Məhkəmə qərarları › İş №2(008)-3791/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3791/2025

04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3791/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dişləri üzərində keyfiyyətsiz implant əməliyyatı həyata keçirdiyinə görə ona vurulmuş 2200 manat məbləğində ziyanın əvəzinin və 1000 manat mənəvi zərərin əvəzinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin oktyabr ayında dişlərini implant etdirmək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Aristokrat” Tibb Mərkəzinə müraciət etmişdir. Həmin tibb mərkəzində diş həkimi işləyən Cavabdeh tibb mərkəzində yerləşən stomatoloji kabinetində onu və qaynatası X4 qəbul edib, onun dişlərini müayinə etmiş, alt çənə boşluğunda olan 4 ədəd dişini çıxararaq həmin dişlərin yerinə 4 ədəd implant qoymuşdur. Dişlərinə implant qoyulması üçün 01 noyabr 2023-cü il tarixdə Cavabdeha “Aristokrat” Tibb Mərkəzində əlbəəl sayaraq 1000 manat pul vermişdir, implant üzərində keramika dişlərin qoyulması üçün isə 02 noyabr 2023-cü il tarixdə 1200 pulu həyat yoldaşına məxsus kart vasitəsilə Cavabdeh köçürmüşdür. Anar onun dişlərinə implantı “Aristokrat” Tibb Mərkəzində qoymuşdur. Lakin Cavabdeh onun dişlərinə implantı səhv qoymuş, bu səbəbdən implant qoyulan yer iltihablanmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hazırda o, əlavə xərc çəkib dişlərini təzədən müalicə etdirməli, protez qoydurmalıdır, lakin, cavabdeh ona vurduğu maddi ziyanı və mənəvi zərəri qaytarmadığı üçün müalicə ilə məşğul ola bilmir. Bu barədə həkimə məlumat vermiş, ancaq o, heç bir tədbir görməyib, sonradan isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. O, Cavabdeh bu kimi qanuna zidd hərəkətlərini görüb onun barəsində Binəqədi RPİ-nin 5-ci PB-nə şikayət etmiş, sonradan müraciəti üzrə araşdırma Binəqədi RPİ-nin İŞ-də davam etmişdir. İbtidai araşdırma zamanı onun, yəni İddiaçı barəsində təyin edilərək keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 27 noyabr 2024-cü il tarixli, 1060/KEŞ nömrəli rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda aparılmış dental implantoloji prosedurun qeyri-düzgün aparıldığı müəyyən edilmişdir ki, bununla əlaqədar implantın xaric edilməsinə ehtiyac vardır. Şikayəti əsasında aparılmış araşdırma nəticəsində, Binəqədi rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2 562C-24 saylı material üzrə qəbul etdiyi “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, - "qərarın təsviri hissəsində şərh edilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, toplanmış materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələrinin tərkib əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraatın baçlanmasına dair qərarlar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış material araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və İddiaçı sağlamlığına vurulmuş zərərin ödənilməsi məqsədilə Azərbaycan Respublikası MM-nin 1117-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, hazırda Azərbaycanda deyil Monteneqroda yaşayır. Onlar 1000 manat pulu Nərimanovda köhnə arxitekturalı xəstəxana binası olan “Aristokrat” adlı yerdə Anar adlı həkimə əlbəəl vermiş, amma gün, tarix dəqiq şəkildə yadında deyildir. 1200 manatı isə özünə aid olan leo bank kartı vasitəsilə həmin həkimə göndərmişdir. Kart özünə aiddir. Həkim xəstəxananın artıq pul tutmaması, onlara guya daha ucuz başa gələ biləcəyi üçün pulu əlbəəl verməyi məhləhət görmüşdür. Onlar da bununla razı olmuşlar. Həmin leo karta müdaxilə olunduğu üçün onu dəyişib yeni leo kart sifariş vermişdir. Bir ildən də çox olar ki həkimə pul verilib. Sonra onlara məlum olmuşdu ki, Anar bəy heç həkim də deyil. Həmin həkim başqa yerdə işə başlayıb, yoldaşını da xəstəsi kimi qəbul edəcəyini demişdi, amma həmin yerlə də əlaqə saxlayıb bilmişlər ki, həkim işdən çıxarılıb. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında faktiki olaraq məskunlaşmışdır. -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında Binəqədi Rayon Prokurorluğunun qərarından görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Toplanmış materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələrinin tərkib əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraatın baçlanmasına dair qərarlar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İddiaçı sağlamlığına vurulmuş zərərin ödənilməsi məqsədilə Azərbaycan Respublikası MM-nin 1117-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin İstintaq Şöbəsinin qərarından görünür ki, X3 ərizəsi üzrə toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Binəqədi Rayon Prokurorluğunun qərarından görünür ki, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki, Cavabdeh təhsili və sertifikasiya olunması barədə “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestr”ində məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 1060/KEŞ saylı xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda aparılmış dental implantoloji prosedurun qeyri-düzgün aparıldığı müəyyən edilmişdir ki, bununla əlaqədar implantların xaric edilməsinə ehtiyac vardır. Həmçinin İddiaçı göstərilmiş stomatoloji xidmət ilə əlaqədar tibbi sənədlər tərtib edilməli olduğu halda, tərtib edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı göstərilmiş qüsurlu stomatoloji tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") tələblərinin pozulması qiymətləndirilir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyyən edilmədi. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, Cavabdeh ali tibb təhsili olmadığından onun həkim-stomatoloq kimi fəaliyyət göstərmək, eyni zamanda diş implantı etmək səlahiyyəti olmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda ağız boşluğunda iltihablanmanın olduğu müəyyən edilməmişdir. - “Aristokrat” Tibb Mərkəzinin 366 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı “X7” də stomatoloji xidmət aparılmasına icazə verilməsinə görə heç bir tibbi karta açılmayıb və klinikada qeydiyyat şöbəsində qeydiyyatdan keçməyiblər. Özünün bildirdiyinə görə müəyyən xəstələri qeydiyyatdan keçirtmədiyininin səbəbini soruşduqda onlar onun ailə üzvləri, şəhid ailə üzvləri və ya qazi olduqlarını bildirmişdir. Onun bildirdiyinə görə Şuşa poliknikasında həkim stomatoloq vəzifəsində işləmiş, bu səbəbdən xəstələri qeydiyyatdan keçirtmədiyi onlarda şübhə yaratmayıb və sənədlərin əsillərinin poliklinika arxivində olduğunu və gətirəcəyini bildirmişdir. Həkim stomatoloq Cavabdeh “Aristokrat” Tibb Mərkəzinə 1 aylıq sınaq müddətinə stomatoloq vəzifəsinə işə qəbul olunub. Sınaq müddəti ərzində həkimliyi təsdiq edəcək sertifikasiya sənədini təqdim etmədiyinə görə və əmək funksiyasını keyfiyyətlə yerinə yetirmədiyinə görə daimi işlə təmin olunmayaraq vəzifədən azad edilmişdir. - “Aristokrat” Tibb Mərkəzinin 370 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı “X7”də stomatoloji xidmət aparılmasına icazə verilməsinə görə heç bir tibbi karta açılmayıb və klinikada qeydiyyat şöbəsində qeydiyyatdan keçməyib. Cavabdeh onlara bildirdiyinə görə Şuşa poliklinikasında həkim stomatoloq vəzifəsində işləmiş, sənədlərin əsillərinin poliklinika arxivində olduğunu və gətirəcəyini bildirib. Həkim stomatoloq Cavabdeh “Aristokrat” Tibb Mərkəzində sınaq müddəti ərəfəsində işə götürmək üçün lazım olan sənədləri tam təqdim etmədiyindən klinikadan uzaqlaşdırılmışdır. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh təhsili və sertifikasiya olunması barədə “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestr”ində məlumat olmadığından Azərbaycan Respublikası İXMnin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 1060/KEŞ saylı xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda aparılmış dental implantoloji prosedurun qeyri-düzgün aparıldığı müəyyən edilmişdir ki, bununla əlaqədar implantların xaric edilməsinə ehtiyac vardır. Həmçinin İddiaçı göstərilmiş stomatoloji xidmət ilə əlaqədar tibbi sənədlər tərtib edilməli olduğu halda, tərtib edilməmişdir. İddiaçı göstərilmiş qüsurlu stomatoloji tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") tələblərinin pozulması qiymətləndirilmişdir. Cavabdeh ali tibb təhsili olmadığından onun həkim-stomatoloq kimi fəaliyyət göstərmək, eyni zamanda diş implantı etmək səlahiyyəti olmamışdır. İddiaçı aparılmış dental implantoloji prosedurun qeyri-düzgün aparılması nəticəsində ona ziyan dəyməsi sübuta yetirilmişdir. İddiaçının həmin prosedurun aparılması üçün cavabdehə əlbəəl 1000 manat pul verməsi də şahid ifadəsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçının həyat yoldaşına məxsus kart vasitəsilə 1200 manat pul verməsi tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə, qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, şahidin ifadəsinə əsasən ona məxsus bank kartından cavabdehə məxsus karta 1200 manat məbləğində pul köçürüldüyündən və iddiaçı sözügedən kartın sahibi olmadığından, onun cavabdehə qarşı həmin pul vəsaitlərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. İddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı işin hallarından görünür ki, cavabdeh ali tibb təhsili, eyni zamanda diş implantı etmək səlahiyyəti olmadığı halda İddiaçı dental implantoloji proseduru qeyridüzgün aparmaqla iddiaçıya mənəvi zərər vurmuşdur. Nəzərə alınmalıdır ki, mənəvi zərər məbləğinin müəyyən edilməsi üçün qanunvericilikdə konkret meyarlar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi zərərin əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərə uğramış şəxsə şişirdilmiş müəyyən bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, iddiaçının səhhətinə dəymiş ziyanla bağlı keçirdiyi sarsıntılar nəzərə alınmaqla, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, səhhətə dəymiş ziyana görə 1000 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh 35 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Səhhətə dəymiş ziyana görə 1000 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 35 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar