Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4389/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3750 manat maddi və 5000 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Binəqədi Pirşağı şossesində torpaq sahələri mövcud deyil. Çünki Cavabdeh1 və onun ailə üzvləri İsmayıllı rayonunda onlara məxsus torpaq sahələrinin olmalarına, orada yaşamaqlarına baxmayaraq, 2010-cu ildən Bakıya gəlib, Sovxozda kirayə evlərdə qalıblar. 2013-cü ildə isə onlara məxsus 45 sot torpaq sahəsinin kənarında gecəqondu etmişlər və bir daha həmin yerdən çıxmamışlar, üstəlik həmin torpağın onlara məxsus olmasını iddia edirlər. Üstəlik cavabdehlər və onların ailə üzvləri özlərini məcburi köçkün kimi qələmə verərək guya 1988-ci ilin oktyabrında Ermənistan Respublikası Əzizbəyov rayonundan qaçqın düşdüklərini iddia edirlər. Dövlət orqanlarına müraciət etdikləri zaman da qaçqın statusundan istifadə edirlər. Cavabdehlərin mübahisəli torpaq sahəsinə hüquqlarını təsdiq edən hər hansı bir sənədi mövcud deyil. Belə ki, cavabdehlər və onların ailə üzvləri İsmayıllı rayonu, Uştal kəndində qeydiyyatdadırlar. İsmayıllı Bələdiyyəsinin 22 avqust 2019- cu il tarixli məktubuna torpağa mülkiyyət hüququna dair dövlət aktı əlavə edilmiş və həmin akta əsasən Cavabdeh2 Məhərrəm oğluna və onun ailəsinə İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə 7,82 ha pay torpaq sahəsi verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 24 oktyabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh2 Məhərrəm oğluna Pirşağı bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. O səbəbdən də Pirşağı bələdiyyəsində torpağın ayrılması barədə heç bir sənəd mövcud deyil. Cavabdeh2 Məhərrəm oğlundan torpaq və əmlak vergisi alınmamışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyinin 23 oktyabr 2018-ci il tarixli məktubunda qeyd edilir ki, Sabunçu rayonu Binəqədi-Pirşağı şossesində, 25 saylı ərazidə vətəndaş Cavabdeh2 Məhərrəm oğluna aid torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığından bu haqda məlumatları təqdim etmək mümkün olmur. Cavabdehlər bizə məxsus torpaq sahəsini zəbt etməklə kifayətlənməyərək bizə qarşı dəfələrlə zorakılıq etməkdən və bizə maddi ziyan vurmaqdan belə çəkinməmişlər. Belə ki, 14.12.2015-ci il tarixdə cavabdehlər bizə məxsus torpaq sahəsində bizi söyüb təhqir etmiş, iddiaçı Nəcməddinə məxsus “VAZ 2107” markalı ** GV *** dövlət nömrə nişanlı avtomaşının ön alın şüşəsini daşla vuraraq sındırmış və iddiaçı Ələddinə məxsus “Vaz 2121” markalı ** XA *** dövlət nömrə nişanlı avtomaşınının arxa sağ krilasını taxta ilə vuraraq əzmiş və qabaq sol kreli Cavabdeh2 təpiklə vurub əzmiş, nəticədə bizə 350 manat ziyan dəymişdir. Şikayətimiz əsasında Sabunçu RPİ-nin 15-ci PB-də araşdırma aparılmış, bizə ziyan dəyməsi təsdiqlənmişdir. Lakin iş mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, 08.03.2018-ci il tarixdə torpaq sahəmizdə təmizlik abadlıq işləri apardığımız zaman Cavabdeh1 və gəlini bizim həyətimizə gələrək iddiaçı X2 nalayiq sözlərlə söyüb təhqir etmişlər. Cavabdeh1 taxta ilə Nəcməddinin bədəninin müxtəlif hissələrinə vuraraq xəsarət yetirmişdir. Məhkəmə tibbi ekspertizasının nəticəsinə görə də İsmayılov Nəcməddində xəsarətlərin olması müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində 28.03.2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış və Cavabdeh1 AR İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində onlara 200 manat maddi ziyan dəymişdir. Bundan başqa, 27.12.2017-ci il tarixdə özlərinə məxsus torpaq sahəsində Cavabdeh2 İddiaçı1 döyüb xəsarət yetirmiş və “VAZ 2106” markalı ** EE *** dövlət nömrə nişanlı avtomaşını taxta ilə vurub əzmiş, eyni zamanda avtomaşının qabaq sol qapısının şüşəsini sındırmaqla bizə 700 manat məbləğində ziyan vurmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, cavabdehlər torpaq sahələrindəki hasarı uçurmuş, çoxsaylı ağacları qırmış, torpaq sahəsində tikinti işlərinin aparılmasına mane olmuşlar. Cavabdehlərin hasarı uçurması, ağacları qırması videokamera vasitəsilə çəkilmiş və sübut qismində iddia ərizəsinə əlavə edilir. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onlara 2500 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehlər 2013-cü ildən bəri onlara yaşamağa, işləri ilə məşğul olmağa qoymurlar. Hər gün əsassız yerə (bəzi günlər isə gündə 3-4 dəfə) AR DİN-nin 102 xidmətinə əsassız, şər-böhtan dolu şikayətlər edib, onları şantaj edib narahat edirlər. Barələrində etdikləri çoxsaylı şikayətlər əsassız, şər-böhtan xarakterli və həqiqəti əks etdirmədiyindən öz təsdiqini tapmamışdır. Bütün gün telefonla onların, evlərinə gələn qonaqların şəklini çəkməklə, şəxsi həyatlarına müdaxilə etməklə onları şantaj edir, bununla da, əsəblərini tarıma çəkirlər. Onlara hərəkətlərinə qarşılıq vermir, lakin səssiz durduqlarını görüb hərəkətlərini daha da azğınlaşdırırlar. Məcbur qalıb, cavabdehlərdən şikayətlər edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, onlara xəsarət yetirmələri ilə bağlı müalicələr almış, dəfələrlə onlardan şikayət etmək məcburiyyətində qalmışlar. Öz işləri ilə məşğul ola bilməyib, aylarla Polis bölmələrində onların əsassız yerə etdikləri və öz təsdiqini tapmayan şikayətlərinin araşdırılmasında iştirak etməli olmuşlar. Cavabdehlərin onlara qarşı belə hərəkətlərinə görə onlar daxili iztirab və əzablar çəkmiş, səhhəti korlanmışdır, xeyli vaxt və əsəb sərf etmişlər. Bununla da onlara 5000 manat məbləğində mənəvi zərər dəymişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 18.06.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsi ilə müraciət edərək İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 3750 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun bizdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş hal-hazırda icraatdadır. İddiaçıların göstərdiyi bütün xüsusatlar tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin hallar heç bir sübuta əsaslanmadan, sadəcə formal mülahizələrlə əsaslandırılmışdır. İddia ərizəsində göstərilmiş xüsusatlar üzrə polisdə bir neçə dəfə araşdırma aparılsa da, cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin 27.12.2017-ci il tarixində aralarında olan mübahisəyə görə, Cavabdeh2 300 manat məbləğində inzibati cərimə növündə inzibati məsuliyyətə cəlb olunsa da, sonradan həmin qərar apelyasiya məhkəməsi tərəfindən ləğv olunmuşdur. Ona görə də hesab edir ki, iddiaçıların iddia tələblərinin rədd edilməsi barəsində qətnamə qəbul olunmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -24 dekabr 2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, vət. İddiaçı2 məxsus avtomaşının ön alın şüşəsinin sındırlması və qardaşına məxsus avtomaşının arxa sağ və qabaq sol buferinin əzilməsi nəticəsibdə ona 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan deymişdir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmişdir ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda , yəni 1000 manatdan 7000 manatadək ziyan vurulmaqla törədildikdə cinayət tərkibi yaradır. Buna görədə də, toplanmış matriallarda cinayət tərkibi olmadığından matrial üzrə cinayət işinin başlanılması rədd edilməlidir. -26 yanvar 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın suərtindən görünür ki, vətəndaş İddiaçı1 və vətndaş X1 qarşılıqlı şikayət ərizələri əsasında toplanan materialda cinayət tərkibi yoxdur. Belə ki, toplanmış matrialdan görünür ki, torpaq üzərində yaranmış mübahisə zamanı vət. Cavabdeh2 Məhərrəm oğlu övladı X3 ilə birlikdə İddiaçı1 qarşı qəsdən fiziki ağrı yetirməklə ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikləri üçün onlarn əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Digər faktlarla bağlı İddiaçı1 qardaşına məxsus Vaz 2106 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 və Z.M.İsmayılova tərəfindən arxa sol hissəsini, sol qabaq şüşəsini sındırılması ilə əlaqədar araşdırma aparılmış və dəymiş maddi ziyanın 600-700 manat olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmişdir ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 3000 manatdan 10000 manatadək ziyan vurulmaqla törədildikdə cinayət tərkibi yaradır. Bununlada törədilmiş əməldə AR.CM-nin 186-cı maddəsinin tərkib əlamətləri yaranmır. Digər tərəfdən toplanmış matrialdan görünür ki, vət. İddiaçı1 dəymiş maddi ziyanın ödənilməsi və tərəflər arasında torpaq üzərində yaranan mübahisə mülki mühakimə icraatı qaydasında həll edilməlidir. Buna görədə toplanmış matraillar üzrə cinayət tərkibi olmadığından matrial üzrə cinayət işinin başlanması rədd edilməli, lakin vət. Cavabdeh2 Məhərrəm oğlu övladı X3 barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi üçün qəbul edilmiş qərarın surəti rədd matrialı ilə birlikdə icra olunmasından ötrü ərazi aidiyyatı üzrə sahə inspekte=oruna həvələ edilməlidir. -28 mart 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın suərtindən görünür ki, vətəndaş İddiaçı1 DİN-nin 102 xidmətinə etdiyi müraciəti əsasında toplanan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-653/2018 saylı, 30 mart 2018-ci il tarixli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan ünvanladığı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 və başqalarının adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat olmadığı qeyd olunmuşdur. - Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsinin 180 nömrəli, 24 oktyabr 2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 Pirşağı Bələdiyyəsi tərəfindən torpaq ayrılması barədə hər hansı bir sənəd mövcud deyil, Cavabdeh2 torpaq və əmlak vergisi alınmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi-Pirşağı şossesi, 25 saylı sahə "xxxx" Kiçik Müəssisəsinin xüsusi mülkiyyətidir. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 43 nömrəli, 17 may 2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 və X4 hal-hazırda Pirşağı qəsəbəsi, Binəqədi Şossesi 25 ünvanında qanunsuz tikilmiş evdə qeydiyyatsız yaşayır. -İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Cavabdeh1 zorakılıq etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosesual Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Mülki işin matriallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə barədə 24.12.2015-ci il tarixli qərarın əslandırıcı hissəsindən də görünür ki, hazırkı mülki iş üzrə cavabdeh Cavabdeh2 Məhərrəm oğlu İddiaçı2 məxsus avtomaşının ön alın şüşəsinin sındırlması və qardaşına məxsus avtomaşının arxa sağ və qabaq sol buferinin əzilməsi nəticəsibdə ona 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsinə barədə 26.01.2018-ci il tarixli qərarın əslandırıcı hissəsindən də görünür ki, Cavabdeh2 Məhərrəm oğlu övladı X3 ilə birlikdə digər faktlarla bağlı İddiaçı1 qardaşına məxsus Vaz 2106 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 və Z.M.İsmayılova tərəfindən arxa sol hissəsini, sol qabaq şüşəsini sındırılması ilə əlaqədar araşdırma aparılmış və dəymiş maddi ziyanın 600-700 manat olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddia tələbinin 3750 manat maddi ziyanın cavabdehlərdən alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsinə barədə 24.12.2015-ci il tarixli və 26.01.2018-ci il tarixli qərarıları ilə yalnız hazırki mülki iş üzrə Cavabdeh2 Məhərrəm oğlunun İddiaçı2 ümumilkdə 1050 manat ziyan vurması sübuta yetrilir. İddia tələbinin mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1050 (bir min əlli) manat maddi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4389/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4389/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver