Məhkəmə qərarları › İş №2(008)-3649/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3649/2022

26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3649/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) X9, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi (sonradan-Qaçkınkom) mübahisə predmeti tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qeyd edilməklə iddia ərizəsi verərək, Cavabdeh1 ailə üzvləri və əşyaları ilə birlikdə Qaçkınkom tərəfindən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 410 ailəlik qəsəbəsi, (Bina evləri) 50.2 saylı binada yerləşən 3 otaqlı 49 nömrəli mənzildən çıxarılmasına və həmin mənzilə iddiaçının və ailə üzvlərinin əşyaları ilə birlikdə köçürülmələr və Qaçkınkomun həmin mənzilə köçürərkən onunla bağladığı xx.xx.2017-ci il tarixli müqavilənin surətinin, həmin tarixli köçürmə vərəqəsinin və bundan əlavə evində saxladığı 2250 manat məbləğində pulun cavabdehdən alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür, evlidir, 3 azyaşlı övladı var. Məcburi köçkün düşəndən sonra müxtəlif yerlərdə yaşamışdılar. xx.xx.2017-ci il tarixdə onu ailəsi ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında üç otaqlı mənzilə köçürüb yerləşdirdilər. İddiaçı xeyli vəsait xərcləyərək, mənzildə rahat yaşamaq üçün şərait yaratmışdır. 2021-ci ilin iyul ayında atası X2 xərçəng diaqnozu qoyulmuşdur. Atası bir müddət onlarla həmin mənzildə yaşadı, lakin o, bina evində rahatsız olduğuna görə öz yaşadığı Sabunçu qəsbəsində yerləşən özbaşına tikilidə qalmaq istəyini bildirdi. Onu rahatsız etməmək üçün yaşadığı həmin evə apardılar, müalicəsi indi də davam edir, qoca anası ona baxa bilmədiyinə görə demək olar ki, iddiaçı və həyat yoldaşı. eləcə də azyaşlı uşaqları ataya qulluq etmək və ona lazımi şərait yaratmaq üçün onun yanına gedir, həftədə bir neçə gün onun yanında qalmağa məcbur olurdular. Arabir öz mənzillərinə də girib baxırdılar. Evdə qalan atasının vəziyyətinə görə onu nəzarətsiz qoyub öz evlərində qala bilmirdilər. xx.xx.2022-ci il tarixdə qapıbir qonşu Laçın rayonundan məcburi köçkün Savanın həyat yoldaşı zəng edib bildirdi ki, mənzillərinin qapısının qıfılını sındırıb içəri daxil olublar, sonra da əşyalarını otaqların birinə necə gəldi yığıblar. MİS-nin rəisi Etibar adlı şəxs, Departamentda işləyən Etiqad hansı məhkəmə qərarı əsasında bunu etdiklərinə dair heç bir sənəd göstərmir, vəkilin sorğusunu qəbul edib cavab yazmırlar. Mənzildə olan əşya və avadanlıqlarla birlikdə Departamentlə bağlanmış müqavilənin surəti, xx.xx.2017-ci il tarixli köçürmə vərəqəsi və bundan əlavə dar gün üçün saxladığı 2250 manat məbləğində pul da harasa it-bata düşüb. Mənzilindən didərgin salınandan sonra ailəsi ilə birlikdə xəstə atası və anasının yaşadığı 2 otaqdan ibarət özbaşına tikilmiş birmərtəbəli evdə yaşayır. Mənzildə olan əşyaların və ev avadanlıqlarının cavabdeh tərəfindən harada saxlanması bu günə kimi iddiaçıya məlum deyil. Deyilənə görə əşyaları mənzilin bir otağına yığıb qapısını bağlayıblar. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Departamentlə Cavabdeh1 arasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Bina 50.2, mənzil 49, 3 otaqlı yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixli, 50.2/49 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları X4 və X8 ilə həmin mənzildən çıxarılması, mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentini (sonradan – Departament) cavabdeh qismində işə cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X14 iddia ərizəsinin və tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Departamentin nümayəndəsi X11 iddianı qəbul etməyərək, qeyd etdi ki, iddiaçı ilə bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. İddiaçı və onun ailə üzvləri başqa evə köçmüşdülər, bu əsasdan müqavilə ləğv edilmiş hesab olunmuşdur. İddiaçıya əşyaları təhvil verilmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonunda müvəqqəti məskunlaşmışdır (AA seriyalı 289008 №-li məcburi köçkün vəsiqəsi). İddiaçı ilə Departament arasında 2017-ci ilin dekabr ayında 49 № «Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən Sabunçu rayonu, Ramana-450 qəsəbəsi, 50 mənzilli 5 mərtəbəli İİ bina , 49 №-li, ümumi sahəsi 80,18 kv metrdən ibarət olan mənzil müvəqqəti yaşamaq üçün ailəsi ilə birlikdə iddiaçının sahibliyinə və istfadəsinə verilmişdir. Həmin müqavilədə nəzərdə tutulmuş üç halda müqavilə məhkəməyə müraciət edilmədən ləğv edilə bilər: 5.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt müqavilənin şərtləri diyişdirilə və ya ləğv edilə bilər; 5.2-ci bəndinə əsasən kirayəçi istənilən vaxt müqaviləni ləğv edə bilər; 5.3-cü bəndinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Həmin müqavilədə nəzərdə tutulmuş üç halda kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, kirayəverənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1-ci maddəsinə əsasən kirayəçi və ailə üzvləri yaşayış sahəsindən fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri yaşayış sahəsindən əsas yaşayış sahəsi kimi istifadə etmədikdə; 5.7.3-cü bəndinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsi əldə etdikdə. Eyni zamanda müqavilənin məhkəmə tərəfindən ləğv edilə bilməsinin digər ümumi halları da nəzərdə tutulmuşdur: 5.4.1-ci bəndinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.3-cü bəndiə əsasən kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4-cü bəndinə əsasən kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5-ci bəndlərinə əsasən yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. İddiaçı tərəfindən məhkəməyə atası X1 metastazla müşaidə olunan qaraciyər xəstəliyinə dair xx.xx.2022-ci l tarixdə başlayan tibbi sənədlər təqdim edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçı atasının xəstəliyi ilə əlaqədar müvəqqəti olaraq mənzili tərk etmiş, lakin arda gəlib getmişdir. Həmin mənzilə dair Departamentlə Cavabdeh1 ilə eyni məzmunlu xx.xx.2022-ci il tarixli 50.2/49 №-li müqavilə bağlanmış və arvadı Cavabdeh2, iki azyaşlı uşağı X4 və X8 ilə birlikdə həmin mənzilə dair köçürülmələri üçün köçürülmə vərəqəsi verilmişdir. Cavabdeh1 həmin mənzilə köçürülən zaman iddiaçıya məxsus ev əşyalarının bir otağa yığılıb yerləşdrilməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh Departamentin nümayəndəsi də bu halı qəbul etmişdir. Sonradan həmin əşyalar məhkəmə prosesinin gedişatında MKİS-in əməkdaşları tərəfindən iddiaçıya təhvil verilmişdir (xx.xx.2022-ci il tarixli Akt). İddiaçı ilə bağlanmış müqavilənin iddiaçıya aid nüsxəsi iddiaçıya Departamentun nümayəndəsi tərəfindən məhkəmə zalında təqdim edilmişdir (iddia ərizəsinə əsasən ona məxsus nüsxə həmin mənzildə qalmışdır). Hazırda iddiaçı cavabdehlə bağlanmış müqavilənin etibarsızlığını, mübahisəli sahənin cavabdehlərin istifadəsindən alınıb ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.

107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, Mənzil Məcəlləsinin tələblərinə əsasən kirayə verənin tələbi ilə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi yalnız məhkəmə yolu ilə mümkündür. Qaçqınkomun mövqeyinə görə iddiaçı və onun ailə üzvləri başqa evdə köçmüşdülər, bu əsasdan müqavilə ləğv edilmiş hesab olunmuşdur. Buna dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, «başqa yerə köçmə» kirayəçi tərəfindən könüllü şəkildə ailə üzvləri, əşyaları ilə birlikdə, kirayəni verəni məlumatlandırmaqla həmin mənzili ora qayıtmamaq şərtilə tamamilə boşaldıb kirayə verənə təhvil vermək deməkdir. İşin hallarından göründüyü kimi, iddiaçı həmin mənzili o niyyətlə tərk etməmiş, o, əşyalarını mənzildə qoyub müvəqqəti xəstə atasının yanına getmişdir. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilədə müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərə nisbətdə müqavilənin ləğvinin xüsusi üç halı nəzərdə tutulmuş və hər bir halda müqavilənin ləğvinin kirayə verənin tələbi ilə yalnız məhkəmə qaydasında mümkünlüyü nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisədə Departament müqaviləni birtərəfli ləğv edə və həmin mənzilə dair digər şəxslə müqavilə bağlaya bilməzdi. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da müqavilənin bağlanmasına razılıq verməli deyildilər. Belə ki, onlara həmin mənzil boş vəziyyətdə təhvil verilməmiş, iddiaçıya məxsus əşyalar otağın birinə yerləşdirilmiş vəziyyətdə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə ..... nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, Qaçkınkom Cavabdeh1 ilə müqaviləni bağlayarkən hakimiyyətdən sui-istifadə etmişdir və həmin müqavilə etibarsız hesab edilməlidir. Belə olan halda, həmin müqavilənin hüquqi nəticələri də etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış uşaqları ilə həmin mənzildən çıxarılmalı, mənzil boş vəziyyətdə iddiaçıya təhvil verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Departamentlə Cavabdeh1 arasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Bina 50.2, mənzil 49, 3 otaqlı yaşayış sahəsinə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 50.2/49 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları X4 və X8 ilə həmin mənzildən çıxarılsınlar, mənzil boş vəziyyətdə İddiaçı təhvil verilsin və o, həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar