etmişdir, odur ki, həmin əşyaların qanuni sahibi məhz iddiaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Damla dolabın dəyəri – 559,99 manat; Damla çarpayının dəyəri – 249,99 manat; Damla trumonun dəyəri – 188,99 manat; Damla tumbanın dəyəri - 167.98 manat; Döşək ECOLİNE-nın dəyəri – 137,99 manat; Cəmi 1304,94 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3645/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3645/2022
19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver