Məhkəmə qərarları › İş №2(008)-499/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-499/2024

16.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-499/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavavdeh Cavabdeh və oğlu X12 ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və mediasiya xidməti üçün ödənilmiş 51, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 51 manat dövlət rüsumunun Niftəliyeva (Həsənova) Amalya Ramiz qızından tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Niftəliyeva (Həsənova) Amalya Ramiz qızı onun gəlini olub. O, xx.xx.2008-ci il tarixdə iddiaçının oğlu X10 ilə nikaha daxil olaraq ailə qurmuş, 2019-cu ilin avqustun 24-də Niftəliyeva (Həsənova) Amalya Ramiz qızı azyaşlı uşağı ilə birlikdə evdən getmiş və həmin tarixdən indiyə kimi mülkiyyətində olan ünvan 1-yə gəlməmişlər. Niftəliyeva (Həsənova) Amalya Ramiz qızı ilə X10 arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Niftəliyeva (Həsənova) Amalya Ramiz qızı və onun uşağı 2019-cu ilin avqust ayından qeyd olunan ünvanda yaşamadığından, oğlu ilə aralarında olan nikahın pozulmasına baxmayaraq, cavabdeh hələ də onun evində pasport qeydiyyatında qalır. İddiaçı hesab edir ki, Niftəliyeva (Həsənova) Amalya Ramiz qızı və oğlu X7 onun xüsusi mülkiyyətində olan ünvan 1-dan istifadə hüquqlarının olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2014cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-588/2020 nömrəli 21 avqust 2020-ci il tarixli qətnamədən çıxarışın surətindən görünür ki, X10 ilə X6 arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci il tarixdə 624 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-44932/2023-**********32 nömrəli cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2, 6 nömrəli mənzil “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.1997-ci il tarixli 10 nömrəli protokoluna, xx.xx.1997-ci il tarixli arxiv arayışına, xx.xx.1997-ci il tarixli forma 2 arayışına, X3, X4 razılıq ərizələrinə əsasən xx.xx.1997-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 nömrəli DNK-nın 3MA-4-858 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 nömrəli DNK-nın 3MA-5-881 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2, 6 nömrəli mənzilə dair İddiaçı adına RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2, 6 nömrəli mənzil xx.xx.1998-ci il tarixdən X2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırki mübahisə ilə bağlı cavabdeh Niftəliyeva (Həsənova) Amalya Ramiz qızı xx.xx.2008-ci il tarixdə iddiaçının oğlu ilə nikaha girib həmin evə köçən zaman artıq sözügedən mənzil iddiaçının mülkiyyətində olmuş və cavabdehin həmin ünvana qeydiyyata düşməsi ilə bağlı hər hansı rəsmi razılıq ərizəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malkidirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yəni cavabdeh Niftəliyeva (Həsənova) Amalya Ramiz qızının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2, 6 nömrəli mənzilə dair istifadə hüququ yaranmadığından məhkəmə olmayan hüquqa xitam verə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, cavabdeh həmin evdə qeydiyyatda olsa da o, həmin evdə 2019-cu ildən yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2, 6 nömrəli mənzildə qeydiyyatı formal xarakter daşımış, ümumiyyətlə onun qeyd edilən evdən istifadə hüquqları mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh Niftəliyeva (Həsənova) Amalya Ramiz qızının mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıların həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Belə olan halda cavabdehlərin istifadə hüquqları olmadığı evə dair istifadə hüququna xitam verilməsi qanunvericiliyin tələblərinə zidd edildiyindən iddiaçıların iddiası rədd edilməlidir. Lakin qeyd edilən qətnamə cavabdehlərin həmin evdən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Bundan başqa məhkəmə iddia tələbininin yetkinlik yaşma çatmayan övladları X7 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 2, 6 nömrəli mənzildə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, yetkinlik yaşına çatmayanın yaşayış yeri valdeyinin yanı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və oğlu X9 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar