Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-570/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəsində saxlanması və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağladığı xx.xx.2013-cü il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yanında saxlanmaları və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bununla əsaslandırmışdır ki, xx.xx.2013-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşlar. Aralarında olan nikahın pozulması barədə qərara gəlmələrinin səbəbi xasiyyətlərinin tutmaması, cavabdehin xəyanət etməsi olmuşdur. Artıq faktiki olaraq ərarvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaları və ailəni saxlamaları qeyri-mümkündür. Uşaqları azyaşlı olduğu və ana qayğısına ehtiyac duyduğu üçün yetkinlik yaşma çatanadək onun yanında qalmalarını istəyir. Uşaqların gündəlik təlabatı, sağlamlığı və cəmiyyətə layiqli insan kimi yetişmələri üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər onun üzərində qalacaqdır. Halbuki uşaqların saxlanmaları üçün onların tələbatını ödəmək valideyin kimi cavabdehin də üzərinə düşür. Buna görə də, hesab edir ki, cavabdeh uşaqların saxlanmaları üçün ona aliment ödəməlidir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, nikahın pozulmasına, uşaqların iddiaçının himayəsində saxlanmalarına razıdır. Lakin o, aylıq 630 manat əmək haqqı alır, hər ay tələb olunan 440 manat alimenti ödəməyə maddi imkanı çatmayacaqdır. Odur ki, uşaqların saxlanmaları üçün aliment tutularkən onun maddi vəziyyətini nəzər alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsində göstərilir ki, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ 887067 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, həmin tarixdə Cavabdeh ilə X2 arasında 1730 nömrəli akt qeydli rəsmi nikah bağlanmışdır. Arvada “Abbasova” soyadı verilmişdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, məhkəmə tərəfindən tərəflərin barışması üçün 3 (üç) aylıq barışıq müddəti müəyyən edilmiş, lakin həmin müddət ərzində onlar barışmamışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20-ci maddəsindən görünür ki, tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə və məhkəmə tərəfindən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, tərəflər arasındakı nikah pozulur. Beləliklə, məhkəmə, tərəflərə verilmiş 3 (üç) aylıq müddət ərzində onların barışmamasını, həmçinin iddiaçının nikahın pozulmasında təkid etməsini nəzərə alaraq belə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrində göstərilir ki, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmaları və aliment məsələsini həll etməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə, tərəflərin birgə nikahından olan uşaqların hal-hazırda anaları ilə yaşamalarını, habelə onların azyaşlı olmalarını və mənafeləri üçün digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, X4 və X6 analarının himayəsində qalmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin təşkili ilə əlaqədar 50 manat mediasiya xidmət haqqı və 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 50 manat mediasiya xidmət haqqı və 50 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü ildə Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış 1730 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlansınlar. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xidmət haqqının əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-570/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-570/2024
29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver