Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-527/2022 30.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “Audi Q7” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və bərpasına çəkilmiş 20.190 manat maddi ziyan, 10.000 manat mənəvi ziyan, 31 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 30.221 manat məbləğində pul vəsaitinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Audi Q7” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir, Azərbaycan Respublikası daxilində idarə edilməsi üçün xx.xx.2020-ci il tarixdə X5 xx.xx.2021-ci il tarixədək etibarlı olan etibarnamə verilmişdir. X9 xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xaqani küçəsində avtomobili idarə edərkən, arxada hərəkətdə olan “Mersedes-Benz GL550” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 ara məsafəsini düzgün seçməyərək “Audi Q7” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətməklə, avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsini araşdıran Bakı şəhəri BPİ-in DYPİ-in əməkdaşı tərəfindən Cavabdeh1 barəsində İXM-in 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və 40 manat inzibati cərimə olunmuşdur. Cavabdehlər tərəfindən maddi ziyan ödənilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Məhkəmə iclasında iştriak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh2 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının mülahizəsinə əsasən Cavabdeh1 hadisəni törədərkən onun idarə etdiyi avtomobilin sahibi (yəni o) yanında olmuşdur. Bu səbəbdən hal-hazırda iddiaçı Mülki Məcəllənin 1108-ci maddəsinin normalarına istinad edərək dəymiş maddi və mənəvi ziyanın müştərək qaydada ödənilməsini tələb etmişdir. Onun cavabdeh qismində işə cəlb edilməsini əsassız hesab edir. Çünki həmin normanın təsir dairəsinə, adından məlum olduğu kimi yüksək təhlükə yaradan fəaliyyətlə məşğul olan subyektlər aiddir. Bundan başqa, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin markası “Mercedes-Benz” "GL" 550 deyil, "CL" 550-dir. Cəmi bir hərf fərqinin olmasına baxmayaraq, "GL" və "CL" markalarının kuzov tipi bir-birindən tam fərqlidir. Yəni hazırda onun mülkiyyətində qalmış **-KP-*** qeydiyyat nişanlı avtomobilin kuzov tipi kupedir (iki qapılı sedan tipli). İddiaçının iddia ərizəsində təsvir etdiyi avtomobil markasının kuzov tipi isə suv (sport utility vehicle) tipinə aiddir. Bildirmək istəyir ki, “Mercedes-Benz CL 550” markalı, **-KP-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən onun mülkiyyətindədir. Həmin vaxtdan xx.xx.2020-ci il tarixədək avtomobil onun istifadə və sahibliyində olmuşdur. xx.xx.2020-ci il tarixdə o, X6 ilə avtomobilləri barter (əvəzləşdirmə) edərək, “Mercedes-Benz CL 550” markalı avtomobili X3, o isə özünə məxsus “Lexus İS-300” markalı avtomobili və üzərində pul məbləğini ona vermişdir. Həmin gün o, “Lexus İS-300” markalı avtomobili öz adına rəsmiləşdirmişdir. Lakin avtomobilin motor həcmi (5500 sm3) böyük olduğuna və rüsumu daha çox olduğuna görə Samir Babayevin rəsmiləşdirməyə maddi imkanı olmamışdır. Bu səbəbdən də, o, həmin şəxsə xx.xx.2020-ci il tarixdə 1 il müddətinə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Həmin tarixdən etibarən “Mercedes-Benz CL 550” markalı avtomobil üzərində istifadə və sahiblik hüququnu o həyata keçirmir. Bakı şəhəri 43 saylı notariat ofisindən aldığı rəsmi məlumatlara əsasən, X6 ona verdiyi sərəncamvermə haqqında etibarnamə ilə xx.xx.2020-ci il tarixdə “Mercedes-Benz CL 550” markalı avtomobili "nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi" əsasında X1. xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən, tərəflər arasında imzalanmış həmin müqavilənin şərtlərinə əsasən, satıcı özünə məxsus "Mercedes-Benz CL 550" markalı, **-KP-*** qeydiyyat nişanlı avtomobili alıcıya nisyə qaydada satır, alıcı isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq satıcıya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən, satıcı həmin müqavilə bağlandığı andan özünə məxsus "Mercedes-Benz CL 550" markalı, **-KP-*** qeydiyyat nişanlı minik avtomobilini alıcıya təhvil verir. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı həmin müqavilə bağladığı andan ona verilən etibarnamə əsasında "Mercedes-Benz CL 550" markalı, **-KP-*** qeydiyyat nişanlı minik avtomobili üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Beləliklə, xx.xx.2020-ci il tarixli müqavilədən də göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verərkən avtomobil onun istifadə və sahibliyində olmamışdır. Buna baxmayaraq, iddiaçının hansı əsasla iddia tələbində hadisə zamanı avtomobil sahibinin hadisə yerində olmasına istinad etməklə, X2 deyil, məhz onun orada olmasğı qənaətinə gəlməsi məlum deyil. Məhkəməyə təqdim etdiyi nisyə alqı-satqı müqaviləsinin son səhifəsində X2 fotoşəkli əks olunmuşdur. Əgər həqiqətən də, iddia ərizəsində qeyd edildiyi kimi avtomobil sahibi yolnəqliyyat hadisəsi zamanı digər Cavabdeh1 yanında olmuşdursa, o zaman iddiaçının avtomobilini idarə edən X9 onu tanımalıdır. Qeyd edilənlərdən başqa, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ona məxsus elektron kabinetdən çıxarışlara əsasən də sübut olunur ki, xx.xx.2021-ci il tarixdə, saat 13:43-də yol-nəqliyyat hadisəsi baş verməzdən bir neçə saat əvvəl məhz X7 İXM-in 346.1-ci maddəsi ilə, yəni dayanma qaydalarını pozmağa görə inzibati qaydada 20 manat məbləğində cərimə edilmişdir. O cümlədən, xx.xx.2021-ci il tarixdə, saat 22:20-də İXM-in 327.1-ci maddəsinin tələblərini pozduğu üçün, yəni əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu üçün digər Cavabdeh1 təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Etiraza əlavə olunmuş elektron kabinetdən çıxarışlara əsasən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra da avtomobil X2 istifadə və sahibliyində qalmaqdadır. Göstərilənlərə əsasən, cavabdeh iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin etirazını nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəssiz halından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 22:20 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz CL550” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus, X9 tərəfindən idarə olunan “Audi Q7” minik markalı, **-PP- *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Qeyd edilənlər işdə olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında İXP ******* nömrəli protokol, nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə məxsus “Audi Q7” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, avtomaşının təmiri üçün tələb olunan xərclər siyahısına əsasən İddiaçı MMC-yə məxsus “Audi Q7” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 15.520 manat, görülən işlərin dəyəri isə 4670 manat olmaqla, ümumilikdə 20.190 manat təşkil edir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 9/5124 №-li ekspert rəyinə əsasən, "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktındakı məlumatlara əsasən, avtoehtiyyat hissələrinin qiymətləri nəzərə alınmaqla, 2020-ci il buraxılışlı, “Audi Q7” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 19.569 manat müəyyən edilir. İddia tələbinin digər Cavabdeh2 aid olan hissəsinə gəldikdə isə, məhkəmə aşağıdakılara əsasən həmin hissədə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı, Cavabdeh2 qarşı iddia tələbini yalnız bir halla, yəni Cavabdeh1 idarə etdiyi “Mersedes-Benz CL550” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətində olması ilə əsaslandırmış, yuxarıda qeyd olunanlara və işin araşdırılan hallarına əsasən isə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin zədələnməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli olmuş və onun hüquqazidd hərəkəti nəticəsində, iddaçıya maddi ziyan dəymişdir. Digər Cavabdeh2 isə qeyd edilən yol-nəqliyyat hadisəsində təqsirli olması sübuta yetirilməmişdir. Bununla əlaqədar olaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin mahiyyətinə əsasən onun iddiaçıya dəymiş ziyana görə mülki-hüquq məsuliyyəti yaranmamışdır. Məhkəmə iddia tələbinin digər – vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsini aşağıdakılara əsasən əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının hüquqi şəxs kimi məhdud məsuliyyətli cəmiyyət olduğunu nəzərə alıb, habelə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə istinadən, məhkəmə, iddianın cavabdehdən mənəvi ziyanın tutulması hissəsində rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 19.569 manat məbləğində qiymətləndirilməli, iddia tələbi 19.569 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq, İddiaçı MMC-yə verilməsi hissəsində təmin edilməli, qalan hissədə isə iddia əsassız hesab edilərək rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsini əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 19.569 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 19.569 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 19.599 (on doqquz min beş yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-527/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-527/2022
30.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver