Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-553/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 vəkili (etibarnamənin müddəti bitib) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailəsinin mülkiyyət toxunulmazlığı hüquqlarını pozan cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından ona və ailəsinə vurmuş olduğu 5300 (beş min üç yüz) manat məbləğində zərərin alınaraq ona verilməsi və məhkəmə üçün ödənilmiş 75 (yetmiş beş) manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının psixi vəziyyətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdə İddiaçı ilə ailə quraraq, ərinin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Həyat yoldaşı yüksək rütbəli zabitdir - polkovnikdir. Birinci və X4 torpaqların azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş və dəfələrlə orden və medallarla təltif olunmuşdur. Müharibə şəraitində çox vaxt o, həyat yoldaşı ilə bərabər ön cəbhə bölgələrində yaşamağa məcbur olurdu. Bu səbəbdən də ərinə məxsus olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinə vaxtaşırı gəlirdilər. Hər dəfə ərinə məxsus həmin evə gələndə ailə münaqişəsi zəminində baldızları - Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızı ilə aralarında mübahisələr yaranırdı. Ancaq ən son olaraq, onlar həmin ünvandakı evlərində olmadıqları zaman, fürsətdən istifadə edən baldızları onların evini elektrik cərəyanı ilə təmin edən elektrik naqillərini sıradan çıxarmış, bunun nəticəsində evlərini isidən kombinin qısa qapanma nəticəsində sxemi pozularaq tam yararsız vəziyyətə düşmüşdür. Həmin kombini onlar keçən il “Dəmirdöküm” firmasından 1700 manata almışlar. Həmçinin, Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının bu qanunsuz əməlləri nəticəsində evlərində olan “Samsung” markalı soyuducu da xarab olmuşdur. Soyuducunun içində olan xeyli sayda ərzaqlar da xarab olmuşdur. Həmin soyuducunun qiyməti 1200 (min iki yüz) manat təşkil edir. Habelə, onların qanunsuz əməlləri nəticəsində evlərində olan kamera yaddaşlı disk və 2 (iki) ədəd kamera da sıradan çıxmışdır. Bu kameraların sıradan çıxması nəticəsində onlara 450 (dörd yüz əlli) manat məbləğində zərər dəymişdir. Baldızlarının belə qanunsuz əməlləri nəticəsində, yenicə təmir etdikləri mənzilə xeyli ziyan vurulmuşdur. Belə ki, kombinin işləməməsi nəticəsində mənzilin daxilində rütubət və nəmişlik əmələ gəlmiş və mənzilin döşəmələri yararsız vəziyyətə düşmüşdür. Onların keçən il təxminən 1950 (min doqquz yüz əlli) manat məbləğində çəkdikləri təmir xərcləri havaya uçmuşdur. Nəticədə, Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının onların ailəsinə qarşı qanunsuz əməlləri nəticəsində 5300 (beş min üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Onların qanunsuz hərəkətlərinin foto və video görüntülərini, onu və ailəsini təhqiredici sözlərinin səs yazılarını da məhkəməyə təqdim edir. Hesab edir ki, cavabdehlərin ona və ailəsinə qarşı etdikləri bu hərəkətlər cəmiyyətdə psixoloji yöndən sağlam insanların etdikləri normal hərəkətlər deyil. Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının hisslərini cilovlaya bilməməsi, aqressiv hərəkətlər etməsi, onu və ailəsini nalayiq söyüşlərlə təhqir etməsi, ailəsinə vurduğu maddi ziyan və digər hərəkətləri onlarda psixoloji problemlərin olduğunu göstərməkdədir. Onların belə psixoloji pozuntularının olması həm onların ailəsi, həm yaxın qonşular və həm də cəmiyyət üçün çox təhlükəlidir. Belə ki, onların bu hərəkətləri onun övladlarının düzgün tərbiyəsinə mane olmaqda və hətta gələcəkdə ailəsinin dağılmasına da səbəb olmaqdadır. Həmçinin, qonşuların və yaxın qohumların da düşüncələri onun fikirləri ilə üst-üstə düşür. Baldızlarının belə qeyriadi hərəkətləri onda, qonşularında və yaxın qohumlarında onların psixoloji vəziyyətlərinin yerində olmaması şübhələri oyatmaqdadır. Bu hadisə barədə Sabunçu Rayon Prokurorluğuna və Sabunçu Rayon Polis İdarəsinə də ərizə ilə müraciət edilmişdir. Daha sonra iddiaçı X2 yazılı razılığı əsasında, o, əsl İddiaçı ilə əvəz edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçının və ailəsinin mülkiyyət toxunulmazlığı hüquqlarını pozan cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından iddiaçıya və ailəsinə vurmuş olduğu 5700 (beş min yeddi yüz) manat məbləğində pulun alınaraq ona verilməsi və məhkəmə üçün ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının psixi vəziyyətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, ziyan olaraq 5700 manatın 5500 manat kimi düzəliş edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 vəkili (xx.xx.2023-cü il tarixdə etibarnamənin müddəti bitib) Vəkil1 izahatında iddia tələbini qəbul etmədiyini, cavabdehlərin hərəkətləri nəticəsində nə evə, nə də əmlaka ziyan vurulması barədə iddiaçının hər hansı sübut təqdim etmədiyini, zərərin cavabdeh tərəfindən vurulmasının təsdiq olunmadığını bildirmiş, bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehlərlə uzun illərdir ki, qonşudur. O, işdən gələndə axşam saatlarında İddiaçı demişdir ki, işıq sönüb kamera işləmir, sayğaca baxmaq lazımdır. O, sayğaca baxanda avtomatdan söndürüldüyünü görmüşdür. Səhəri gün Gülağa yenidən ona zəng edib işığı yoxlamasını xahiş etmişdir. O, yenidən baxdıqda işığın avtomatdan söndürüldüyünü görmüşdür. Daha sonra Nailə ona demişdir ki, “sən kimsən ki, biz söndürən işığı yandırırsan”. Nailə orada yaşamır, anasıgilə gəlmişdir. Onun işığı yandırdığını Nailəyə yəqin ki, qonşular demişdir. O, işığı yandıranda kamera sınıq idi, başı yuxarı vəziyyətdə dayanmışdır. Kameranı kimin sındırdığını görməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən şahid X8 ifadəsində bildirmişdir ki, o, Gülağanın qaynı, Gülnarənin qardaşıdır, tez-tez bacısına baş çəkmək üçün onlara gedir. O, ancaq kamera görüntülərindən Nailə və Naibənin işıqları söndürmələrini və kameranı sındırmalarını görmüşdür. Gülağaya bacıları tərəfindən zərər vurulmasının şahidi olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cəmi 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Vİ-ЖГ seriyalı 462651 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.1998-ci ildə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir. -Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qohumları tərəfindən ona maddi ziyanın vurulması barədə məhkəməyə müraciət etmək hüququnun olması X3 bildirilmişdir. -Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 barəsində müraciətdə qeyd olunan məsələ mülki xarakterli olduğundan, məhkəməyə müraciət etmək hüququnun olması X3 bildirilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 374/E nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, X2 müraciətinə əsasən qeyd olunan əmlaklara dəyən zərərin miqdarı 5500 (beş min beş yüz) AZN məbləğində dəyərləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1427-9/1493 nömrəli rəyindən görünür ki, işığın kəsilməsi nəticəsində zərər dəyib-dəyməməsinin və işığın kəsilməsi ilə dəymiş zərər arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən olunması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Bala Əfəndiyev küçəsi 8 saylı evə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri təqribən 1917,0 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilən əşyalar işlək vəziyyətdə olmadığından, onların hansı hissələrinin dəyişilməsini və ya təmirbərpasına çəkiləcək xərci müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaklar yararsız vəziyyətə düşməklə, sonuncuya maddi ziyan vurulmuşdur. Cavabdehlər iddiaçıya vurduqları maddi ziyanı ödəməkdən boyun qaçırdıqlarından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatına əsasən əmlaklara dəymiş ziyan 5500 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması işin mübahisəsiz halıdır, məhkəmə tədqiqi zamanı bu hal öz təsdiqini tapmışdır. İş üzrə mübahisəli hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduqları maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini onlardan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətdiklərindən, vurduqları maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidirlər. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən iddiaçıya məxsus əmlakara 5500 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən əmlaklara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə iddiaçının mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilməli olan təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1917 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 1917 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun 39.17 manat hissəsi cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından müştərək qaydada maddi ziyana görə 1917 manat məbləğində pul vəsaiti və 39.17 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından müştərək qaydada tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-553/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-553/2023
08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver