Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-51/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Sadıqova Səidə Akif qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1800 manat maddi ziyan, 1000 manat vurulmuş mənəvi ziyan, həmçinin 550 manat hüququi yardıma görə, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 55, mənzil 8 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Yaşadığı evin bir mərtəbə yuxarısında yerləşən 11 nömrəli mənzildən ona məxsus mənzilə suyun axması nəticəsində evinə ziyan dəymişdir. Qeyd olunan 11 nömrəli mənzildə kirayəçi yaşadığından, dəfələrlə ev sahibi və kirayəçiyə suyun axıdılmasının dayandırılması, vurulmuş ziyanın ödənilməsi barədə müraciət etsə də, hər dəfəsində söz versələr də, eyni vəziyyət yenə də təkrarlanmışdır. Evin divarları və tavanı rütubətdən çatlamış, divarlardaki emulsiya örtüyü qopmuş, divarların boyası qalxmış və parçalanaraq tökülmüşdür. Suyun axıdıəlması ehtimal olunan 11 nömrəli mənzil Cavabdeh məxsusdur. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu 44 nömrəli Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli aktı ilə, həmçinin evin fotoşəkilləri ilə də təsdiq olunur, MKİS-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman cavabdehə məxsus olan 11 nömrəli mənzildən ona məxsus olan mənzilə su axıdılması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verdi, ekspert rəyi ilə razı olduğunu və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 55, mənzil 8 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur. 44 nömrəli MKİS-nin tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli “Akt”dan görünür ki, vətəndaş Cavabdeh məxsus olan 11 nömrəli mənzildən su axıdılaraq 8 nömrəli mənzilə ziyan vurulmuş və dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, yenə də su axıntısı davam etdirilmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 44 nömrəli Mənzil-Kommunal İstismarı Sahəsinin 14/1 nömrəli, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh müraciət edilərək, 11 nömrəli mənzildən su axıdılaraq vətəndaş İddiaçı məxsus olan 8 nömrəli mənzilə ziyan dəydiyi və su axıntısının qarşısını alaraq, dəymiş ziyanın aradan qaldırılmasını tələb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasının 04 may 2020-ci il tarixli, 1259 nömrəli sorğuya cavab məktubunda Vəkil bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1954-cü il təvəllüdlü İddiaçı göstərilən tarixlərdə poliklinikaya müraciət etmişdir: xx.xx.2012-ci ildə “Arterial hipertenziya İİ mərhələ”; xx.xx.2016-cı il -“Kəmərləyici dəmirov”; xx.xx.2018-ci ildə “Arterial hipertenziya İİ mərhələ”; xx.xx.2020-ci ildə -“Arterial hipertenziya İİ mərhələ”; 2020-ci ilin may ayı - “Arterial hipertenziya İİ mərhələ; Dissirkulyator ensefalopatiya”-diaqnozlar təyin olunmuş və müvafiq müalicə almışdır. - UltramedClinic tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli rentgen müayinədən görünür ki, İddiaçı döş qəfəsinin ön proeksiyasındaki rentgenoqrammasında ağ ciyərlərində patoloji kölgəliklər qeyd olunmamışdır. Kök və kök ətrafı nahiyələrin bronxdamar şəklinin güclənməsi qeyd olunmur. Diafraqma dəqiq, sinuslar sərbəst. Ürək bir qədər sola böyüyüb. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 55, mənzil 11-in Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 105726 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 55 nömrəli evin, 8 nömrəli mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 8 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən 11 nömrəli mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ile görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Su sızma hallarının baş vermə səbəbinə dair göstərilən amilləri nəzərə alaraq, 8 nömrəli mənzilə su sızması 11 nömrəli mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 11 nömrəliu mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 55 nömrəli evin, 8 nömrəli mənzillərin tavanı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 44 nömrəli MKİS-in əməkdaşları tərəfindən 8 nömrəli mənzilə baxış keçirmiş və aktın məlumatlarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 55 nömrəli evin, 11 nömrəli mənzildən suyun sızması müəyyən olunur və su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 698 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından göründüyü kimi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində olduğundan iddiaçı bununla bağlı mənəvi sarsıntı keçirməsi müəyyən edilir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Məhkəmə iddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması ilə bağlı hissəsini qismən əsaslı hesab edir. Eyni zamanda məhkəmə mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1800 manat maddi ziyanın cavabdehdən tutulmasını əsaslı hesab etmir. Belə ki, ekspert rəyindən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 55 nömrəli evin, 8 nömrəli mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 698 manat məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, maddi ziyan olaraq 698 manat, mənəvi ziyan olaraq 200 manat, hüquqi yardım üçün 550 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyan olaraq 698 (altı yüz doxsan səkkiz) manat, mənəvi ziyan olaraq 200 (iki yüz) manat, hüquqi yardım üçün 550 (beş yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-51/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-51/2024
27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver