Məhkəmə qərarları › İş №2(008)-503/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-503/2025

22.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-503/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı mübahisə predmenti barədə müsatəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cəlb edilməklə “torpağın girişçıxışına qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmənin hazırlıq iclasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı mübahisə predmenti barədə müsatəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cəlb edilməklə “torpağın girişçıxışına qoyulmuş məhdudiyyətin götürülməsi və torpağın onun istifadəsinə qaytarılması zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı əmlakın **********71-10301 Reyestr nömrəli Texniki Pasportundakı sxem-planında göstərilən “həyətyani tikililərin və qurğularin texniki göstəriciləri” bölməsində “literlər” hissəsində “İİ” olaraq qeyd edilmiş darvazadan girişçıxışına maneə yaradaraq cavabdeh tərəfindən tikilən “E” tikiliyə birləşdirilən və əmlakı qanunsuz olaraq 2 yerə bölən daş hasarın və həmin daş hasara bitişik digər qanunsuz tikilinin cavabdehin hesabına oradan sökülməsi, cavabdeh tərəfindən əmlakın girişçıxışına və istifadəsinə yaradılan bütün məhdudiyyətlərin aradan qaldırılmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı əmlak aşağıdakı formada paylı mülkiyyətdədir. İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh2 1/6 hissə, X2 1/6 hissə. Həmin paylı əmlakın **********71-10301 reyestr nömrəli, Texniki Pasportundakı “A” tikili o, İddiaçı1 istifadəsindədir. Həmin texniki posportun plan sxemindəki “E” tikili isə Cavabdeh1 istifadəsindədir. Həmin texniki pasportda “həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri” bölməsində “literlər” hissəsində “İİ” olaraq qeyd edilmiş qurğuya əsasən darvazanın yeri qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, uzun illərdir həmin əmlakdan hamısı istifadə etmiş və giriş-çıxışı həmin qeyd olunmuş yerdəki darvaza olmuşdur. Halhazırda anası X2 vəfat etmişdir. Qalan digər 5 payçı həmin əmlakın mülkiyyətçiləridir. Lakin mülkiyyət sahiblərindən Cavabdeh1 paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı əmlakın torpağını istifadəsində olan evinin yerləşdiyi yerin üst tərəfindən mişar daşı ilə hasar çəkmiş və kustar üsulla tikili tikmişdir. Bunun da nəticəsində digər mülkiyyətçilərin həmin əmlaka giriş çıxışının qarşısı alınmış, həmçinin qanunsuz olaraq paylı mülkiyyətində olan 1/6 hissədən artıq hissəni, təxmini olaraq əmlakın yarısını qanunsuz olaraq ələ keçirmişdir. Hal-hazırda darvaza olan hissə cavabdeh tərəfdə qaldığı üçün miras əmlakdan istifadə edə bilmir. Cavabdehin qanunsuz olaraq çəkdiyi daş hasar əmlakın kənarı ilə içəridən gedən maşın yolunu bağlamış və nəticədə paylı əmlakın içərisində olan digər tikililərin sahibləri olaraq onlar həmin giriş-çıxışdan istifadə edə bilmir. Odur ki, yuxarıda göstərilən səbəblərdən **********71-10301 Reyestr nömrəli Texniki Pasportundakı plan sxemdəki tikililərdən əlavə olaraq cavabdeh tərəfindən torpağı 2 yerə bölərək çəkilmiş daş hasarın sökülməli olduğu və paylı əmlaka giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılmalı olduğunu hesab edir. Hal-hazırda əmlakına girə bilmir. Əmlakın girişi cavabdeh tərəfindən məhdudlaşdırılıb. Giriş olmadığından mülkiyyətindən istifadə edə bilmir. Problemin həll olunması üçün bütün lazımi orqanlara müraciət etsə də, heç bir orqan problemin həlli üçün ona köməklik göstərmədi. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin və digər orqanların məsuliyyətsizliyi nəticəsində mülkiyyətçilər kimi öz əmlakının üzərinə faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş baş planda “İ” ilə işarələnmiş E tikilisinin yaxınlığında olan tikilinin tövlə olduğunu, tövlənin ona məxsus olduğunu, həmin tövlə ilə E tikilisi arasında məsafə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, texniki paspuortda göstərilən A tikilisi onsuszda iddiaçı olan Tərlanın istifadəsindədəir, E tikilis isə onun öz istifadəsindədir. Texniki pasporta görə onsuzda torpaq sahəsindən yola çıxış A tikilinin yanındadır və iddiaçınında həmin torpağa girişi elə həmin qapıdadndır. Onun isə girişi öz evinin qarşısındadır. Torpaq sahəsini iki yerə ayıran hasar onun tərəfindən çəkilmişdir. Həmin hasarın iddiaçı Tərlana hər hansı bir maneəsi yoxdur. O öz torpaq sahəsinə və evinə rahat girib çıxır. Digər payçılar həmin ünvanda yaşamadığını, onların özlərinin evləri olduğunu, gələcəkdə torpaq sahəsindən istifadə etmək isdəsələr məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş baş planda “İ” ilə işarələnmiş E tikilisinin yaxınlığında olan tikilinin tövlə olduğunu, tövlənin iddiaçı Tərlana məxsus olduğunu, həmin tövlə ilə E tikilisi arasında məsafə olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsinin və üzərində yerləşə ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı3, 1/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi İddiaçı2, 1/6 hissəsi isə X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.13982 ha olan torpaq sahəsində F, E, D və A ilə işarələnmiş tikililər mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-53512/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvana baxış keçirilən zaman məlum oldu ki, **********71-10301 reyestr nömrəsi ilə qeydiyyata alınan daşınmaz əmlakın texniki pasportunda göstərilən "E” literli yaşayış evinin sol tərəfindən (2.2 m hündürlüyündə 11.5 m uzunluğunda) hasar çəkilib. Belə ki, “A" və "D” literli yaşayış evinə texniki pasportda “İİ” ilə göstərilən giriş qapısından giriş- çıxış tam məhdudlaşdırıb. Hazırkı vəziyyətdə “A" və “D" literli yaşayış evinə giriş-çıxış faktiki vəziyyətə uyğun tərtib olunmuş baş planda əks olunduğu kimi 0.8 m enində olan giriş qapısındandır. Faktiki vəziyyətə uyğun koordinatlar və izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə **********71-301 reyestr nömrəsi (vahid əmlak) ilə paylı mülk olaraq qeydiyyatdan keçmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə müki işin matriallarına əlavə edilmiş sənədlər ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsinin və üzərində yerləşə ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Paylı mülkiyyətdə olan torpaq sahəsinin və onun üzərində yerləşən A və D tikilisi İddiaçı1, E tikilisi isə cavabdeh X3 faktiki istifadəsindədir. Mütəxəssis rəyinə əlavə edilmiş baş plandan görünür ki, ünvana giriş baş plana uyğun olaraq 0.8 m enində olan İİİ rəqəmi ilə işarələnmiş giriş qapısındandır. Həmçinin torpağa əsas giriş isə cavabdehin istifadəsində qalmış İİ rəqəmi ilə işarələnmiş əsas giriş qapısındandır. Hazırda işin mübahisə olunmayna halı odur ki, cavabdeh sözügedən torpaq sahəsində yerləşən E tikilisinin sol tərəfindən 2.2 m hündürlüyündə və 11.5 uzunluğunda hasar çəkmiş, digər payçıların torpaq sahəsinin təcrid olunmuş hissəsinə daxil olmasına və giriş qapısından istifadə etməsinə maneə yaratmışdır. Beləliklə məhkəmə hesab edir ki, nə qədərki, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən 56.2 kv.m olan tikili tərəflərin paylı mülkiyyətindədir, payçılardan biri olan Cavabdeh1, paylı mülkiyyətdə olan torpaq sahəsinə hasar çəkməklə digər payçıların cavabdehin faktiki istifadəsində qalmış torpaq sahəsinə sərbəst şəkildə daxil olmasına və torpaq sahəsindən və əsas giriş qapısından sərbəst istifadə edilməsinə mane olduğundan iddia tələbi hasarın sökülməsi hissəsində təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin “həmin daş hasara bitişik digər qanunsuz tikilinin sökülməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında, həmçinin tərəflərin izahatında, mütəxəssis rəyində hasara bitişik cavabdeh tərəfindən tikilmiş hər hansı bir tikilinin mövcud olması müəyyən edilmədiyindən, həmçinin müəyyən edilsə belə torpaq sahəsinə tərəflərin mülkiyyət hüququ olduğundan və onun üzərində tikilmiş hər hansı bir tikiliyə gələcəkdə tərəflərin gözlənilə bilən mülkiyyət hüququ olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən əmlakın giriş-çıxışına və istifadəsinə yaradılan bütün məhdudiyyətlərin aradan qaldırılması” hissəsinə münasibət bildirərək hazırda iddiaçılar bütün məhdudiyyət deyərək mücərrət xarakterli tələb irəli sürdüyündən, həmçinin cavabdehin iddiaçılara hasar çəkərək, əsas giriş qapısından istifadə etməkə maneə olmaqdan başqa iddiaçılara başqa hər hansı bir məhdudiyyət yaratması müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə qismən təmin edilməli, torpaq sahəsindən və əsas giriş qapısından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sərbəst istifadə etməsinə Cavabdeh1 tərəfindən maneə yaradılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tələb qismən təmin edildiyindən iddia ərizi ilə məhkəməyə müraciət edərək iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəməyalnıztərəflərintəqdimetdiyisübutlarıaraşdırmalıvəonlardanistifadəetməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsində yerləşən “E” literli yaşayış evinin sol tərəfindən 2.2 m hündürlüyündə 11.5 m uzunluğunda Cavabdeh1 tərəfində çəkilmiş hasar Cavabdeh1 hesabına sökülsün. Paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsindən və əsas giriş qapısından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sərbəst istifadə etməsinə Cavabdeh1 tərəfindən maneə yaradılması qadağan edilsin. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar