Məhkəmə qərarları › İş №2(008)-4759/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4759/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4759/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Sabunçu RPİ-nin müstəntiqi X4 və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil təlb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Sabunçu RPİ-nin müstəntiqi X4 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil təlb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 619,51 manat (aviabilet, məhkəmə, vəkil və digər xərclər) miqdarında maddi və 5*** manat məbləğində mənəvi zərərin əvəzinin tam tutularaq ödənməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində barəsində qanunsuz olaraq Cavabdeh müstəntiqi X7 tərəfindən ********* nömrəli cinayət işi üzrə ölkədən getmək hüququna ona heç bir məlumat verilmədən məhdudiyyət qoyulmuşdur. Bu barədə o, xx.xx.2022-ci il tarixdə qohumları ilə vacib bir səfərə çıxarkən hava limanında qanunsuz olaraq saxlanılarkən öyrənmişdir. Hava limanı əməkdaşları onun ölkədən çıxışına məhdudiyyət olduğunu dedilər və daha sonra hava limanına polis əməkdaşlarını çağırıb onlara təhvil verdilər. O, iki polis əməkdaşının müşayiəti ilə yaxın qohumları, azyaşlı övladı və insanların gözü qarşısında hava limanından çıxarılaraq PPX-nin avtomobilinə mindirilib hava limanındakı polis bölməsinə aparılmış, polis bölməsində tanımadığı şübhəli şəxs qismində saxlanılan adamlarla dörd saata yaxın gözləmə təcridxanasında saxlanılmış, daha sonra Sabunçu RPİ-nin əməkdaşlarına xəbər verilərək o, həmin polis idarəsinin əməkdaşları tərəfindən hava limanı ərazisindəki polis bölməsindən Cavabdehnə müstəntiq Məmmədəli Cümşüdovun yanına aparılmışdır. Bütün bunları yaşadıqdan sonra müstəntiq M.Cümşüdov ondan nə səbəbdən idarəyə gəldiyini soruşdu. O, isə öz növbəsində ona ölkədən çıxışına nə səbəbdən məhdudiyyət qoyulduğunu soruşanda, sərt və kobud şəkildə «yaxşı etmişəm, hara istəyirsiniz şikayət edin» dedi. İddiaçı həmin gün səhər saatlarından (uçuş 09:30, iki saat öncədən hava limanına gedilir) yuxusuz, yorğun, ac və susuz səkkiz saata yaxın SRPİ-nin müstəntiqi Məmmədəli Cümşüdovun qanunsuz hərəkətləri nəticəsində həm səfərindən qalmış, həm də stress və gərginlik yaşamışdır. Daha sonra o, hansı səbəbdən ölkədən çıxışına qadağa qoyulmasına dair Daxili İşlər Nazirliyinə və Sabunçu RPİ-nə dəfələrlə məktubla müraciət etsə də, qanunla nəzərdə tutulmuş müddət ərzində cavab ala bilməmişdir. Bu məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun qanunsuz şəkildə ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin edilmiş və Bakı şəhəri Cavabdeh müstəntiqi X2 ********* nömrəli cinayət işi üzrə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair xx.xx.2022-ci il tarixdə barəsində “Giriş-çıxış və qeydiyyat” İSMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilməsinə dair bildiriş tərtib etməkdən ibarət hərəkəti qanunsuz hesab edilərək ölkədən getmək hüququma qoyulmuş məhdudiyyət götürülmüşdür. Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1101.1, 1114.3, 1115-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”sinə istinad etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi aşağıdakı məzmunda iddia ərizəsinə etiraz göndərmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini üçüncü şəxs qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Göstərilənləri nəzərə alaraq İddiaçı Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş edirlər. İş üzrə cavabdehə məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş üzrə üçüncü şəxs Sabunçu RPİ-nin müstəntiqi X3 dəfələrlə sms-bildiriş göndərilməsinə, telefon vasitəsilə əlaqə saxlanılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. İş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi məhkəmə iclaslarıına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1986-cı il tarixdə doğlumuşdur (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). İddiası xx.xx.2022-ci - xx.xx.2022-ci il tarixlərinə 244,51 manat dəyərində Bakı- Tbilisi-Bakı istiqamətində Buta Airways şirkətindən uçuş bilet almış və 75 manat dəyərində baqaj dəyərini ödəmişdir (elektron biletin və ödənişin qəbzləri). İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair xx.xx.2022-ci il tarixdə barəsində “Giriş-çıxış və qeydiyyat” İSMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına üçüncü şəxs müstəntiq X4 tərəfindən bildirişin yerləşdrilməsi səbəbindən həmin gün iddiaçı uçuşunu gerçəkləşdirə bilməmişdir. İddiaçı məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh müstəntiqi X5 tərəfindən ********* nömrəli cinayət işi üzrə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhri Sabunçu raoyn Məhkəməsinin 6(008)-57/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Cavabdeh müstəntiqi X2 ********* nömrəli cinayət işi üzrə İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair xx.xx.2022-ci il tarixdə barəsində “Giriş-çıxış və qeydiyyat” İSMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilməsinə dair bildiriş tərtib etməkdən ibarət hərəkəti qanunsuz hesab edilmiş və İddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət götürülmüşdür. Həmin qərardan aşağıdakılar görünür. 220051458 №-li cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə X13 AR CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-819/2022 №-li qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, həmin cinayət işi üzrə İddiaçı şahid qismində ifadəsi alınmış və istintaq zərurəti ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə barəsində “Giriş-çıxış və qeydiyyat” İSMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilməsi dair bildiriş tərtib edilməklə icra edilməsi üçün AR DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı cinayət işi üzrə şəxsin şahid qismində dindirilməli olması özü-özlüyündə həmin şəxsin hüquqlarının, o cümlədən, ən fundamental hüquqlardan biri olan azadlıq hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Məhkəmə İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasını qanunsuz olmaqla onun azadlıq hüququna kobud müdaxilə kimi qiymətləndirmişdir. Həmin məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 təmsil etmişdir. İddiaçı həmin işdə vəkillə təmin olunmaq üçün «Leqal» vəkil bürosu ilə xx.xx.2022ci il tarixli 179 №-li müqavilə bağlamış, müqavilənin qiyməti 300 manat müəyyən edilmişdir. Beləliklə, İddiaçı 319,51 manat Buta Airways şirkətinə və 300 manat vəkil bürosuna ödəniş etmişdir (cəmi 619,51 manat). Hazırda iddiaçı cavabdehdən 619,51 manat manat maddi və 5*** manat mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, İİ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 5- ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6- cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7- ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edildiyi kimi, iddiaçı cinayət işi üzrə şahid qismində dindirilmiş və onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoylmuşudr. Göründüyü kimi, bu hal “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun təsiri altına düşmür, belə ki, belə hal həmin Qanunda nəzərdə tutulmamış və Qanunun təsir sferası konkret göstərilmişdir. Lakin, iddiaçının azadlıq hüququnun kobud şəkildə pozulması məhkəmə qərarı ilə təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına deyil, məhz iddiaçıya zərər vurmuş orqandan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi ziyan tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı ona dəyən 619,51 manat məbləğində maddi ziyanı (319,51 manat Buta Airways şirkətinə və 300 manat vəkil bürosuna ödənilmiş məbləğilər) tam sübut etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə 400 manat məbləğində mənəvi zərər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə Tbilisi şəhərinə uçuşunu gerçəkləşdirə bilməmiş, bundan 1 ay 10 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən Cavabdeh müstəntiqi X2 hərəkətlərinin qanunsuz hesab edilməsinə və məhdudiyyətin götürülməsinə nail olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi hallara dair məhkəməyə sübut təqdim etməmişdir (polis əməkdaşının müşayiəti ilə yaxın qohumları, azyaşlı övladı və insanların gözü qarşısında hava limanından çıxarılaraq PPX-nin avtomobilinə mindirilib hava limanındakı polis bölməsinə aparıldığı, polis bölməsində dörd saata yaxın gözləmə təcridxanasında saxlanıldığı, hava limanı ərazisindəki polis bölməsindən Cavabdehnə müstəntiq Məmmədəli Cümşüdovun yanına aparıldığı, həmin gün səkkiz saata yaxın yuxusuz, yorğun, ac və susuz qaldığına dair). Lakin, məhkəmə hesab edir ki, müstəntiq tərəfindən iddiaçıya münasibətdə ölkədən çıxışına qanunsuz şəkildə məhdudiyyətin qoyulması, iddiaçının başqa ölkəyə getmək istəyənə qədər bunu bilməməsi, uçuşunun bununla əlaqədar alınmaması nəticəsində iddiaçının müəyyən narahatçılıqlar, iztirab və sarsıntı keçirməsi labüddür. İddiaçının 1 ay 10 gün ərzində narahatlıq, məyusluq hissləri, stressin keçirilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd etmək istəyir ki, məhdudiyyət xx.xx.2022-ci il tarixdə tədbiq edilmiş olsa da, iddiaçı bunu xx.xx.2022-ci il tarixdə bilmişdir, yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı hər-hansı narpahatlıq hissi keçirməmişdir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı təqribən 500 – 1*** manat, «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir. İşin hallarından göründüyü kimi, iddiaçı azadlıqdan məhrum edilməmiş, lakin 1 a 10 ərzində istədiyi kimi sərbəst şəkildə ölkə hüdudlarını tərk edə bilməmişdir, bu da məhkəmənin mövqeyinə görə «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə təqribi uyğundur. Odur ki, məhkəmə hesab edir ki, mənəvi zərər 400 manat (bir aya görə 300 manat + 10 günə görə 100 manat) məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlura məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 619,51 manat miqdarında maddi və 400 manat məbləğində mənəvi zərər, cəmi 1019,51 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia 1019,51 manat hissədə təmin edildiyindən 30,19 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalıq hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 619,51 manat məbləğində maddi zərər, 400 manat məbləğində mənəvi zərər, cəmi 1019,51 manat və 30,19 manat dövlət rüsumu Cavabdehndan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalıq hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar