Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4253/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ünvanında yerləşən 21 saylı evin 34 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ev 21, mənzil 34 onun xüsusi mülkiyyətindir. Sözügedən mənzildə Cavabdeh pasport qeydiyyatındadır. Həmin şəxs onun oğlu olsa da, xeyli vaxtdır ki (10 ildən artıqdır ki), həmin ünvanda yaşamır, qeydiyyatı formal xarakter daşıyır. Bu fakt Bakı şəhər İcra Hakimiyyəti Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışı ilə də öz təsdiqini tapır. Cavabdehin həmin ünvanda qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olur. Ümumiyyətlə, cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onu narahat edir. Formal qeydiyyata son vermək üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, həmin qurum tərəfindən müraciətinin təminindən imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah emişdir. O, “öhdəliyin icrası tələbi” ilə oğlum Cavabdeh mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(112)-7413/2023 saylı qərardadı işə baxılmamış saxlanılmaqla aidiyyəti rayon məhkəməsinə müraciət etməsini tövsiyə etmişdir. Nəticədə, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olumuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ünvanında yerləşən 21 saylı evin 34 nömrəli mənzili xx.xx.2010-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı, Cavabdeh və X1 qeydiyyatdadırlar. Lakin Cavabdeh xx.xx.2013-cü il tarixdən etibarən sözügedən mənzildə yaşamır. Həmçinin iddiaçı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanından Cavabdeh pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənlər, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış, Azərbaycan Respublikasının DİN-nin ******* nömrəli arayışı, Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7314/2023 nömrəli qərardadı və s. sənədlərlə təsdiqlənir. Həmçinin “Elektron-məhkəmə” informasiya sisteminin şəxsin sərhədkeçməsi məlumatlarından məhkəməyə o da məlum olmuşdur ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən ölkə hüdudlarını tərk etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixən sonra yarandığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən onlar arasında mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətlərlə bağlı mübahisələr 01 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqenin hazırkı iş üzrə tətbiqi də qaçılmazdır. Belə ki, İddiaçı MA ******* seriya nömrəli çıxarışa əsasən, xx.xx.2010-cu il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ünvanında yerləşən 21 saylı evin 34 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçının oğlu - Cavabdeh 2010-cu ildən sonrakı vaxtdan etibarən həmin ünvanda qeydiyyatdadır. Lakin “Elektronməhkəmə” informasiya sisteminin sərhədkeçmə məlumatlarından göründüyü kimi, cavabdeh xx.xx.2014-cü il tarixdən ölkə hüdudlarını, müvafiq olaraq da mübahisəli mənzili könüllü tərk edərək getmiş və həmin vaxtdan onun harada yaşaması barədə heç bir məlumat yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən uzun müddət davamlı olaraq istifadə etməməsinin səbəbləri onun məhz həmin yaşayış sahəsinə ehtiyacı olmaması zərurətindən yaranmışdır. Çünki, məhkəmə tədqiqi zamanı cavabdehin qeyd olunan mübahisəli mənzildən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxslər tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hallar aşkar edilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdehin mübahisəli mənzildən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən istifadə hüququ olsa da, onun bu hüququna qeyd olunan əsaslara görə müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İddiaçı mənzil üzərində pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ünvanında yerləşən 21 saylı evin 34 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ünvanında yerləşən 21 saylı evin 34 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4253/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4253/2023
29.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver