Məhkəmə qərarları › İş №2(008)-5164/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5164/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5164/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı BOKT MMC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, müqavilələrin ləğvi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01481 saylı Kredit və Zaminlik Müqavilələrinin ləğv edilməsi , xx.xx.2022-ci il tarixinə Cavabdeh1 və Cavabdeh2 aid 692,18 manat məbləği əsas borc, 0,46 manat faiz borcu, 3,81 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 696,45 manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə 726,45 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01481 №-li kredit müqaviləsinə əsasən cavabdehə 16 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1495 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, 01481/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin iddia tələbində göstərilən borcu yaramışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01481 №-li kredit müqaviləsinə əsasən cavabdehə 16 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1495 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli, 01481/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin kredit müqaviləsi üzrə yaranmış 692,18 manat məbləği əsas borc, 0,46 manat faiz borcu, 3,81 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 696,45 manat təşkil edir. Hesabdan çıxarışdan həmin borcun ödənilməsi görünmür. Hazırda iddiaçı cavabdehdən kredit borcunun tutularaq ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, borcalan ilə iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. İddiaçı borcun tutulmasını eyni zamanda zamindən də istəyir. Məhkəmə hesab edir ki, tələb edilən borc müştərək qaydada hər iki cavabdehdən tutulmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda iddiaçı kredit və zaminlik müqavilələrin ləğv edilməsmin istəyir. Belə ki, Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarında görünür ki,iddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubları göndərmiş, cavabdehlər xx.xx.2022-ci il tarixdə almış, iddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01481 saylı Kredit və Zaminlik Müqavilələri ləğv edilməli, 692,18 manat məbləğində əsas borc, 0,46 manat faiz borcu, 3,81 manat məbləğində vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizi olmaqla cəmi 696,45 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 726,45 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli, 01481 saylı Kredit və Zaminlik Müqavilələri ləğv edilsin. 692,18 manat məbləğində əsas borc, 0,46 manat faiz borcu, 3,81 manat məbləğində vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizi olmaqla cəmi 696,45 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 726,45 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar