Məhkəmə qərarları › İş №2(008)-4283/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4283/2021

14.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4283/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, polisin və icranın gözü qarşısında Qarabağ əlilinin torpağı bilərəkdən zəbt edərək ona qarşı saymazlıq edib yalanlar danışdığı, şərəf və ləyaqətini alçaltdığı üçün cavabdeh X1 zəbt etdiyi mülkiyyətinin dəyərinin 2 misli həcmində, yəni 50000 (əlli min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Azərbaycan Respublikasının ərazi bötövlüyü uğranda gedən döyüşlərdə sağlamlığını qismən itirmiş, İİ qrup Qarabağ Müharibəsi əlilidir. Bakı şəhər İcra Hakimiyyəti başçısının imzası ilə 10.06.1996-cı il tarixli və № 725 saylı sərəncamdan çıxarışa əsasən bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə Ləhic bağlarında 6010 nörməli bağ torpaq sahəsinin onun istifadəsinə verilməsi göstərilmişdir. Beləliklə, ona 6010 saylı 12 (on iki) sot bağ torpaq sahəsi ayrılmışdır. 2007-ci il tarixə kimi bu torpaq sahəsi boş, istifadəsiz qalmışdır. İmkansızlıqdan tikinti apara bilməmişdir. 2007-ci ildə torpağa baxmaq üçün gedəndə artıq ərazisində ev tikildiyini görmüşdür. Bu barədə ərizəyə əlavə etdiyi ərizə siyahısına əsasən subardinasiya qaydasında Azərbaycan Respublikasının prezdentinədək aidiyyəti orqanlara müraciətlər etmiş, ictimai informasiyada problemi işıqlandırmışdır. Nəticədə naməlum olan tikili sökülmüşdür. Bu barədə ərizələrinə verilmiş cavablar vardır. İİ dəfə isə 2016-cı ildə torpağı zəbt edilərək hasara alınmışdır. 05.08.2000-ci il tarixdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanımın adına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası DİN və Sabunçu RPİ-dən ərizəsinə verilən cavab məktubunda bildirilir: “bu işdə cinayət tərkibi yoxdur. Bakı şəhər İcra Hakimiyyətindən təmənnasız və birdəflik verilmiş № 6010 saylı bağ torpaq sahəsi rayon icra hakimiyyətinə və rayon polis əməkdaşlarına məlum olan şəxs tərəfindən zəbt edilib hasarlanmışdır. Polis və icra nə səbəbdənsə bu qanunsuzluğu araşdırmamışdır. Bununla bağlı əvvəllərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Zəbt edən şəxs haqqında məlumat olmadığından və sonradan onunla əlaqə saxlayıb danışıqlar apardığı üçün ərizəni geri götürməli olmuşdur. Amma cavabdeh tərəf Cavabdeh onu dəfələrlə aldatdığına və öz təkliflərini özü pozduğuna görə təkrarən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının R-63- 112 nömrəli, 27.07.2017-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının imzası ilə 10.06.1996-cı il tarixli və № 725 saylı sərəncamdan çıxarışa əsasən Ləhicdəki 6010 nömrəli bağ 241 nömrəli BTK tərkibində İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının A-221-148 nömrəli, 11.09.2020-ci il tarixli məktubun əsasən İddiaçı ərizəsinə baxılmış, mübahisəli məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Rayon Polis İdarəsinə yaxud məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 16.11.2016-cı il tarixli, **********73 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində 6010 nömrəli bağ sahəsinin ayrılmasına dair arxiv məlumatının əldə edilməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin arxivinə müraciət edilməsi barədə məlumat verilmişdir. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət Fərdi və Bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 9 nömrəli Orderin surətindən görünür ki, İddiaçı 1996-cı il tarixli, 725 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 nömrəli BTK nəzdində olan 6010 nömrəli bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999cu il tarixli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmə iclasında iştirak edən İddiaçı hansı səbəbdən polisin və icranın gözü qarşısında Qarabağ əlilinin torpağını bilərəkdən zəbt edərək ona qarşı saymamazlıq edib yalanlar danışdığı, şərəf və ləyaqətini alçatdığı üçün Cavabdeh məhz zəbt etdiyi mülkiyyətin dəyərinin 2 misli həcmində, yəni 50000 (əlli min ) manat məbləğində pulun tutulmasın məhkəmədə sübut edə bilməmiş və səbəbli əlaqə müəyyən edilməmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, İddiaçı iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öhdəsinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar