Məhkəmə qərarları › İş №2(008)-3778/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3778/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3778/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərə görə cəmi 3050 (üç min əlli) manat, mənəvi ziyanla bağlı 500 (beş yüz) manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o 2021-ci ildə idarə etdiyi ** CO *** dövlət nömrə nişanlı, "DAEWOO NEXİA" markalı avtomobilin mühərrik hissəsində nasazlıq yarandığından Nəsimi rayonu Zabitlər Parkının yaxınlığında usta kimi fəaliyyət göstərən Cavabdeh müraciət edib. Cavabdeh avtomobilin mühərrikini yığıb təhvil verəcəyəinə vəd vermiş və bununla bağlı ondan 1600 manat məbləğində pul almışdır. Lakin avtomobilin mühərriki yığıldıqdan sonra yenə də ciddi problemlər yaranmış, məlum olmuşdur ki, mühərrik düzgün yığılmayıb keyfiyyətsiz yəni dublikat ehtiyyat hissələri qoyulduğundan porşen və kolçalar qırılmışdır və o, avtomobildən istifadə edə bilməmişdir. Avtomobilin mühərriki yenidən düzəldilmiş bununla bağlı 650 manat məbləğində əlavə xərc çəkilmiş, lakin yenə də keyfiyyətsiz düzəldiyindən mühərrik nasaz vəziyyətdə omuşdur. Belə ki, mühərrikin yenidən yığılması üçün əlavə olaraq vəsait tələb olunur. Cavabdeh ondan 2.250 manat məbləğində pul alsa da mühərriki keyfiyyətsiz təmir etdiyindən maddi ziyana məruz qalmışdır. O pulu qaytarmaqdan yayındığından bu barədə Prokurorluğa müraciət etsə də ona cavab olaraq mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də, əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Göründüyü kimi mühərrik yenidən yığılmalıdır və cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər 2250 manat və əlavə olaraq çəkiləcək xərclə bağlı 800 manat ödənilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o mənəvi zərərə məruz qalıb. Maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. İddiaçı xəstədir, mütəmadi olaraq müalicələr alır və belə bir halın baş verməsi onun xəstəliyini daha da şiddətləndirmişdir. İddiaçı, cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İzahatında cavabdeh tərəfindən avtomobilin mühərrik hissəsi təmir olunduqdan sonra o infarkt keçirtdiyinə ğörə 4-5 ay işə çıxmamışdır. Daha sonra avtomobil 10-15 gün sürüldükdən sonra tüstüləməyə başlamış, əvvəlcə elektrik ustasının yanına aparıb, lakin o motorla bağlı problem olduğunu dedikdən sonra o yenidən cavabdehin yanına gedib. Cavabdeh ona ehtiyyat hissələri dükanının yerini göstərib və iddiaçı şəxsən özü gedib dükandan ehtiyat hissələrini özü alıb. Lakin cavabdeh ona alınan ehtiyat hissələrinin yaxşı vəziyyətdə olub-olmaması barədə məlumat verməmişdir. Həmçinin iddiaçı qeyd edib ki, avtomobil dayanacaqdadır, avtomobilin mühərrik hissəsində səs olduğundan çox istifadə etmir. Hazırda avtomobildən xəstəxanaya, aptekə gedərkən istifadə etdiyini dedi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmiyərək, İddiaçı birinci dəfə onun yanına 2021-ci ilin may ayında gəlib maşının mühərrik hissəsində problem olub düzəltdiyini, motorun təmiri ilə bağlı lazım olan ehtiyyat hissələrini iddiaçı mağazadan şəxsən özünün aldığını, ikinci dəfə 1 (bir) ildən sonra xx.xx.2022-ci ildə maşının motoru qızdırılmış formada onun yanına gətirildiyini, yəni maşın bir il bir ay ərzində 44000 km sürüldükdən sonra yenidən təmir etdiyini və həmin zaman iddiaçıya avtomobilin mühərrik hisəsinə zəmanət vermədiyini maşının yağ yeyəcəyini bildirərək zəmanət verməmişdir, lakin iddiaçı isə bununla razılaşıb. İddiaçı ikinci təmirdən ona 175 manat zəhmət haqqı verməli olduğu halda, hal-hazıra kimi ona 125 manat borcu qalır. Maşın hazırda iddiaçı tərəfindən istifadə olunmaqda davam edir, 20 yanvar dairəsi adlanan ərazidə taksi fəaliyəti ilə məşğuldur. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş X1 Şəhadətnaməsindən görünür ki, DAEWOO NEXİA minik markalı avtomobilin sahibi X2r. İş materiallarına əlavə edilmiş ƏN-İV 954902 nömrəli Etibarnamədən görünür ki, X3 tərəfindən İddiaçı etibarnamə üzrə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilib. İş materiallarına əlavə edilmiş Mərkəzi Klinika tərəfindən verilən Epikrizdən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə səhətində olan şikayətlərə görə klinikaya daxil olmuşdur. xx.xx.2022-ci ildə müayinədən keçərək klinikadan çıxıbdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi 1 nömrəli şəhər xəstəxanası Kardiologiya şöbəsi tərəfindən Çıxarış Epikrizindən görünür ki, xx.xx.2022-ci ildə xəstəxanaya şikayətləri daxil olub. İddiaçı şikayətləri sinədə hərəkət, fiziki iş zamanı gələn sıxıcı ağrı, yüngül təngənəfəslik, gecələr boğulma. xx.xx.2022-ci il tarixdə xəstə nisbi yaxşılaşma ilə evə yazılıb. Məhkəmə ilkin olaraq bildirir ki, hazırki mübahisə üzrə İddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməyə onun subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan ABN 803802 nömrəli X1 şəhadətnaməsindən görünür ki, ** CO *** dövlət nömrə nişanlı, "DAEWOO NEXİA" markalı avtomobilin mülkiyyətçisi X2r. Həmçinin ƏN-İV 954902 nömrəli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən İddiaçı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilib. Məhkəmə hesab edir ki, iddiaçının nəqliyyat vasitəsinə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin nəqliyyat vasiyəsi ilə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia bu əsasla rədd edilməlidir. Belə ki, Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə bir halı da qetd etməyi zəruri hesab edir ki, İddiaçı ona dəymiş 3050 manat maddi və mənəvi ziyan və bu ziyanın məhz cavabdehin təqsirli hərəkəti nəticəsində dəyməsi iş materialları ilə sübut olunmur. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı izahatında maşının nühərrik hisəsindəki nasazlıqla bağlı cavabdehin iş yerinə yaxınlaşdığını və təmirlə bağlı 1600 manat ehtiyat hissələrinin alınmasına zərurət yarandığını və bu ehtiyat hissələrini isə İddiaçı dükandan özü şəxsən aldığını etiraf etmişdir. Beləliklə İddiaçı tərəfindən iddia olunan cavabdeh tərəfindən lazimi keyfiyyətli ehtiyat hissələrindən istifadə edilməsi və bunun nəticəsində iddiaçıya zərər dəyməsi öz təstiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə 500 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə də məhz cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar