Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4185/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “çıxarışın ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “çıxarışın ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına hüquqların ilkin qeydiyyatı ilə bağlı verilmiş 02.08.2017-ci il tarixli çıxarışın, Cavabdeh2 adına hüquqların təkrar qeydiyyatı ilə bağlı verilmiş 12.08.2017-ci il tarixli çıxarışın ləğv edilməsinə, onlar arasında 24 saylı DNK-da bağlanmış 4Ə-236 reyestr nömrəli 06.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, mübahisə obyekti - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5, ümumi sahə 970 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı sahiblik və istifadə hüquqlarının mövcudluğunun tanınmasına, cavabdeh şəxslər tərəfindən tikilmiş hasarın sökülməsinə və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarlarına əsasən fərdi ev tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan məhəlləsində ayrılmış ümumi torpaq sahəsindən bir hissə - 12 sotdan (1200kv.m.-dən) ibarət 970 nömrəli torpaq sahəsi 08 oktyabr 1997-ci il tarixində Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 saylı qərarından çıxarışa əsasən və qərara əlavə olunmuş sxemə əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış və təhvil verilmişdir. Həmin zaman bunun bütün sənədləşdirilməsini atası aparmış və torpağı alarkən onun adına sənədləşdirmişdi. Onların orada ev tikmək fikri vardı. Lakin, əvvəllər maddi imkansızlıq üzündən, daha sonra isə şəhərdəki evləri genişləndirmək istədiyindən bağ ev tikintisini təxirə saldığı üçün uzun müddət orada tikinti işləri apara bilməmişdir. Bununla belə torpağın faktiki sahibi idilər və torpaq sahəsi onların istifadəsində idi. Bunu ərazidəki və qonşuluqdakı insanlar da bilirdilər, onlarla tanışlıqları da var idi. Son vaxtlar işlərinin çoxluğundan əraziyə gedib baş çəkə bilməmişlər. Keçən il xəbər tutmuşlar ki, həmin torpaq sahəsi kənar şəxslər tərəfindən hasarlanmışdır. Bununla əlaqədar olaraq, aidiyyəti orqanlarda məsələni aydınlaşdırmağa çalışmışlar və ərazi polis orqanına şikayət ərizəsi ilə müraciət edib torpaqları zəbt edən şəxsləri müəyyən etməyə çalışmışlar. Atasının ərizəsi əsasında Sabunçu RPİ-nin 14-cü PB-də aparılan təhqiqatın gedişində aşkara çıxarılmışdır ki, həmin torpaq sahəsi Cavabdeh2 ad-soyadlı şəxs tərəfindən hansısa sənədlər əsasında rəsmiləşdirilərək çıxarış əldə edilmişdir. Lakin onu təhqiqata cəlb etmək, məlumt almaq, zəruri sənədlərini təqdim edilməsini tələb etmək, şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təhqiqatçı tərəfindən mobil telefonuna zəng vurulduqda isə özünü hərbiçi kimi təqdim etmiş, hərbi xidmətdə olmasını söyləmiş, təhqiqata gələ bilməyəcəyini bildirmişdir. Təhqiqatçının 06 noyabr 2020-ci il tarixli qərarı ilə məsələnin mülki mübahisə olması qənaətinə gəlinmiş və cinayət işinin başlanması rədd edilmişdir. Bununla əlaqədar, o da hüquqşünas mütəxəssislərə və vəkillərə müraciət edərək mülki icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir və zəruri sənədləri toplamağa başlamışdır. 1 saylı Bakı Ərazi İdarəsinə verdiyi sorğuya 30.03.2021ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5, Ümumi sahə, 970 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 07 nömrəli 17.07.1998-ci il tarixli Sabunçu Rayon icra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışa əsasən 02.08.2017-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 24 saylı DNK-nın 4Ə-236 reyestr nömrəli 06.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi 12.08.2017-ci il tarixdə Cavabdeh2 (arxiv əsaslarında mövcud olan şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən AZE nq ********; xx.xx.1987-ci il təvəllüdlü, Şuşa şəhəıində anadan olmuş və Şuşa şəhəri, Çəmənzəminli küçəsi, ev 8, mənzil 7-də yaşayan) adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə verilmiş sorğuya 02.04.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, "...ərizədə qeyd etdiyiniz Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 1200 kv 970 saylı torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.” AR Müdafiə Nazirliyinə verilmiş sorğuya 01.04.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, Cavabdeh2 Azərbaycan Ordusunda zabit və gizir (miçman) qismində xidmət keçməsi barədə məlumat yoxdur. ” Beləliklə, ona məxsus sənədlərdən görünür ki, 12 sotdan(1200kv.m.-dən) ibarət 970 nömrəli torpaq sahəsi ona 08 oktyabr 1997-ci il tarixində ayrılmışdır. 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan isə görünür ki, 970 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh1 adına Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 07 nömrəli 17.07.1998-ci il tarixli qərarından çıxarışa əsasən 02.08.2017-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Göründüyü kimi, torpaq sahəsi ona daha öncə ayrıldığı halda, başqası tərəfindən qanunsuz sənədləşmə ilə rəsmiləşdirilmiş və özəlləşdirilərək başqasına - 3-cü bir şəxsə satılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmyaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin ifadələrini dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. -Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 08 oktyabr 1997-ci il tarixli, 10 nömrəli çıxarışının surətindən görünür ki, İddiaçı Maştağa qəsəbəsində sahəsi 970 nömrəli olan fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin çıxarış və yerləşmə sxeminin surətindən görünür ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 970 saylı sahəsi 1200 kv/m torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 mart 2021-ci il tarixli, **********59 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5, Ümumi sahə, 970 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 07 nömrəli, 17.07.1998-ci il tarixli Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışa əsasən 02.08.2017ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 24 saylı DNK-nın 4Ə-236 reyestr nömrəli 06.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi 12.08.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyətinin Maştağa qəsəbə üzrə nümayəndəliyinin 69 nömrəli, 02.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 1200 kv.m 970 saylı torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır. Həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. -06 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. -01.04.2021-ci il tarixli, 1/Ə-8154 nömrəli Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsində keçirilən uşot sənədlərinə əsasən Cavabdeh2 Azərbaycan Ordusunda zabit və gizir qismində xidmət keçməsi barədə məlumat yoxdur. Cavabdeh2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçib-keçməməsi barədə məlumat almaq üçün Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərliyinin İdarəsinə müraciət edilməsi barədə məlumat verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 02.08.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5, ümumi sahə 970 ünvanında yerləşən əmlak Cavabdeh1 mülkiyyətində olmuşdur. -AN-İ nömrəli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5, ümumi sahə 970 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə Cavabdeh2 06.08.2017-ci il tarixdə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsin əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddia tələbinin bir hissəsini əhatə edən Cavabdeh1 adına hüquqların ilkin qeydiyyatı ilə bağlı verilmiş 02.08.2017-ci il tarixli çıxarışın ləğv edilməsinə tələbina dair məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Belə olan halda, məhkəmə iddia tələbinin həmin hissədə məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1.ci maddəsini rəhbər tutaraq 26.07.2021-ci il tarixli, 2(008)-4185/2021 saylı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərardadı ilə mülki işin icraatına xitam vermişdir. Məhkəmə qanunvericiliyin tələbləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin bir hissəsinə əhatə edən Cavabdeh1 adına hüquqların ilkin qeydiyyatı ilə bağlı verilmiş 02.08.2017-ci il tarixli çıxarış nə qədər ki ləğv edilməmişdir və həmin çıxarış əsasında keçmiş mülkiyyətçi ilə hal hazırdakı mülkiyyətçi olan digər cavabdeh X2 arasıda bağlanmış daşınmaz əmlakın alqı satqısına dair 4Ə/236 reystr nömrəli 06.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz, o cümlədən həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 12.08.2017-ci il tarixdə verilmiş çıxarış ləğv edilə bilməz, o cümlədən iddia tələbinin digər hissələrini əhatə edən iddiaçının sözügedən torpaq sahəsinə sahblik və istifadə hüququ tanına, cavabdeh şəxslər tərəfindən tikilmiş hasar sökülə və torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olunmadığından ödənilmiş dövlət rüsumu İddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “Cavabdeh2 adına hüquqların təkrar qeydiyyatı ilə bağlı verilmiş 12.08.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, onlar arasında 24 saylı DNK-da bağlanmış 4Ə-236 reyestr nömrəli 06.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə obyekti ilə bağlı sahiblik və istifadə hüquqların tanınması, cavabdeh şəxslər tərəfindən tikilmiş hasarın sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4185/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4185/2021
26.07.2021 · Müqavilələrin bağlanması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver