Məhkəmə qərarları › İş №2(008)-5513/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5513/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5513/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona vurduğu 100 manat maddi ziyanın ödənilməsinə, ona dəymiş 2500 manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməlində cinayət tərkibinin əlamətləri olduğundan işin materiallarının prokurorluğa göndərilməsi məsələsinə baxılsını, məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsinə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsini qanunun tələblərinə uyğun tərtib etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edildiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), maraqlı şəxsin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, maraqlı şəxsin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə maraqlı şəxsə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, maraqlı şəxslə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin, iddiaçı həm özünün, həm də cavabdehin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən məlumatlar, yəni şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN məlumatlarını qeyd etmədən məhkəməyə müraciət etmişdir. Həmçinin iddia ərizəsi ərazi aidiyyatı qaydalarına riayət edilmədən Bakı şəhər Sabunçu rayon Məhkəməsinə təqdim edilmişdir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, cavabdeh X1 rayonu, Əlikənd Ərazi Dairəsi, Ramal kəndində qeydiyyatdadır. Belə olan halda hazırki iddia tələbi “pul tələbi” olduğundan aidiyyatı üzrə Ucar Rayon Məhkəməsinə təqdim edilməli idi. Bundan əlavə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir və rüsum ödənilmədən məhkəməyə iddia ərizəsi təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada verilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar