Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5659/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Akhmedova Giulnarın (İddiaçı) Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə qeyd olunan qarajın ona təhvil verilməsi, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 340 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq Akhmedova Giulnara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 onun əridir. Əri xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadatnamə”yə əsasən özü və uşaqları mərhum əri - X1 vərəsəsi kimi tanınmışlar. Cavabdeh MTK ilə - X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 19 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasında 1-ci giriş, 6-cı mərtəbə, 3 otaqlı, 24 nömrəli mənzili və həmin binada yerləşən qarajı xx.xx.2022-ci il tarixə kimi tikib X2 təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən mənzil 2022-ci ilin avqust ayında tikilib təhvil verilsə də, lakin qaraj təhvil verilməmişdir. 2025-ci ilin iyun ayında o, evi təmir etdirməyə başlayanda Cavabdeh MTK-ya müraciət edib, müqavilədə qeyd edilən qarajın təhvil verilməsini xahiş etmişdir. Ona bildirildi ki, 15 kv.m ölçüdə qaraj qalmayıb, tezliklə böyük ölçüdə olan qarajlardan 15 kv.m ayrılıb, ona təhvil veriləcəkdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh MTK-nın ofisində olan zaman satış meneceri Orxan adlı şəxs ona bildirdi ki, vətəndaşlara müqavilədə hədiyyə kimi nəzərdə tutulan qarajlar 15 kv.m sahəsi olan qarajlardır. Lakin hal-hazırda həmin ölçüdə sahəsi olan qaraj qalmayıb ki, ona təhvil verilsin. Qalan qarajların isə sahəsi 23 kv.metrdir. Qarajın artıq olan 8 kv.metr sahəsi üçün ödəniş etdikdən sonra həmin qaraj ona təhvil verilə bilərdi. İddiaçı da onlara bildirmiş ki, o, müqavilədə nəzərdə tutulan qarajın ona təhvil verilməsini istəyirdi. Müqavilədə də qarajın sahəsi qeyd edilməyib. Ondan qaraja görə əlavə ödənişin tələb edilməsi əsassızdır. Ona görə müqavilədə nəzərdə tutulan qarajın ona təhvil verilməsini xahiş etmişdir. Göründüyü kimi müqavilə üzrə tələblər, ödənişlər alıcı tərəfidən tam olaraq yerinə yetirilsə də, lakin Cavabdeh MTK müqavilə üzrə öz ürərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməkdən yayınaraq, müqavilədə nəzərdə tutulan qarajı ona təhvil verilməsindən imtina etmişdir. Buna görə də, prentenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət edərək, X4 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 saylı müqavilədə qeyd edilən qarajın ona təhvil verilməsini xahiş etsə də, lakin Cavabdeh MTK rəsmi qaydada qeydə alındığı hüquqi ünvanda mövcud olmadığına görə pretenziya məktubunun çatdırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh MTK ilə arasında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, Cavabdeh MTK ilə - X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli müqavilədə nəzərdə tutulan qarajın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, çıxarışa əsasən müəyyən olundu ki, iddiaçıdan əlavə onun 3 uşağının da payı vardır. Uşaqlar da yetkinlik yaşına çatmayıblar. Müqavilədə qarajın ölçüsü göstərilməyib, uşaqlar da vərəsə olduqlarından özbaşına olaraq qarajı bir tək analarına verə bilməzlər, çünki uşaq sonradan gəlib eyni ölçüdə qarajın verilməsini tələb edə bilər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı vəkil bürosunun hesabına 340 manat məbləğində xidmət haqqı ödəmişdir. - Cavabdeh MTK ilə X4 arasında bağlanan xx.xx.2019-cu il tarixli 09 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədən görünür ki, CavabdehMTK-nın ünvan 2 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının İ giriş, Vİ mərtəbəsində 3 otaqlı, 24№-li, sahəsi qonşu ilə olan divarların iç konturundan hesablamaqla 99.22 kv.m olan mənzili və qaraj tikib "xxxx"ya təhvil verilməsini və "xxxx" öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürürlər. 2.4-cü bəndə əsasən "xxxx"ya kampaniya əsasında bir ədəd qaraj hədiyyə edilir. - Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 Cavabdeh MTK-nın R.Qəmbərov küçəsi 19 ünvanında inşa edilən yaşayış binasının 24 saylı mənzili (3 otaq 99.22 kv.m) üçün 89298 manat vəsait ödəmişdir. Mənzilin dəyəri tam ödənilmiş, heç bir borc qalmamışdır. - AZ-İİ seriyalı, 206254 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - xx.xx.2022-ci il tarixli, 2V-679 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş - X1 vərəsələri arvadı X5 (1/6 hissə), qızı X11 (5/18 hissə), qızı X9 (5/18 hissə), qızı X10 (5/18 hissə) və onların hər biri miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X2 verilmiş **********76-05301-093211 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70 , mənzil 4 (Yeni qaydalarla : AZ 1092, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 94.6 kv/m olan mənzildən ibarətdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70 , mənzil 4 (Yeni qaydalarla : AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 94.60 kv.m olan mənzilin 1/6 hissəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, qeyd olunan mənzilin 5/18 hissəsi X6, 5/18 hissəsi X3, 5/18 hissəsi X7 məxsusdur. - İddiaçı tərəfindən Cavabdeh MTK-ya göndərilmiş pretenziya məktubundan görünür ki, X4 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 saylı müqavilədə qedy edilən qarajın ona təhvil verilməsi tələb edilmiş, əks təqdirdə yaranacaq mübahisənin həlli üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X4 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının İ giriş, Vİ mərtəbəsində 3 otaqlı, 24№-li, sahəsi qonşu ilə olan divarların iç konturundan hesablamaqla 99.22 kv.m olan mənzili və qaraj tikib "xxxx"ya təhvil verilməsini və "xxxx" öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. "xxxx"ya kampaniya əsasında bir ədəd qaraj hədiyyə edilmişdir. Alıcı tərəfindən müqavilədə göstərilən öhdəlik tam icra olunmuş, mənzilin dəyəri olan 89298 manat ödənilmişdir. Ancaq MTK müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və bir ədəd qarajın hədiyyə verilməsindən imtina etməklə öhdəliyin icrasından yayınmışdır. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, arvadı və üç uşağı onun qanun üzrə vərəsələridir. İddiaçı mərhum əri ilə cavabdeh arasında bağlanan müqavilənin tam icra olunmasını tələb edərək müqavilədə nəzərdə tutulmuş 1 ədəd qarajın ona təhvil verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 672.1. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun. 672.2. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış qarışıq müqavilə əsasında podrat və bağışlama münasibətləri əmələ gəlmiş, iddiaçının mərhum əri, yəni alıcı tərəfindən müqavilədə göstərilən öhdəlik tam icra olunmuş, "xxxx"ya kampaniya əsasında bir ədəd qaraj hədiyyə edilməsi ilə bağlı hissədə sözügedən MTK müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və bir ədəd qarajın hədiyyə verilməsindən imtina etməklə öhdəliyin icrasından yayınmışdır. Alıcının vərəsəsi olan arvadı – İddiaçı Cavabdeh MTKdan “öhdəliyin icra edilməsi”ni, yəni Cavabdeh MTK ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə qeyd olunan qarajın ona təhvil verilməsini məhkəmədən xahiş edir. Göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, odur ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MTK ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə qeyd olunan bir ədəd hədiyyə edilmiş qaraj Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, Cavabdeh MTK-dan ödənilmiş 101 manat dövlət rüsumu və 340 manat hüquqi yardım haqqı tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə qeyd olunan bir ədəd hədiyyə edilmiş qaraj Cavabdeh MTK tərəfindən iddiaçı Akhmedova Giulnara (İddiaçı) təhvil verilsin. Cavabdeh MTK-dan ödənilmiş 101 manat məbləğində dövlət rüsumu və 340 manat məbləğində hüquqi yardım haqqı tutularaq iddiaçı Akhmedova Giulnara (İddiaçı) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5659/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5659/2025
27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver