Məhkəmə qərarları › İş №2(008)-5090/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5090/2025

29.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5090/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Seyfəddin oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh övladları X7 və X8 ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 01, mənzil 111 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda olan mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 55,71 kv. m. olan mənzil iddiaçının xüsusi mülkiyyətində olan əmlakıdır. Cavabdeh X5 iddiaçının oğlu X9 ilə rəsmi nikahda olduğu zaman iddiaçıya məxsus evə köçmüş və bir müddət evdə yaşamışdır. Bir müddət yaşadıqdan sonra özlərinə ev alaraq həmin evdə yaşamışlar. Sonradan onların nikahı Sabunçu rayon Məhkəməsinin 2(008)-3230/2024 saylı qətnaməsi ilə ləğv olunmuşdur. Bundan sonra cavabdeh iddiaçıya məxsus mənzili zəbt etmiş və hazırda da həmin mənzildə övladları ilə birgə yaşayır. Cavabdeh X2 mənzildə qeydiyyatsız və qanunsuz yaşaması iddiaçıya əmlakı üzərində mülkiyyət və digər hüquqlarını həyata keçirməyə maneələr yaradır. Cavabdehdən könüllü olaraq mənzildən çıxmasını xahiş etsə də, cavabdeh mənzildən könüllü çıxmır, müxtəlif bəhanələr edir. Cavabdehin xüsusi mülkiyyətində olan evi vardır və valideynlərinə məxsus mənzildə daimi qeydiyyatdadır. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək cavabdehin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 01, mənzil 111 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -Sabunçu Rayon Məhkəməsinin 2(008)-3230/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh Rafiq qızı arasında xx.xx.2005-ci il tarixdə tarixdə 724 № ilə qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 anası Cavabdeh Rafiq qızının yanında qalması və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək hər ay 235 manat, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay 235 manat sabit pul məbləğində alimentin iddiaçı X4 Cavabdeh Rafiq qızının xeyrinə tutulması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi mübahisəli hüquq münasibəti üzrə mübahisənin maddi hüquqi əsasını Mülki Məcəlləsinin 228-ci maddəsi təşkil edir. Həmin maddənin məzmunundan göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdeh isə mülkiyyətçinin ailə üzvü deyil, keçmiş gəlini olmuşdur. Odur ki, Cavabdeh həmin mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada yaşayış sahəsindən istifadə hüququ yoxdur. Ona görə də məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ olmayan cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə onun iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının həmin mənzil üzərində olan mülkiyyət hüququn pozulmasına gətirib çıxarmaqdadır. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əşyanı geri tələb edə bilər. (vindikasiya iddiası) Vindikasiya iddiasının təmin edilməsi üçün məhkəmə təcrübəsində aşağıdakı dispozisiya şərttləri nəzərdə tutulmuşdur ki, həmin tələblərin hər birinin mövcudluğu vindikasiya iddiasının təmin edilməsi üçün əsasdır, əgər həmin şərtlərdən biri olmadıqda isə iddia tələbi rədd edilməlidir. 1) Əşyanın mülkiyyətçisi iddiaçı olmalıdır. 2) Əşya cavabdehin sahibliyində olmalıdır. 3) Cavabdehin sahibliyi qanunsuz olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir (iş materiallarında olan çıxarışdan məlum olur). Mübahisəli mənzil isə cavabdehin sahibliyində olmaqla, həmin sahiblik qanunsuzdur. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin azyaşlı uşaqları da onunla birlikdə mübahisəli evdən çıxarılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2- ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Nəticə hissəsi Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh, övladları X7 və X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 01, mənzil 111 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda olan mənzilə istifadə hüquqularına xitam verilsin və onlar mənzildən məcburi qaydada çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar