Məhkəmə qərarları › İş №2(008)-4441/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4441/2025

23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4441/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixdə “Ellada Palace” restoranında keçirilmiş qızı X1 toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının disk formatında alınıb verilməsi, həmçinin toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının verilmədiyi üçün toy məclisinin keçirilməsinə görə ödənilmiş 9000 manat pulun dəymiş maddi ziyan qismində alınıb verilməsi, eyni zamanda, toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazının verilməməsi nəticəsində, keçirdiyi mənəvi sarsıntı və iztiraba görə dəymiş mənəvi zərər qismində 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 147 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə "Ellada Palace” restoranında qızının toy məclisi keçirilmiş, lakin cavabdeh tərəfindən toy məclisində çəkilmiş fotoşəkillərə aid disk verilsə də, toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntülər bu günədək verilməmişdir. Belə ki, toy məclisindən bir neçə gün sonra videoçəkiliş üzrə görüntüləri almaq üçün toy məclisinin keçirildiyi “Ellada Palace” restoranına getsələr də, lakin həmin görüntülər (disk şəklində) onlara verilməmişdir. Səbəbini soruşduqda gah oğlan evinə verdiklərini, gah da bəyin özünə verdiklərini demişlər. Halbuki restoranda toy sahibi kimi ərinin və oğlunun mobil nömrəsi qeyd edilmişdir. Bu səbəbdən də, həmin diskin digər şəxslərə verilməsi məntiqə uyğun deyildir. Onları bu cür bir neçə dəfə get-gələ saldıqdan sonra və nəticədə müxtəlif bəhanələr uydurmaqla toy məclisinə dair videoçəkiliş üzrə görüntüləri verməkdən yayınmışlar. Daha sonra bu vəziyyətdən restoran rəhbərliyinin məlumatı olmuş və o da onlara əminliklə bu məsələni həll edəcəyini, o cümlədən həmin toy məclisinə dair aparılmış videoçəkiliş üzrə görüntüləri verəcəyini bildirmişdir. Onlarla razılaşaraq, gözləməli olmuşlar. Lakin bu dəfə də xeyli müddət keçmiş və nəticədə yenə də onlara həmin görüntüləri verən olmamışdır. Səbəbini soruşduqda həmin görüntülərin yenidən Türkiyədə yazılmalı olduğunu, buna görə də əlavə xərclərin yaranacağını bildirmişlər. Onlar buna da razı olmuş və həmin xərci çəkəcəklərini bildirmişlər. Lakin yenə də bütün bunlar sözdə ifadə olunmuş, əməldə isə heç nə ortaya qoyulmamışdır. Uzun müddətdən sonra isə onlara “hara istəyirsiniz, gedin şikayət edin” deyərək, toy məclisinə dair diski verməkdən imtina etmişlər. Buna görə də, xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edərək, məlum məsələnin araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsini xahiş etmişdir. Müraciətinin araşdırılması istiqamətində görülmüş tədbirlər nəticəsində, toy məclisini videoçəkiliş edən operatorun və restoranın digər məsul şəxsindən izahat alınmış, daha sonra ona xx.xx.2025-ci il tarixli məktub verilmişdir. Həmin məktubla aparılmış araşdırmanın nəticəsi olaraq şikayət ərizəsində qeyd olunan xüsusatların mülki hüquqi xarakterli mübahisə olduğu əsas gətirilərək ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edir ki, onlar qızlarına toy məclisi quraraq, onun xoşbəxt gününə şahid olmaq üçün bütün qohum, yaxın, dost, tanışları dəvət edərək gözəl məclis keçirmişlər. Buna baxmayaraq, 1 ildən artıqdır ki, onlar həmin toy məclisinə aid videogörüntüləri əks etdirən diski "Ellada Palace” restoranından əldə edə bilmirlər. Bu günə qədər bu məsələ ilə bağlı kifayət qədər mənəvi sarsıntı və iztirablar keçirmişlər. Ailəlikcə böyük mənəvi əzaba düçar olmuşlar. Toy məclisinin keçirilməsi üçün "Ellada Palace" restoranına 9000 manat pul ödəmişlər. Qeyd etdiyi, kimi el adətinə uyğun olaraq toy məclisi təşkil etmişlər, qonaqlar dəvət etmişlər, toy məclisində şənlənib qızılarının sevincli gününü birlikdə qeyd etmişlər. Lakin "Ellada Palace" restoranının bu cür hərəkəti onların sevincini yarımçıq qoymuşdur. Toy məclisi videoçəkilişlə aparılsa da, nəticədə həmin çəkilişə dair disk onlara verilməmişdir. Bunun nəticəsində həm maddi ziyana, həm də mənəvi zərərə uğramışlar. Belə ki, maddi ziyana ona görə uğramışlar ki, toy məclisi təşkil edib nəticədə restorana 9000 manat pul ödəmişlər, lakin toy məclisinin videoçəkilişini əks etdirən disk restoran tərəfindən onlara verilməmişdir. Mənəvi zərərə isə ona görə uğramışlar ki, toy məclisinin keçirildiyi gündən bir neçə gün sonra onlar stress-həyəcan yaşamağa başlamışlar və nəticədə mənəvi sarsıntı və iztirablar keçirmişlər. Hətta əri gecə-gündüz, baş verənləri fikirləşərək ürək ağrısına düçar olmuş, hər gün dərman qəbul edir. Bu hadisə insana çox pis təsir edir. Uzun illər övlad böyüdüb, onun xoş gününü görmək və yaddaşlarda qalması üçün videoçəkilişlə toy məclisi qurasan, lakin bunun sevincini yaşaya bilməyəsən. Çox pis vəziyyətlə qarşı-qarşıya qalmışlar. Bir valideyn kimi bu vəziyyət onlara çox pis təsir edir. Buna görə də hesab edir ki, toy məclisində aparılmış videoçəkiliş üzrə görüntülər (disk formatında) ona təhvil verilməlidir, əks halda, cavabdeh vurduğu həm maddi ziyanı, həm də mənəvi zərəri tam ödəməlidir. İddiaçı qeyd edilənlərə əsasən, iddia təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, tələb tamamilə əsassızdır. İlk növbədə məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının özünün də etiraf etdiyi kimi o, Cavabdeh MMC-yə müraciət edərək övladı üçün toy məclisinin təşkil edilməsini xahiş etmişdir. Bununla bağlı, o, şirkətə 9000 manat ödədiyini və ödədiyi pulun müqabilində də toy məclisinin baş tutduğunu etiraf etmişdir. Beləliklə, iddiaçının iddia ərizəsində göstərdiyi və məhkəmə iclası zamanı verdiyi izahatından bəlli olur ki, tərəflər arasında şifahi formada bağlanmış xidmət müqaviləsi üzrə toyun təşkili baş tutmuşdur, bu səbəbdən də toya görə ödənildiyi bildirilən 9000 manat pulun qaytarılması üçün əsas yoxdur. Fərz edilsə ki, hətta toyun diski iddiaçıya verilməsə belə, bu hal müqavilədən imtina edilib, ona görə ödənilmiş pulun qaytarılması üçün əsas ola bilməzdi. İddia tələbinin diskin verilməsi hissəsinə gəldikdə isə, cavabdeh tərəf olaraq bildirir ki, disk iddiaçı tərəfə verildiyi üçün hazırda cavabdehdə yoxdur. Məhkəmənin bu hissədə iddianı təmin etməsi gələcəkdə qətnamənin icrasını qeyri-mümkün edəcəkdir. Vurulmuş mənəvi zərərə görə kompensasiyanın ödənilməsinə dair tələbə gəldikdə isə, hesab edir ki, iddiaçının mülki münasibətlərdən irəli gələn öhdəliklərlə bağlı tələbi deliktə bağlamasına heç bir əsas yoxdur. Belə ki, toy görüntüləri olan diskə baxılmaması iztirabverici mənəvi əziyyətə səbəb ola bilməz. Xidmət müqaviləsi üzrə cüzi pozuntunun ağır mənəvi zərər səbəb kimi göstərilməsi əsassızdır. Digər tərəfdən, iddiaçı mənəvi sarsıntıya məruz qalması və bununla bağlı müalicə aldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2025-ci il tarixli 49-1/2-12-4190 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə şöbənin rəhbərliyinə ünvanlanlanan müraciətdə xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “Ellada Palace” adlı şadlıq sarayında toy edildiyi, lakin toya məxsus videogörüntülərin müxtəlif bəhanələr gətirilərək təqdim edilmədiyi qeyd edilmişdir. Aparılan araşdırma zamanı müraciətə göstərilən xüsusatların mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də, mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdə "Ellada Palace” şadlıq sarayında iddiaçının qızı X1 toy mərasimi keçirilmiş, bunun qarşılığında iddiaçı tərəfindən şadlıq sarayına 9000 manat pul ödənilmişdir. Toy mərasimi nəzərdə tutulan qaydada təşkil edilsə də, toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntülər iddiaçı tərəfə təqdim edilməmişdir. Cavabdeh tərəf toyun görüntüləri olan diskin təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hazırda İddiaçı "Ellada Palace” şadlıq sarayına qarşı iddia irəli sürərək, toy məclisini əks etdirən videoçəkiliş üzrə görüntülərin təqdim edilməməsi səbəbindən, toy məclisinin keçirilməsinə görə ödənilmiş 9000 manat pulun dəymiş maddi ziyan qismində və 10.000 manat pulun keçirdiyi mənəvi sarsıntı və iztiraba görə dəymiş mənəvi zərər qismində cavabdehdən tutularaq, ona ödənilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı ödədiyi 9000 manatın maddi ziyan qismində geri qaytarılmasını tələb etməkdə haqlı deyil. Belə ki, toy mərasiminin nəzərdə tutulan qaydada təşkili və baş tutması işin mübahisəsiz halıdır. Toyun təşkilinə yalnız toy məclisini əks etdirən videoçəkilişin aparılması daxil deyil. Videoçəkiliş onun bir hissəsidir. Fotoqrafın, musiqiçilərin, ofisiantların, aşpazların, təmizlikçilərin və toyun ərsəyə gəlməsində əziyyəti keçən digər şəxslərin zəhmət haqqı, həmçinin yeməklərin, içkilərin alınmasına sərf olunmuş vəsait, stol və stullardan istifadəyə görə, avadanlıqların işləməsinə görə elektrik enerjisinin, yeməklərin hazırlanmasına görə təbii qazın, suyun ödənişləri və digər məsələlərə görə ödənişlər həmin məbləğə daxildir. Bununla belə, məhkəmə qəbul edir ki, toy məclisini əks etdirən videogörüntülərin təqdim edilməməsi səbəbindən iddiaçıya zərər vurulmuşdur. Lakin həmin görüntülərin dəyəri maddi deyil, mənəvi aspektdən ölçülməlidir. Tərəflər arasında şifahi formada xidmət müqaviləsi bağlanıldığından, məhkəmə mənəvi zərərə delikt prizmasından deyil, Mülki Məcəllənin 779.1-ci maddəsindən yanaşmağı məqsədəuyğun sayır. Həmin maddəyə əsasən, vəkalət alan (cavabdeh olan şadlıq sarayı) tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə (iddiaçı olan fiziki şəxsə) dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, həmin maddədə zərər ümumi formada ifadə olunmuş, zərərin mahiyyətinə yalnız maddi olaraq yanaşılmamışdır. Ona görə də, məhkəmə belə hesab edir ki, həmin maddədə bəhs edilən zərər anlayışı həm də mənəvi zərəri əhatə edir. Bu səbəbdən də, iddiaçı mənəvi zərəri tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçının tələb etdiyi mənəvi zərərin məbləği toyun keçirilməsinə görə ödənilmiş məbləğdən yüksəkdir ki, məhkəmə həmin məbləği ağlabatan hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. Məhkəmə, qızının toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən videogörüntülərin təqdim edilməsinin iddiaçıda və ailə üzvlərində yaratdığı və təqdim edilməyəcəyi təqdirdə, bundan sonra da yaradacağı mənəvi sarsıntını, yəni davam edən sarsıntını, həmçinin kommersiya hüquqi şəxsi olan cavabdehin maddi vəziyyətini də nərəzə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərə görə, Cavabdehndən 3000 manat məbləğində pulun tutulmasını ədalətli, ağlabatan, işin hallarına və cavabdehin maddi vəziyyətinə uyğun hesab edir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, iddiaçının qızı X1 xx.xx.2024-cü il tarixdə “Ellada Palace” şadlıq sarayında keçirilmiş toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazı disk formatında Cavabdeh MMC-dən alınaraq, İddiaçı verilməli, həmin videoçəkilişi əks etdirən yazının disk formatında verilməsi mümkün olmayacağı təqdirdə, iddiaçının keçirdiyi mənəvi sarsıntılara görə, 3000 (üç min) manat məbləğində mənəvi zərər Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməli, əsassız olduğundan qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, dövlət rüsumunun 50 manat hissəsi cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçının qızı X1 xx.xx.2024-cü il tarixdə “Ellada Palace” şadlıq sarayında keçirilmiş toy məclisinə dair aparılmış videoçəkilişi əks etdirən yazı disk formatında Cavabdeh MMC-dən alınaraq, İddiaçı verilsin. Həmin videoçəkilişi əks etdirən yazının disk formatında verilməsi mümkün olmayacağı təqdirdə, iddiaçının keçirdiyi mənəvi sarsıntılara görə, 3000 (üç min) manat məbləğində mənəvi zərər Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 50 manat hissəsi cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar