Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5447/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin həyətinə açılmış pəncərənin sökülüb daşla hörülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 20, mənzil 4 ünvanında yaşayır. Mənzil onun xüsusi mülkiyyətimdədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış verilmişdir. Cavabdeh onunla eyni ünvanda qonşuluqda yaşayır. Lakin aralarında olan qonşuluq münasibətlərinə heç bir hörmət göstərməyərək evindən birbaşa onun həyətinə baxan pəncərə açmışdır. Dəfələrlə xahiş və tələb etməsinə baxmayaraq cavabdeh açmış olduğu pəncərəni bağlamamışdır. Cavabdehin bu hərəkətləri onu və ailə üzvlərini evdə rahat şəkildə gəzmələrini bilavasitə qadağan edir. Bundan başqa, açılan pəncərə vasitəsi ilə onun evinin içində baş verən hər xırda detalı belə görür. Bununla bağlı o, Sabunçu Rayon Polis İdarəsinə müraciət edib, xx.xx.2023-cü il tarixli, 49-2/2-Ş-5249 nömrəli məktubu ilə ona göstərilən xüsusatların mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edə, mülki hüquqların müdafiəsi üçün məhkəmədə iddia qaldıra biləcəyi izah edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, evinə işıq düşmədiyindən pəncərə açdığını və qanunsuz heç bir hərəkət etmədiyini deyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh qonşusudur, evlərinə, yəni onun evinin həyətinə baxan yerdə pəncərə tikiblər. Aralarında bir neçə dəfə münaqişə olsa da yenə də cavabdeh öz bildiyini edib. Bu vəziyyət narahatçılıq yaradır, evdə hasar yoxdur və cavabdehn evinin divarı iddiaçının həyətinin içindədir. Evlərində 3 ədəd pəncərə olsa da, evin havasız şəraitdə olduğunu iddia edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahatında evin bünövrəsini 2008-ci ildən qoyduğunu, o zaman iddiaçının həmin ünvanda yaşamadığını dedi. Hazırda ona məxsus evdən açılmış pəncərədən iddiaçının həyəti görünmür, əgər məhkəmə bununla bağlı baxış keçirirərsə sübut olunacağını, iddiaçının digər qonşularının evlərinin pəncərələri birbaşa iddiaçının evinə baxdığını dedi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 2, mənzil 4 mülkiyyətçisi İddiaçıdır. (qeydiyyat tarixi xx.xx.2013) İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən hər 4 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçının həyətinə baxan hissəsinə cavabdehə məxsus fərdi yaşayış evindən pəncərə açılmışdır. Eyni zamanda cavabdehə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildi və müəyyən olundu ki, cavabdehə məxsus fərdi yaşayış evindən açılmış pəncərə vasitəsilə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 mənzil 4 ünvanında olan fərdi yaşayış evinin həyəti tam olaraq görünür. İş materiallarında olan 2022-ci ilin qış ayında iddiaçının həyətindən çəkilmiş fotoçəkilişdən aydın görünür ki, cavabdehə məxsus evin iddiaçının həyətinə baxan hissəsində hər hansı pəncərə və ya onun yeri yoxdur. Həmçinin məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi X2 məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq, evi 2008-ci ildə tikdiyini və evin tikildiyi zaman layihə simetasında da evinb arxa qonşu həyətinə baxan hissəsində pəncərə açılması nəzərdə tutulmadığını dedi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 71-ci maddəsinə əsasən 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin məcəllənin 72-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evinin həyətinə cavabdeh tərəfindən açılmış pəncərənin sökülüb daşla hörülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evinin həyətinə açılmış pəncərənin sökülüb daşla hörülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5447/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5447/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver