Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5175/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və cehiz əşyalarının çıxarılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “evə köçürülmə, evdə istifadə qaydalarının müəyyən edilməsi və hüqunun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və cehiz əşyalarının çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X4 (əvvəlki Aydınbəyov) küçəsi ünvanında yerləşən 43 saylı evdən cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi və cavabdehə məxsus qonaq otaqı mebeli - 1 ədəd künc divanı, 1 ədəd stol və 5 ədəd stul, 2 ədəd vitrin, 1 ədəd televizor altlığı; yataq otaqı mebeli - 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd geyim dolabı, 1 ədəd uşaq çarpayısı; 1 ədəd paltaryuyan maşın, yorğan-dösək, 3 ədəd xalça və qablardan ibarət cehiz əşyalarının evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “evə köçürülmə, evdə istifadə qaydalarının müəyyən edilməsi və hüqunun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 43 (hazırda X1 43) ünvanda yerləşən evdə onun və X6 ilə birgə nikahından olan azyaşlı uşağının istifadə hüquqlarının tanınmasına, evdən istifadə qaydalarının müəyyən edilməsinə, azyaşlı uşağı ilə birgə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X5 (əvvəlki adı Aydınbəyov) küçəsi, ev 43 onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun gəlinidir. Cavabdeh oğlu - X6 ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. 2021-ci ilin iyul ayında münasibətləri pisləşmiş, Cavabdeh azyaşlı uşağı - X7 ilə birlikdə evdən getmiş və həmin tarixdən indiyədək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X5 (əvvəlki adı Aydınbəyov) küçəsi, ev 43-ə gəlməmişlər. Cavabdeh ilə oğlu - X6 arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh 2021-ci ilin iyul ayından onun evində yaşamamasına, oğlu ilə olan nikahlarının pozulmasına baxmayaraq, hələ də onun evində qeydiyyatda qalır və özünə məxsus qonaq otağı mebeli - bir ədəd künc divanı, bir ədəd stol və 5 ədəd stul, iki ədəd vitrin, bir ədəd televizor altlığı; yataq otağı mebeli - bir ədəd taxt, iki ədəd tumba, bir ədəd termo, bir ədəd geyim dolabı, bir ədəd uşaq çarpayısı; bir ədəd paltaryuyan maşın, yorğan-döşək, 3 ədəd xalça və qablardan ibarət cehiz əşyaları da onun evindədir. Belə olan halda, mülkiyyətçi kimi onun hüquqları əsassız olaraq məhdudlaşdırılır, evindən sərbəst surətdə istifadəsinə maneə yaranır. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X5 (əvvəlki adı Aydınbəyov) küçəsi, ev 43-dən istifadə hüququnun olmaması məhkəmə qaydasında müəyyən edilməli və cehiz əşyaları evindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, İddiaçı oğlu X6 ilə nikahını rəsmi qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan azyaşlı uşağı var. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuş, nikah pozulandan sonra azyaşlı uşağı onun himayəsində qalmışdır. Nikah pozulandan sonra keçmiş əri və qaynınanası onu azyaşlı uşağı ilə birgə evdən zorla çıxarmış, geri qayıtmalarına imkan verməmişlər. Birgə nikah müddətində Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 43 (hazırda X1 43) ünvanda yerləşən evdə yaşamış, birgə təsərrüfat aparmış, həmin evə mülkiyyətçi və onun ailə üzvlərinin razılığı ilə pasport qeydiyyatına alınmışdır. İlkin iddia ərizəsindən, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi o, X6 ilə nikahlarını xx.xx.2015-ci il tarixdə rəsmi qeyd etdirməklə evlənmiş, həmin tarixdən mübahisəli mənzilə cavabdeh və onun ailə üzvlərinin razılığı ilə köçmüş, pasport qeydiyyatına düşmüş və yaşamağa başlamışdır. Lakin İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu xx.xx.2021-ci il tarixdə əldə etmiş, bu barədə Daşınmaz Əmlakın Dövlət reyesterində ********** saylı qeydiyyat da həmin tarixdə aparılmışdır. İlkin iddia ərizəsində qeyd olunan cehiz əşyalar həqiqətən ona məxsusdur və qeyd olunan fərdi yaşayır evində yerləşir. Göstərilənlərə əsasən o, qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştriakçılarının izahatlarını dinləyib, iş materiallarını araşıdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1 ünvanında yerləşən 43 saylı ev üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4838/2022 saylı qətnaməsindən görünür ki, X6 və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 Cavabdeh himayəsində saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - DİN-nin BPQM-nin MAPS şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayış və DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1 ünvanında yerləşən 43 saylı evdə qeydiyyatdadır. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Məhkəmə, hüquq tətbiqetmə təcrübəsində istifadə hüququnun yaranmasının müxtəlif rejimlərinin olduğunu diqqətə alıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı işin mübahisəsiz müəyyən edilmiş hallarına əsasən, X6 və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və mübahisə predmeti olan mənzilə həmin tarixdən sonra qeydiyyata düşmüşdür. Tərəflər arasında nikah münasibətləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4838/2022 saylı qətnaməsi ilə pozulmuşdur və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Tərəflər arasında münasibətlərin 2015-ci ildən sonra yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qanunvericiliyin tələbinə əsasən, yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinə aiddir. Ailə üzvünün yaşayış sahəsinə istifadə hüququ əldə olunsa belə, öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir və bu ehtiyac aradan qalxdıqda yaşayış sahəsinə istifadə hüququ itirilir. Hazırkı iş üzrə ilkin iddia üzrə Cavabdeh və iddiaçının oğlu X6 arasında nikah pozulmuşdur. Bu halı, eləcə də cavabdehin həmin mənzildə yaşamadığını nəzərə alaraq, məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı ailə münasibətləri aradan qalxmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1 ünvanında yerləşən 43 saylı evdən istifadə hüququ aradan qaldığından, o, həmin evdən istifadə hüququ olmayan şəxs hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İlkin iddia tələbinin cehiz əşyalarının evdən çıxarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh mübahisə predmeti olan evdən istifadə hüququ olmasa da, ona məxsus qonaq otaqı mebeli - 1 ədəd künc divanı, 1 ədəd stol və 5 ədəd stul, 2 ədəd vitrin, 1 ədəd televizor altlığı; yataq otaqı mebeli - 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd geyim dolabı, 1 ədəd uşaq çarpayısı; 1 ədəd paltaryuyan maşın, yorğan-döşək, 3 ədəd xalça və qablardan ibarət cehiz əşyalarının həmin evdə yerləşməsi iddiaçıya evindən istifadə etməsinə mane yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2 və 158.4-cü maddələrində göstərilir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə, tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, ilkin iddia tələbi tədqiq edilən hissədə də təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları - qonaq otaqı mebeli - 1 ədəd künc divanı, 1 ədəd stol və 5 ədəd stul, 2 ədəd vitrin, 1 ədəd televizor altlığı; yataq otaqı mebeli - 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd geyim dolabı, 1 ədəd uşaq çarpayısı; 1 ədəd paltaryuyan maşın, yorğan-dösək, 3 ədəd xalça, və qablar İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1 ünvanında yerləşən 43 saylı evdən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbini, onun faktiki və hüquqi əsaslarının mövcudluğunu, həmin tələb üzrə təqdim edilmiş sənədləri araşdırarkən bu qənaətə gəlir ki, ilkin iddia tələbinin təmin edilməsi və həmin tələbin haqlı olması barədə nəticəyə gəlinərkən yuxarıda göstərilən bütün əsaslandırma, qanunvericilik normalarına istinad özlüyündə qarşılıqlı iddianın əsassızlığını təsdiq edir və həmi hallar qarşılıqlı iddianın rəddi üçün əsasdır. Odur ki, Cavabdeh İddiaçı qarşı “evə köçürülmə, evdə istifadə qaydalarının müəyyən edilməsi və hüqunun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə, rədd edildiyindən, ilkin iddianın qaldırılması üçün ödənilmiş 100 manat məhkəmə xərci (50 dövlət rüsumu və 50 manat mediasiya xidmət haqqı) Cavabdeh aid edilməklə, ondan İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilsin. İddiaçı xüsusi mülkiyətində olan ünvan 4 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları: qonaq otağı mebeli - 1 (bir) ədəd künc divanı, 1 (bir) ədəd stol və 5 (beş) ədəd stul, 2 (iki) ədəd vitrin, 1 (bir) ədəd televizor altlığı; yataq otaqı mebeli - 1 (bir) ədəd taxt, 2 (iki) ədəd tumba, 1 (bir) ədəd termo, 1 (bir) ədəd geyim dolabı, 1 (bir) ədəd uşaq çarpayısı; 1 (bir) ədəd paltaryuyan maşın, yorğan-döşək, 3 (üç) ədəd xalça və qablar çıxarılsın. Qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia əriəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məhkəmə xərci Cavabdeh aid edilməklə, ondan İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5175/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5175/2023
25.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver