Məhkəmə qərarları › İş №2(008)-374/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-374/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-374/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli “Hövsan-Digah- Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 Qazpaylayıcısı Stansiyasının yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında 39 T X-410879: Y-4483363 saylı koordinat üzrə Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh- Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 Balans və istismarında olan 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” Yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 Qazpaylayıcısı Stansiyanın yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərinin “18” metr məsafədə qanunsuz olaraq daş hasar, 25 metr məsafədə isə fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixli, MV-01/63 saylı məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2022-ci il tarixli, MV-01/62 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 18 fevral 2022-ci il tarixli, 1/139 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ ilə əlaqədar əraziyə baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Cavabdeh tikinti işləri aparılan torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ona məxsus olduğunu bildirsə də, hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməkdən imtina etmişdir. Aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirildiyindən tikinti sahibinə tikintinin dayandırılması və ərazinin boşaldılması barədə ciddi şəkildə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq tikinti işləri davam etdirilmişdir. Eyni zamanda Sabunçu RİH tərəfindən, tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə müraciətlər etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 11 fevral 2022-ci il tarixli, **********67 saylı cavab məktubundan bildirilir ki, qeyd olunan məsələ xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilir ki, Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində 39 T X-410879: Y-4483363 saylı koordinat üzrə vətəndaş Cavabdeh tərəfindən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixində Sabunçu rayonu, Zabrat qəsəbəsindən keçən 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərindən 18 metr məsafədə daş hasar və 25 metrdə fərdi yaşayış evi inşa edilməsi barədə 4 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Vətəndaş, Cavabdeh onun tərəfindən inşa edilən tikililərin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də, o xəbərdarlıq məktubunu qəbul etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonlarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. Beləliklə, tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəllənin 1096 və 1108 maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşmüşdür. Bu səbədən də, hesab edir ki, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən edilir ki, cavabdeh buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 Qazpaylayıcısı Stansiyasının yaxınlığından keçən hissəsində, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və fərdi yaşayış evi və hasar yeri (fundament) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/8491 saylı xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, iş üzrə iddiaçı tərəfin nümayəndələri tərəfindən naturada təqdim edilən 720 mm diametrli “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli qaz kəmərinin orta oxundan 20 metr məsafədə fərdi yaşayış evi, həmin qaz kəmərinin orta oxundan 16 metr məsafədə isə hasar tikilisinin inşa edildiyi müəyyən olunur. Lakin, iş üzrə cavabdeh tərəfin baxışda iştirak etməməsi səbəbindən həmin tikililərin dəqiqliklə ölçülərinin (eni, uzunluğu və.s) müəyyən edilməsi mümkün olmamış, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli qərarına əsasən mübahisə predmeti olan fərdi yaşayış evinin və hasar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” idarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli “Hövsan-Digah- Qaradağ” yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizəsi müəyyən edilmişdir. Aparılmış tədqiqiatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materillarında olan qəbzin surətindən görünür ki, 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diamter “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 Qazpaylayıcısı Stansiyanın yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında 39 T X-410879, Y-4483363 saylı koordinat üzrə Cavabdeh tərəfindən qeyriqanuni inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməli və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia qaldırılması üçün iddiaçı Azərbayjan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 50 (əlli) manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diamter “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-2 Qazpaylayıcısı Stansiyanın yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında 39 T X-410879, Y-4483363 saylı koordinat üzrə Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi Cavabdeh hesabına sökülsün və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar