Məhkəmə qərarları › İş №2(008)-4694/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4694/2025

26.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4694/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.2025-ci il tarixli 8İ-144 nömrəli icra qeydinin ləğv edilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi. İddiaçı Cavabdehnə qarşı "xx.xx.2025-ci il tarixli 8İ-144 nömrəli icra qeydinin ləğv edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı borcun qaytarılması tələbi barədə ərizəsi əsasında cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 8İ-144 nömrəli icra qeydi verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi müqavilə və digər bank sənədlərində onun həmin banka 1126,13 manat əsas və gecikdirilmiş 123 gün üçün 273,78 manat kredit borcu vardır. Lakin o, fiziki qüsurludur, onun danışıq və yazı qabiliyyəti yoxdur, heç bir vaxt heç bir banka kredit borcu olmamışdır və o, heç bir kredit müqaviləsinə imza çəkməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2023-cü ildə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, müştəri və bank təsdiq etmişlər ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı ilə xx.xx.2023-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən, ona 35 ay müddətinə illik 18,5 faiz dərəcəsi ilə 1520 manat kredit verilmişdir. İddiaçı kiminsə tərəfindən aldadılması bankın səhvi deyil, birbaşa müştərinin özü tərəfindən qorunmalı olan məlumatlardır və kiməsə ötürülməməlidir. Müştərinin istifadəsində olan mobil telefon vasitəsilə kredit üçün müraciət edilmiş, eyniləşdirmə aparıldıqdan sonra kredit rəsmiləşdirilmişdir. Müqavilə bağlandıqdan 16 gün sonra xx.xx.2023-cü ildə saat 17.00-da İddiaçı özü bankın Şuşa filialına yaxınlaşaraq kassa məxaric orderini imzalamaqla hesabında olan 1520 manat pulu nəqdləşdirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 istinad etdiyi xx.xx.2023-cü il tarixli TT**********5251520 nömrəli kassa məxaric orderinin əslini məhkəməyə təqdim etmişdir. Həmin sənəddə "Orderdə göstərilən məbləği aldım:" sözlərinin qarşısında əlyazma üsulu ilə imza icra edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin imzanın İddiaçı tərəfindən icra olunduğunu bildirmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 isə həmin imzanın iddiaçı tərəfindən icra edilmədiyini və bunun yoxlanılması üçün xətt ekspertizasının təyin olunmasına razı olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə ekspert rəyi məhkəməyə göndərilmiş, ona görə də işin icraatı təzələnərək məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci ilə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmənin hazırlıq iclası cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan keçirildi. İddiaçının nümayəndəsi Nümayəndə1 isə məhkəmənin hazırlıq iclası zamanı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və bildirmişdir ki, kassa məxaric orderində olan imzanın iddiaçı tərəfindən icra olunması ekspert tərəfindən təsdiq olunduğuna görə işin davam etdirilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi geri qaytarılmalı, eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ona görə də məhkəmə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 manatla bağlı qeyd edir ki, ekspertizanın keçirilməsinə iddiaçının nümayəndəsinin imzanı etiraf etməməsi səbəb olduğu və ekspert rəyi iddiaçının zərərinə olduğu üçün həmin məbləğ iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "xx.xx.2025-ci il tarixli 8İ-144 nömrəli icra qeydinin ləğv edilməsi" barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar