Məhkəmə qərarları › İş №2(103)-10312/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10312/2021

24.11.2021 · Müqavilələrin bağlanması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10312/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(008)-4185/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (3-cü şəxslər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “çıxarışın ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına hüquqların ilkin qeydiyyatı ilə bağlı verilmiş 02.08.2017-ci il tarixli çıxarışın, Cavabdeh2 adına hüquqların təkrar qeydiyyatı ilə bağlı verilmiş 12.08.2017-ci il tarixli çıxarışın ləğv edilməsinə, onlar arasında 24 saylı DNK-da bağlanmış 4Ə-236 reyestr nömrəli 06.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, mübahisə obyekti- Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4, ümumi sahə 970 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı sahiblik və istifadə hüquqlarının mövcudluğunun tanınmasına, cavabdeh şəxslər tərəfindən tikilmiş hasarın sökülməsinə və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarlarına əsasən fərdi ev tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan məhəlləsində ayrılmış ümumi torpaq sahəsindən bir hissə - 12 sotdan (1200kv.m.-dən) ibarət 970 nömrəli torpaq sahəsi 08 oktyabr 1997-ci il tarixində Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 saylı qərarından çıxarışa əsasən və qərara əlavə olunmuş sxemə əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış və təhvil verilmişdir. Həmin zaman bunun bütün sənədləşdirilməsini atası aparmış və torpağı alarkən onun adına sənədləşdirmişdi. Onların orada ev tikmək fikri vardı. Lakin, əvvəllər maddi imkansızlıq üzündən, daha sonra isə şəhərdəki evləri genişləndirmək istədiyindən bağ ev tikintisini təxirə saldığı üçün uzun müddət orada tikinti işləri apara bilməmişdir. Bununla belə torpağın faktiki sahibi idilər və torpaq sahəsi onların istifadəsində idi. Bunu ərazidəki və qonşuluqdakı insanlar da bilirdilər, onlarla tanışlıqları da var idi. Son vaxtlar işlərinin çoxluğundan əraziyə gedib baş çəkə bilməmişlər. Keçən il xəbər tutmuşlar ki, həmin torpaq sahəsi kənar şəxslər tərəfindən hasarlanmışdır. Bununla əlaqədar olaraq, aidiyyəti orqanlarda məsələni aydınlaşdırmağa çalışmışlar və ərazi polis orqanına şikayət ərizəsi ilə müraciət edib torpaqları zəbt edən şəxsləri müəyyən etməyə çalışmışlar. Atasının ərizəsi əsasında Sabunçu RPİ-nin 14-cü PBdə aparılan təhqiqatın gedişində aşkara çıxarılmışdır ki, həmin torpaq sahəsi Cavabdeh2 adsoyadlı şəxs tərəfindən hansısa sənədlər əsasında rəsmiləşdirilərək çıxarış əldə edilmişdir. Lakin onu təhqiqata cəlb etmək, məlumt almaq, zəruri sənədlərini təqdim edilməsini tələb etmək, şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təhqiqatçı tərəfindən mobil telefonuna zəng vurulduqda isə özünü hərbiçi kimi təqdim etmiş, hərbi xidmətdə olmasını söyləmiş, təhqiqata gələ bilməyəcəyini bildirmişdir. Təhqiqatçının 06 noyabr 2020-ci il tarixli qərarı ilə məsələnin mülki mübahisə olması qənaətinə gəlinmiş və cinayət işinin başlanması rədd edilmişdir. Bununla əlaqədar, o da hüquqşünas mütəxəssislərə və vəkillərə müraciət edərək mülki icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir və zəruri sənədləri toplamağa başlamışdır. 1 saylı Bakı Ərazi İdarəsinə verdiyi sorğuya 30.03.2021- ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4, Ümumi sahə, 970 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 07 nömrəli 17.07.1998-ci il tarixli Sabunçu Rayon icra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışa əsasən 02.08.2017-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 24 saylı DNK-nın 4Ə-236 reyestr nömrəli 06.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi 12.08.2017-ci il tarixdə Cavabdeh2 (arxiv əsaslarında mövcud olan şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən AZE nq ********; xx.xx.1987-ci il təvəllüdlü, Şuşa şəhəıində anadan olmuş və Şuşa şəhəri, Çəmənzəminli küçəsi, ev 8, mənzil 7-də yaşayan) adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə verilmiş sorğuya 02.04.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, "...ərizədə qeyd etdiyiniz Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 1200 kv 970 saylı torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.” AR Müdafiə Nazirliyinə verilmiş sorğuya 01.04.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, Cavabdeh2 Azərbaycan Ordusunda zabit və gizir (miçman) qismində xidmət keçməsi barədə məlumat yoxdur. ” Beləliklə, ona məxsus sənədlərdən görünür ki, 12 sotdan(1200kv.m.-dən) ibarət 970 nömrəli torpaq sahəsi ona 08 oktyabr 1997-ci il tarixində ayrılmışdır. 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan isə görünür ki, 970 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh1 adına Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 07 nömrəli 17.07.1998-ci il tarixli qərarından çıxarışa əsasən 02.08.2017-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Göründüyü kimi, torpaq sahəsi ona daha öncə ayrıldığı halda, başqası tərəfindən qanunsuz sənədləşmə ilə rəsmiləşdirilmiş və özəlləşdirilərək başqasına-3-cü bir şəxsə satılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(008)-4185/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3-cü şəxslər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “Cavabdeh2 adına hüquqların təkrar qeydiyyatı ilə bağlı verilmiş 12.08.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, onlar arasında 24 saylı DNK-da bağlanmış 4Ə-236 reyestr nömrəli 06.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə obyekti ilə bağlı sahiblik və istifadə hüquqların tanınması, cavabdeh şəxslər tərəfindən tikilmiş hasarın sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə qeyd olunur ki, nə qətnamə, nə də qərardad iddiaçının ünvanına çatdırılmamışdır. Qərardad isə ümumiyyətlə nə iddiaçının vəkilinə, nə də özünə təqdim edilməmişdir. Həmin qərardad 26.07.2021-ci il tarixində deyil, sonradan (məhkəmə baxışı tamamlandıqdan sonra) qətnamə məhkəmə tərəfindən tərtib edilərkən çıxarılmışdır. Qeyd olunanlar ciddi prosessual pozuntudur və qərardad və qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən ssaxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki: -Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 08 oktyabr 1997-ci il tarixli, 10 nömrəli çıxarışının surətindən görünür ki, İddiaçı Maştağa qəsəbəsində sahəsi 970 nömrəli olan fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin çıxarış və yerləşmə sxeminin surətindən görünür ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 970 saylı sahəsi 1200 kv/m torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 mart 2021ci il tarixli, **********59 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4, Ümumi sahə, 970 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi 07 nömrəli, 17.07.1998-ci il tarixli Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışa əsasən 02.08.2017-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 24 saylı DNK-nın 4Ə-236 reyestr nömrəli, 06.08.2017-ci il tarixli alğısatqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi 12.08.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyətinin Maştağa qəsəbə üzrə nümayəndəliyinin 69 nömrəli, 02.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 1200 kv.m 970 saylı torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır. Həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. -06 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. -01.04.2021-ci il tarixli, 1/Ə-8154 nömrəli Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsində keçirilən uşot sənədlərinə əsasən Cavabdeh2 Azərbaycan Ordusunda zabit və gizir qismində xidmət keçməsi barədə məlumat yoxdur. Cavabdeh2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçib-keçməməsi barədə məlumat almaq üçün Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərliyinin İdarəsinə müraciət edilməsi barədə məlumat verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 02.08.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4, ümumi sahə 970 ünvanında yerləşən əmlak Cavabdeh1 mülkiyyətində olmuşdur. -AN-İ nömrəli, ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4, ümumi sahə 970 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə Cavabdeh2 06.08.2017-ci il tarixdə satılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbinin bir hissəsini əhatə edən Cavabdeh1 adına hüquqların ilkin qeydiyyatı ilə bağlı verilmiş 02.08.2017-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi hissəsində məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, çıxarış inzibati akt əsasında aparılmaqla, iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, məhkəmə iddia tələbini həmin hissədə məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1.ci maddəsini rəhbər tutaraq, 26.07.2021-ci il tarixli, 2(008)-4185/2021 saylı qərardadı ilə işin icraatına xitam vermişdir. Məhkəmə Mülki Məcəllənin 139.1, 140, 152.1, 152.2, 152.3, 178.1, 146.1, 146.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddia tələbinin bir hissəsinə əhatə edən Cavabdeh1 adına hüquqların ilkin qeydiyyatı ilə bağlı verilmiş 02.08.2017-ci il tarixli çıxarış nə qədər ki ləğv edilməmişdir və həmin çıxarış əsasında keçmiş mülkiyyətçi ilə hal-hazırdakı mülkiyyətçi olan digər cavabdeh X1 arasıda bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair 4Ə/236 reystr nömrəli 06.08.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz, o cümlədən həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 12.08.2017-ci il tarixdə verilmiş çıxarış ləğv edilə bilməz, o cümlədən iddia tələbinin digər hissələrini əhatə edən iddiaçının sözügedən torpaq sahəsinə sahblik və istifadə hüququ tanına, cavabdeh şəxslər tərəfindən tikilmiş hasar sökülə və torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə dair iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəf Cavabdeh1 adına hüquqların ilkin qeydiyyatı ilə bağlı verilmiş 02.08.2017-ci il tarixli çıxarışı inzibati qaydada mübahisələndirdikdən sonra, nəticəsindən asılı olaraq hazırki qətnamə ilə təmin edilməyən tələblə yenidən məhkəməyə müraciət edə bilər. Beləliklə, kollegiya iddianın yuxarıda qeyd olunan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;hər bir öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli normalarına müvafiq olaraq qiymət verir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(008)- 4185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar