Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-375/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 Vagif oğlunun, Cavabdeh2, Cavabdeh1 nümayəndələri (oğlu) X1, (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı tərəf kimi qeyd edilməklə iddia ərizəsi (dəqiqləşdirilmiş tələblə) ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsini, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X7 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ miras qalmış, X9 vəfatından sonra sözügedən bağ sahəsi İddiaçı anası, X4 adına keçirilmiş və onunla xx.xx.1987-ci il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. xx.xx.1988-ci il tarixdə X4 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinin 0,12 ha hissəsi digər şəxsin adına keçirilmiş və müqavilə ilə rəsmiləşdirilmişdir. İddiaçı anası, X4 istifadəsində qalan Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinə dair onunla xx.xx.1989-cu il tarixli, 2754 №li müqavilə bağlanmışdır. X4 vəfatından sonra Bakı şəhəri 4 saylı Notariat Ofisinə “vərəsəlik işinin açılması” barədə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə vərəsə kimi tanınmışdır. X2 miras qalmış Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarə tərəfindən həmin ünvana mütəxəssis göndərilmiş, lakin cavabdehlər iddiaçıya və idarənin mühəndisinə qarşı kobud ifadələr işlətməklə mühəndisin işinə müdaxilə etmiş və sonda iddiaçını və mühəndisi zorla həyətdən çıxarmışlar. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********04 Ns li bildirişinə əsasən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. İmtinaya səbəb kimi, cavabdehlər tərəfindən şəraitin yaradılmaması göstərilmişdir. Cavabdehlər iddiaçını həyətdən qovlamaqla onun da payını mənimsəmək istəyirlər. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 №-li Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən evlərə və torpaq sahəsinə baxış keçirilməsinə, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılmasına, həyətyanı torpaq sahəsinə giriş-çıxşa və hasarın çəkilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrə görə cavabdehlərə qadağan olunması zərurəti yaranmışdır. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Vagif oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək qeyd etdi ki, iddiaçının anası ilə bağlanmış müqavilənin müddəti bitmiş, həmin müqavilədə Şahbazova Sevilin ata adı «Movsum», ölüm haqqında şəhadətnamədə isə «Mövsüm» qeyd edilmişdir, hesab edir ki, onlar fərqli insanlardılar, ümumiyətlə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə müqavilədə göstərilən torpaq sahəsinin eynilik təşkil etməsi müəyyən edilməmişdir. odur ki, hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Nardaran qəsəbəsində hər biri 0,12 ha olan bağ sahələrinə dair aşağıdakı icarə müqavilələri bağlanılmışdır: 1046 №-li bağ sahəsinə dair xx.xx.1987-ci il tarixdə X11 ilə 15189 №-li müqavilə; 1047 №-li bağ sahəsinə dair xx.xx.1989-cu il tarixdə X10 ilə 2754 №-li müqavilə; 1047a №-li bağ sahəsinə dair xx.xx.1989-cu il tarixdə Cavabdeh1 ilə 19880 №-li. X10 ilə 1047 №-li bağ sahəsinə dair bağlanmış 2754 №-li müqavilənin müddəti xx.xx.1989-cu il tarixdən xx.xx.1999-cu il tarixədək nəzərdə tutulmuşdur. İddiaçı X4 oğludur (İİİ-JQ seriyalı 265020 №-li doğum haqqında şəhadətnamə). X10 xx.xx.2017-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 915737 №-li ölüm haqqında şəhadətnamə). İddiaçı müraciəti əsasında Bakı şəhəri 4 saylı Notariat Ofisində anası X4 adına vərəsəlik işi açılmışdır (notariusun xx.xx.2023-cü il tarixli Reyestr Xidmətinə məktubu). xx.xx.2023-cü il tarixdə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 1047 №-li bağ sahəsi barədə məlumat istəmiş, sonuncu xx.xx.2023-cü il tarixli cavab məktubunda həmin bağ sahəsinə dair 2754 №-li müqavilənin idarənin arxivində mövcud olması barədə məlumat vermiş və müqavilənin təsdiq edilmiş surətini iddiçıya göndərmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 1047 №-li bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********04 №-li «Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş»ə əsasən texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2280 №-li ekspert rəyilə aşağıdakılar müəyyən edilmişdir. İddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi sənəd 0,12 ha olsa da, faktiki olaraq qonşu bağ sahələri ilə bir hasar daxilində olmaqla 0,3385 ha təşkil edir (ara sərhədləri şərtidir), qonşu bağ sahələrinə dair sənəd təqdim edilməyib, göstərilən bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir, iddiaçının iddia etdiyi bağ sahəsində tikili yoxdur, ümumi ərazidə iki mərtəbəli yaşayış evi və iki ədəd köməkçi tikli mövcuddur. Eyni zamanda məhkəmə qərardadı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı X12 tərəfindən iddia edilən 0,12 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və sxem tərtib edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.7-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsiri Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Göründüyü kimi, iddiaçının 1047 №-li bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsləri tərəfindən inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib edilməsi, yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanmasının təmin edilməsi üçün torpaq sahəsinə baxışın keçirilməsi zəruridir. Lakin qeyd edildiyi kimi, ekspert tərəfindən iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin onun mərhum anası X6 2754 №-li xx.xx.1989-cu il tarixli müqavilə ilə ayrılmış 1047 №-li bağ sahəsinin eyni olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın təmin edilməsi iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin 2754 №-li xx.xx.1989-cu il tarixli müqavilə ilə ayrılmış 1047 №-li bağ sahəsinin eyniləşdirilməsi ilə nəticələnə bilər, halbuki buna səlahiyyəti olan orqan tərəfindən bu hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əslində iddiaçı istədiyinə nail olmuşdur. Belə ki, onun iddia etdiyi torpaq sahəsinin koordinatları səlahiyyətli orqan tərəfindən məhkəmənin qərardadı əsasında artıq müəyyən edlilmiş və sxem tərtib edilmişdir. Qeyd edildiyi kimi, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 1047 №-li bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, sonuncu isə texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. Beləliklə, artıq həmin texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılmasına zərurət aradan qalxmışdır və iddia edilən və sxemi tərtib edilmiş torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1047 №-li bağ sahəsi ilə eynilik təşkil edilməsi müəyyən edildiyi təqdirdə mərhum X4 adına mülkiyyət hüququna dair arayışın verilməsi həyata keçirilə bilər. Hazırda nə qədər ki həmin eynilik müəyyən edilməmişdir, iddianın təmin edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin onun anasına ayrılmış torpaq sahəsi olmasını sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Ekspertiza Cavabdeh1 nümayəndəsinin (vəkili) vəsatəti əsasında təyin edilmişdir, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Odur ki, 50 manat ekspertizanın dəyəri Cavabdeh1 tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. 50 manat ekspertizanın dəyəri Cavabdeh1 tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-375/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-375/2024
29.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver