Məhkəmə qərarları › İş №2(008)-4200/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4200/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4200/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Əliyeva Rədifə Fazil qızının Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abbasəli oğlundan vurduğu maddi və mənəvi ziyana ğörə 10000 (on min) manat və 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq ona ödənilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəzvinoba kənd sakini, ögəy əmisi oglu Cavabdeh əssasız olaraq istifadəsində olan şəhid qardaşının adına ev tikdirdikləri torpaq sahəsini güya onların dədə-baba torpaqları olmasını əsas gətirərək torpağı əllərindən almaq üçün qanuni yollarla bir nəticə əldə edə bilmədiyindən, istəyinə zoraki yollarla nail olmaq üçün daima onlarla münaqişə yaradır. Cavabdeh iddiaçının dədə-baba evini söküb dağıdıb. Bunun nəticəsində ona kifayət qədər zərər dəyib. Mütəmadi olaraq yaşadıqları əraziyə daxil olaraq ağır təhqir, şantaj və hədə-qorxu gələrək onları sındırmağa çalışır. Hətta onlara qarşı zorakılıq etməkdən belə çəkinmir. Məhz bu münaqişələrin birində ona və anası Xədicəyə xəsarət yetirdiyindən AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Masallı Rayon Məhkəməsinin qərarı ilə 9 ay azadlıqdan məhrum edilmişdir. Bu hadisə ilə əlaqədar iddiaçının anası uzun müddət müalicə olunmuşdur. Hal-hazırda da Cavabdeh Abbasəli oğlu mütəmadi olaraq iddiaçının normal yaşayışını pozur, ərazilərinə daxil olur, onları təhqir, şantaj edir, ruhi, əsəb, stres keçirməklərinə şərait yaradır. Bu barədə o, dəfələrlə Masallı Rayon Polis Şöbəsinə, X4 şikayət etsə də, cavabdeh onlara maddi və mənəvi ziyan vurmaqda dəvam edir. Belə şəraitdə yaşamaqda onlar onsuz da şəhid qardaşından sonra yaranan sarsıntıları, əsəb xəstəlikləri daha da artır. Mütəmadi mualicə almaq məcburiyyətində qalıllar. Bütün bunlar onsuzsuz da ağır olan maddi durumlarını daha da ağırlaşdırır. Ciddi ziyana salır. Cavabdeh iddiaçının dədə-baba evinin sökməsi, müalicəsi, onları şikayət etmək üçün get-gələ salması nəticəsində indiyə qədər on min manatdan çox ziyan vurub. xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barəsində ərizə ilə məhkməyə müraciət edərək, işin faktiki halları ilə və cavabddeh Cavabdeh tərəfindən ikinci dəfə keçirilən məhkəmə iclasında verdiyi ifadəsinə əsasən iddiaçının evinin Cavabdeh tərəfindən sökülməsi sübut olunduğu üçün, iddiaçının evinin sökülməsi ilə əlaqədar ona vurulmuş 19.920 (on doqquz min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan, iddiaçının evinin sökülməsi ilə bağlı keçirtdiyi mənəvi sarsıntılardan çəkdiyi ziyanın məbləğini 1000 (min) manat və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh idda tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Polis X8 Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, ***-*******21 nömrəli cavab məktubunda tərəflərə müraciətdə göstərilən xüsusatların mülki xarakterli olduğu və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən ******* nömrəli Çıxarışdan görünür ki, Masallı rayonu, Qəzvinoba kəndində yerləşən fərdi yaşayış evi 0,06 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Layihə-İstehsalat Bürosu” tərəfindən qiymətləndirilən Masallı rayonu, Qəzvinoba kəndində yerləşən İddiaçı məxsus ümumi sahəsi olan 62,6 m2, 1 mərtəbəli fərdi yaşayış evi binasına dəymiş maddi ziyan 19.920 manat təşkil edir. Məhkəmə ilkin olaraq iddiaçının evlərinin sökülməsi nəticəsində onlara dəymiş 19.920 manat maddi ziyanla bağlı qeyd edir ki, iş materiallarında 19.920 manat dəymiş maddi ziyanla bağlı mütəxəsis rəyi olsa da, vurulmuş ziyanın Cavabdeh tərəfindən törədilməsini təstiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Evin yerləşdiyi torpaq sahəsinin doğurdan da iddiaçıya məxsus olması və qeyd olunan evin məhz cavabdeh tərəfindən zökülməsini təstiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin tərəflər arasında dəfələrlə münaqişə baş vermiş Masallı Rayon Polis İdarəsində problemli ailə kimi qeydiyyata alınmışlar, Polisə müraciət əsasında Cinayət İşinin başlanmasının rədd olunması barədə 10-a yaxın qərar qəbul edilmiş və heç bir qərarda evin Cavabdeh tərəfindən sökülməsi öz təstiqini tapmamışdır. Eləcə də, hazırda iddiaçı X1 nümayəndəsi X5 tərəfindən iş materiallarında olan Xəzər Rayon Məhkəməsinə ünvanladığı vəsatətində evlərinin 2014-cü ildə Cavabdeh tərəfindən anaları X2 gözləri qarşısında söküldüyünü desə də, iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsində isə, analarının 2014-cü ildə Bakı şəhərində olan zaman Binə qəsəbəsində yaşayan qızının yanında qalaraq müalicə alan zaman evlərinin Cavabdeh tərəfindən sökülməsini eşitdiyini yazması iddiaçı öz dediklərini təkzib etməsi kimi qiymətləndirir. İş materiallarından da, göründüyü kimi iddiaçının evlərinin Cavabdeh tərəfindən sökülməsi və ona 19.920 manat maddi ziyan dəyməsi öz təstiqini tapmır. Belə olan halda maddi ziyanla bağlı hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə 1000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar