Məhkəmə qərarları › İş №2(008)-4456/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4456/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4456/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Akif Qambayzadə adına 148 nömrəli dövlət ümumtəhsil məktəbinə qarşı “əmək müqaviləsinə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Akif Qambayzadə adına 148 nömrəli dövlət ümumtəhsil məktəbinə qarşı “əmək müqaviləsinə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 148 nömrəli məktəb (işəgötürən) arasında xx.xx.2004-cü il tarixdə bağlanmış əmək müqaviləsinin tarixinin səhvən xx.xx.2014-cü il tarixdə göstərilməsi səbəbindən yaranmış ziddiyyətin aradan qaldırmaq məqsədi ilə elektron informasiya sistemində mexaniki səhvin düzəlişinin təmin olunması vəzifəsinin cavabdeh şəxsin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk növbədə iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Eyni zamanda iddia ərizəsi müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuş, Bakı şəhəri Sabunçu rayonu Akif Qambayzadə adına 148 nömrəli dövlət ümumtəhsil məktəbi cavabdeh qismində cəl edilmişdir. Halbuki, iddia tələbi əmək müqaviləsində yol verilmiş yanlışlığın düzəldilməsidir, sözügedən əmək müqaviləsi də İddiaçı ilə Bakı Şəhəri üzrə Təhsil Mərkəzi ilə bağlanıldığından, işə götürən Bakı Şəhəri üzrə Təhsil Mərkəzi olduğundan iddia ərizəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi cavabdeh qismində göstərilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski – 51 olduğu müəyyən edilmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi cəlb olunmalı olduğundan mediasiya prosesində də tərəf kimi adı qeyd edilən idarə iştirak etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

12. 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edildiyindən tərəflər ilk öncə mediasiya prosesində iştirak etməlidirlər. Odur ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair sənəd iddia ərizəsinə əlavə edilmədiyindən və ərizənin müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya ilk növbədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etmək vəzifəsi izah edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi cavabdeh qismində göstərilməli olduğundan və onun hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu olduğundan iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı tələblə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Akif Qambayzadə adına 148 nömrəli dövlət ümumtəhsil məktəbinə qarşı “əmək müqaviləsinə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar