Məhkəmə qərarları › İş №2(008)-4545/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4545/2024

12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4545/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (anası) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, məcburi payın və maddi ziyanın tutulması barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixdə Qobustan rayon dövlət notariat ofisində təsdiq olunmuş 18 nömrə ilə qeyd edilmiş bağışlanma müqaviləsinin ləğvi, mirasdan ona düşən məcburi payın ayrılması, qiymətləndirilməsi və məcburi payın bağışlanmış əşya hesabına artırılması və dəymiş 40000 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Qobustan rayonunun Çuxanlı kəndində doğulmuşdur və hal-hazırda da həmin kənddə qeydiyyatdadır. Ailədə onunla birlikdə 3 qardaş, 1 bacı, anası Safura da daxil olmaqla 5 nəfər ailə üzvləri Qobustan rayonunun Çuxanlı kəndində yerləşən atasına məxsus evdə qeydiyyatdadılar. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atasının bütün dəfn xərclərini o, çəkmiş və qəbirüstü abidəsini saldırmışdır. Atası vəfat edəndən sonra ona məlum olmuşdur ki, 2010-cu ilin aprel ayında o, həmin evdə qeydiyyatda ola-ola ondan xəbərsiz Təklə icra nümayəndəliyinin xx.xx.2010-cu il tarixli 235 №-li saxta arayışı ilə evi kiçik qardaşı Rəşadın adına Qobustan rayon notariat kontorunda bağşlama müqaviləsi yolu ilə rəsmiləşdirilmişdir. O, həmin rəsmiləşdirilmədən atası vəfat edəndən təxminən 3 ay sonra xəbər tutmuşdur. Qanunun tələbinə əsasən isə şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti ilə məhdudlaşdırılmış olmasın. İstər 2010-cu ilə qədər, istərsə də ev bağışlanma yolu ilə rəsmiləşəndən sonrada evin bütün təsərrüfat işlərini o, görmüşdür. 2010-cu ildən sonra həmin evin təmirinə təxminən 40000 manatdan çox pul xərcləyərək evi təmir etdirmişdir (evi təmir edən ustaların hamısı buna şahiddir). Atasının sağlığında onun bütün xərclərini iddiaçı çəkmiş və xəstə olarkən müalicə etdirmişdir. Lakin qardaşı evin onun adına rəsmiləşdirildiyini bildiyi halda qəsdən bunu gizlədərək evlərinin onun tərəfindən təmir edilməsinə narazılığını bildirməmiş və evi təmir etdirməyinə mane olmamışdır. Evlərinin onun adına rəsmiləşdirildiyini bildiyi vaxtdan ona qanunla düşən payın verilməsini sülh yolu ilə təklif etsə də, Rəşad buna heç cürə razı olmamışdır. Ona görə də həmin məsələnin məhkəmə müstəvisində mirasdan məcburi payın ayrılması, qiymətləndirilməsi, məcburi payın bağışlanmış əşya hesabına artırılması, dəymiş maddi ziyanın həll edilməsi zərurətində qalmışdır. İddiaçı Mülki Məcəllənin 21, 666-667, 1133-1134, 1193-1195-cı və sair vərəsəlik münasibətlərini tənzimləyən maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, atasının ölümündən təxminə 3-4 əvvəl atası evi onun qardaşı Rəşada bağışladığını bildirmiş və sənədləri ona vermişdir. O, bu yaxınlarda bilmişdir ki, ev bağışlanan zaman o, həmin evdə qeydtyyatda olsa da, saxta sənəd əsasında bağışlanma həyata keçirilmişdir, halbuki onun da razılığı alınmalı idi. Özü başqa evdə yaşasa da hesab edir ki, ata mülkündə onun da payı var. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi (anası) X3 iddianın rədd edilməsini xahiş etdilər. Abdullayeva Safura eyni zamanda qeyd etdi ki, iddiaçının əvvəldən mübahisəli evin cavabdehə bağışlanması haqqında məlumatı olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavab doğma qardaşdılar. Qobustan rayonu, Çuxanlı kəndində yerləşən, ümumi sahəsi 199,6 kv metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onların ataları X5 məxsus olmuşdur (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Çıxarış, daşınmaz əmlakın reyestr nömrəsi **********56-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020). X7 həmin əmlakı xx.xx.2010-cu il tarixdə oğlu Cavabdeh bağışlamış, müqavilə Qobustan rayon dövlət notariat kontorunun notariusu T.Seyidov tərəfindən təsdiqlənmiş və reyestrə 4-Ə-18 nömrə ilə qeyd eilmişdir. Qobustan rayon İHB-ninTəklə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 235 №-li arayışa əsasən həmin bağışlanan evdə X7, onun arvadı X3 və oğlu Cavabdeh (cavabdeh) qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı həmin evdə xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır. X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 308940 №-li ölüm haqqında şəhadətnamə). Cavabdehin adına həmin ev xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********56-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü). xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddiaya etirazını aşağıdakı qaydada bildirmişdir. Qardaşlarının hər birinin evi olduğu üçün atası həmin bu mübahisəli evi ona bağışlayacağını bildirmişdir və iddiaçında bundan xəbəri vardır. Daha sonra o, Naxçıvana xidmətə getdiyi zaman iddiaçı həmin bu evdə hin, tövlə tikdirmişdir. Hal-hazırda o evdə heç kim yaşamır və iddiaçının tikdirdiyi heç nə ona lazım deyil. İddiaçı 2010-cu ildən bu evdə yaşamır. Hazırda iddiaçı bağışlanma müqaviləsini ləğv edilməsini, mirasdan ona düşən məcburi payın ayrılması, qiymətləndirilməsi, məcburi payın bağışlanmış əşya hesabına artırılması və dəymiş 40000 manat maddi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, müqavilənin ləğv edilməsini yalnız müqavilə tərəfi tələb edə bilər, iddiaçı isə müqavilə tərəfi olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, onun belə iddia qaldırmağa subyektiv hüquq mövcud deyil. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Göründüyü kimi, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən 13 il keçmişdir. Belə olan halda hədiyyə hesaba alınmamalıdır. İddiaçının özünün verdiyi izahata əsasən o, 3-4 il bundan əvvəl bağışlanma barədə məlumat almışdır. Lakin, məhkəmə bunu da inandırıcı hesab etmir, iddiaçı buna dair hərhansı sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı əmlak 40000 manat məbləğində təmir işi gördürməyə dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. İddiaçı dövlət rüsumunun da tutulmasnı da cavabdehdən istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyinə görə rüsum iddiaçıya aid edilməlidir. Lakin, iddiaçı müharibə veteranı olduğuna görə rüsum ödəməkdən azad olduğu halda rüsum ödəmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə dövlət büdcəsindən rüsumun ona qaytarılması barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar