Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3676/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2 Canbaxış oğluna, Cavabdeh4 oğluna, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh5 qarşı “birgə mülkiyyətdə olan əmlakın paylara bölünməsi, payların natura qaydasında ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh2 Canbaxış oğluna, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh5 qarşı “birgə mülkiyyətdə olan əmlakın paylara bölünməsi, payların natura qaydasında ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 318a saylı bağ sahəsinin İddiaçı 10/18 hissə, Cavabdeh4 1/18 hissə, Cavabdeh7 1/18 hissə, Cavabdeh5 1/18 hissə, Cavabdeh2 Canbaxış oğluna 1/18 hissə, X4 1/18 hissə, Cavabdeh6 1/18 hissə, Cavabdeh3 1/18 hissə olmaqla, natura qaydasında ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 318a saylı bağ sahəsinin iddiaçıya məxsus olan 10/18 hissəsinin natura qaydasında ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 318a saylı bağ sahəsi (0.25 ha) anası X2 məxsus olmuşdur. Anasının ölümündən sonra Bakı şəhəri 27 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Ona 10/18 hissə, cavabdehlər Cavabdeh4 1/18 hissə, Cavabdeh7 1/18 hissə, Cavabdeh5 1/18 hissə, Cavabdeh2 Canbaxış oğluna 1/18 hissə, X4 1/18 hissə, Cavabdeh3 1/18 hissə, Cavabdeh6 1/18 hissə olmaqla, məcburi pay hüququ notariat ofisində rəsmiləşdirilmişdir. X7, Cavabdeh2 və Tənzilə Məmmədova müraciət etmədikləri üçün onlara çatası 1/18 hissələr açıq saxlanılmış və sonradan Tənzilə Məmmədova ölmüşdür. Qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olsa da, ondan sərbəst şəkildə istifadə edə bilmir, üzərində sərəncam verə bilmir və ondan fayda əldə etmək imkanından məhrum olur. Həmin əmlakı satmaq niyyətində olmuş, lakin alıcı torpaq sahəsinin paylı mülkiyyətdə olduğunu öyrəndikdə torpaq sahəsini almaqdan imtina etmişdir. Özünə çatası payı özgəninkiləşdirmək üçün cavabdehlərin razılığı tələb olunur, vərəsələrdən ikisi onlara çatası payı ümumiyyətlə qəbul etməmişlər. Cavabdehlərlə payların bölünməsinə dair ümumi razılığa gəlmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işin hallarını və iddia ərizəsinin dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1nin 10/18 hissəsi 14.07.2016-cı il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 05.07.2016-cı il tarixli “Torpaq sahəsinin və ölçüsü” adlı sənədindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 318 a saylı bağ sahəsi İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan 25.06.2016-cı il il tarixli vəsiyyətnamənin surətindən görünür ki, 06.12.2009-cu il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 10/18 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak 10.03.2016-cı il tarixdə X1 adına verilmiş reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0.25 ha torpaq sahəsindən ibarətdir. Torpağın qalan hissəsinə məcburi paya şəhadətnamə veriləcəkdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı 25.05.2003-cü il tarixdən Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin Cavabdeh5, X6, Cavabdeh2 Canbaxış oğlu, Cavabdeh6 və digərləri də həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 19.10.2021-ci il tarixli, 10/3566 saylı ekspert rəyindən görünür ki, ünvan 1nin iki tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin İddiaçı 10/18 hissə, Cavabdeh4 1/18 hissə, Cavabdeh7 1/18 hissə, Cavabdeh5 1/18 hissə, X5 1/18 hissə, X4 1/18 hissə, Cavabdeh6 1/18 hissə və Cavabdeh3 1/18 hissə olmaqla naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsi hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malik olmasını təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 318a saylı bağ sahəsinin 10/18 hissəsi paylı mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş üzrə verilmiş ekspert rəyi ilə iddiaçının payının real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, mülkiyyətçilərin mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə payları artıq müəyyən edildiyindən və iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, ünvan 1nin naturada paylara uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün olduğundan, iddia təmin edilməli və həmin bağ sahəsinin 10/18 hissəsinə İddiaçı payı natura qaydasında ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. İddia təmin edildiyindən, cavabdehlərdən 10 manat dövlət rüsumu iddiaçının xeyrinə və 100 manat ekspertiza xərci dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1nin 10/18 hissəsinə İddiaçı payı natura qaydasında ayrılsın. Hazırkı qətanmə reyestrdə qeydə alınma və torpaq sahəsinə dair tərəflərə çıxarış verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat cavabdehlərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, dövlət xəzinədarlığı agentliyi kodu 210005, müxbir hesabı AZ41NABZ********************, AZ34CTRE******************** bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3676/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3676/2021
29.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver