Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-385/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “torpaq sahəsinin və giriş-çıxışın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı “torpaq sahəsinin və giriş-çıxışın ayrılması” tələbinə dair iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinin ona məxsus həyətyanı sahəsinin hasarla ayrılması və evinə giriş-çıxışın ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ilə xx.xx.1984-cü ildə rəsmi nikaha girərək ailə qurmuş, həmin nikahdan 1993-cü il təvəllüdlü bir oğlan övladı doğulmuşdur. Həyat yoldaşı xx.xx.2007-ci ildə vəfat etmişdir. O, ailə qurduğu gündən qeyd olunan ünvandakı evə gəlin köçmüş, həmin vaxtdan da həmin evin iki otağı (ümumilikdə 27,5 kv.m), bir dəhlizi (19,6 kv.m) evə pasport qeydiyyatında olmaqla onun və həyat yoldaşının istifadəsində olmuşdur. Həmin evdə övladı dünyaya gəlmişdir. Sonradan həyat yoldaşı ilə birlikdə evin onların istifadəsinə bitişik hissəsində hamam və tualet tikmişlər. Cavabdehə və ona məxsus olan yaşayış sahəsinin hər birinin kommunal xətləri (qaz, su, işıq) digər sahədən ayrıdır, hər bir yaşayış sahəsi üzrə ayrıca sayğaclar quraşdırılmışdır. Həyətə giriş ümumidir, yaşadıqları otaqlara giriş ayrıdır. İş üzrə cavabdeh onun ögey baldızıdır. O, qeyd olunan mənzilin girişi ayrı olan digər iki otağında (ümumilikdə 23 kv.m) yaşayır. Həmin sahənin kommunal xətləri ayrıdır və həmin sahə üçün ayrıca sayğaclar quraşdırılmışdır. Qeyd olunan fərdi yaşayış evinin həyətyanı sahəsi 361 kv.m-dir. Həyat yoldaşının vəfatından sonra cavabdehlə aralarında mütəmadi mübahisələr olmuş, münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Münaqişə ilə əlaqədar işləri dəfələrlə Sabunçu Rayon Polis İdarəsinin 15 saylı PB-də araşdırılmışdır. Cavabdeh dəfələrlə evinin qapıpəncərəsini sındırmış, darvazanı içəridən bağlayaraq onu həyətə buraxmamışdır. Vəziyyət o həddə çatmışdır ki, onların ümumi həyətdə yaşamaqları mümkünsüz olmuşdur. Bununla əlaqədar məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu Rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsindəki 12 saylı fərdi yaşayış evinin onun istifadəsində olan 47,1 kv.m-nə və həmin hissəyə nisbətdə 361 kv.m həyətyanı sahəsinin 180 kv.m hissəsinə onun və ailəsinin sərbəst giriş çıxışına Cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməsi və hər hansı bir maneənin tətbiq edilməsi qadağan edilmişdir. Qeyd olunan fərdi yaşayış sahəsinə dair yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş qətnamənin olmasına baxmayaraq, cavabdeh əvvəlki hərəkətlərini davam etdirir, onların qeyd olunan yaşayış sahəsindən istifadə etmələrini faktiki olaraq qeyri-mümkün edir. Son vaxtlar cavabdeh ümumi həyətə iki böyük it gətirmişdir ki, itlərin əlindən həyətə girib-çıxmaq mümkün deyildir. Başqa yaşayış yerləri olmadığı üçün həyətə girəndə itlər bir neçə dəfə uşaqları qapmışdır. Cavabdehin qanunsuz əməlləri qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasını qeyri-mümkün edir. Ona görə də, hesab edir ki, bu məsələnin yeganə həlli yolu qeyd olunan fərdi yaşayış evinin onun ailəsinin istifadəsində olan həyətyanı sahəsinin cavabdehə aid olan həyətyanı sahədən hasarla ayrılmasıdır. Mübahisənin bu qaydada məhkəmədən kənar həll olunması üçün cavabdehə təklif etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh bu hərəkətləri ilə onu, ailəsini yeganə yaşayış yeri olan həmin evdən qovmaq istəyir. Qeyd olunanlara əsasən mübahisənin effektiv olaraq həlli üçün qeyd olunan fərdi yaşayış evinin ailəsinin istifadəsində olan 180 kv.m həyətyanı sahəsinin cavabdehə aid olan həyətyanı sahədən hasarla ayrılması məsələsi məhkəmə qaydasında həll olunmalıdır. Qeyd olunanlara əsasən, iddiaçı məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı onun mərhum qardaşının həyat yoldaşı olmuşdur. İddiaçı ilə eyni həyətdə, ayrı evlərdə yaşayırlar. Həmin evlərin mətbəxləri, sanitar qovşaqları, kommunal xətləri ayrıayrıdır. Doğulduğu gündən həmin evdə yaşayır. Ailəli olub ayrılmış, qızı da onunla eyni evdə yaşayır. Lakin iddiaçının qanunsuz hərəkətləri nəticəsində, onunla eyni həyətdə yaşamağı mümkün deyil. Hesab edir ki, həyətin bölgüsünun aparılması həm iddiaçının, həm də onun mənafeyinə uyğundur, lakin həyətin yarıdan bölünməsinə razı deyil. Belə ki, həmin həyətin sahibi o deyil, bibisi oğludur, baxmayarq ki, həmin şəxs heç vaxt orada yaşamayıb, onun həmin həyətdə sonuncu dəfə nə vaxt gəldiyini xatırlamır. Qeyd olunanlara əsasən, cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 5772/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evi 47,1 kv.m və həmin hissəyə nisbətdə 361 kv.m həyətyanı sahəsinin 180 kv.m hissəsinə X1 və ailəsinin sərbəst giriş-çıxışına Cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməsi və hər hansı bir maneənin tətbiq edilməsi qadağan edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinin (110 kv.m) və torpaq (250 kv.m) vergisini 2017-ci ildən X3 tərəfindən ödənilir. - Zabrat Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, X3 fərdi istifadə məqsədli 250 m2 torpaq sahəsi və 65 m2 tikinti sahəsi yerli büdəyə vergi ödəyir. - Bakı şəhəri Sabunçu rayonu VVQDQ şöbəsi tərəfindən xx.xx.1984-cü ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X5 həmin tarixdə nikaha daxil olmuşlar. -Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1993-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X3 və X2 birgə nikahından xx.xx.1993-cü il təvəllüdlü X7 doğulmuşdur. - Bakı şəhəri Sabunçu rayonu VVQDQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə ölmüşdür. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 adına Azərbaycan Respublikası ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri Sabunçu RİH başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, ünvan 1 ünvanında X3, X7, X6, Cavabdeh, X11, X14, X13 qeydiyyatdadırlar. - İş üzrə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadına əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8501 №-li rəyindən (habelə ona əlavə edilmiş mübahisə predmetinin faktiki istifadə bölgüsü və iddiaçının faktiki istifadəsində olan hissənin naturada ayrılma qaydasından) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli məhkəmənin yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı evə baxış keçirilən zaman tərəflərin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə dəmir darvazadan içəri daxil olarkən sol tərəfdə tövlə və birmərtəbəli fərdi yaşayış evi yerləşir. Giriş qapısında sol tərəfdə yerləşən fərdi yaşayış evi tərəflərin öz razılığı ilə iki yerə bölünmüş və hər bir evin ayrıca giriş qapısı vardır. İddiaçıya məxsus ev həyətin sol tərəfində yerləşir. Həmin evin ayrıca sanuzel və hamam otağı var. Cavabdehə məxsus ev həyətin sağ tərəfində yerləşir. Cavabdehə məxsus evin sağ tərəfində tövlə yerləşir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evi özündə (həmin ünvanda yerləşən həyətdə) iki yaşayış sahəsini birləşdirir. Həmin evlərin birində iddiaçı X3 ailəsi ilə, digərində isə qohumu Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5772/2019 saylı qətnaməsi) ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinin 47,1 kv.m hissəsinə və ona nisbətdə 361 kv.m həyətyanı sahəsinin 180 kv.m hissəsinə Cavabdeh tərəfindən X1 və ailəsinin sərbəst girişçıxışına hər hansı bir müdaxilə edilməsi, yaxud hər hansı bir maneənin tətbiq edilməsi qadağan edilmişdir. Hazırda iddiaçı sözügedən tələblə məhkəməyə müraciət edərək, həmin qətnamə ilə müəyyən edilmiş yaşayış evi və həyətyanı sahəsinin bölünüb girişçıxışının ayrılmasını xahiş edir. Sözügedən mübahisəli ev və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və tərəflərin faktiki istifadəsindədir. Belə olan halda, məhkəmə, ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üstüstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçının payının naturada ayrılması tələbi rəyin nəticə və tədqiqat hissəsində göstərilən ayrılma variantına uyğun qaydada təmin edilməlidir. Yəni, iddiaçı X1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinin 47,1 kv.m hissəsi və həyətyanı torpaq sahəsinin 180 kv.m hissəsi naturada ayrılmaqla, hasarla bölünüb, ayrılmış hissəyə ayrıca giriş-çıxış təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində məhkəmə xərci Cavabdeh, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu isə, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i̇ : İddia tələbi təmin edilsin. İddiaçı X1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 180 kv.m hissəsi naturada ayrılsın. Həyətyanı torpaq sahəsinin ayrılmış hissələri arasında hasar çəkilməklə, ayrıca giriş-çıxış qapısı qoyulsun. Bölgü aparılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8501 №-li rəyi və ekspert rəyinə əlavə olan mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan hissəsinin naturada ayrılması qaydası nəzərə alınsın. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-385/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-385/2023
13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver