Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-371/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3599/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3599/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı və Cavabdeh arasında 03 oktyabr 2015-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 748 nömrə ilə qeydə alınmış nikahın pozulması, 12 sentyabr 2016-cı il təvəllüdlü X1 boşanmadan sonra İddiaçı (ananın) yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 12 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 20.05.2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-3599/2021 saylı qətnaməsinin alimentin ödənilməsi qaydasının müəyyən edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə aliment miqdarının 50% məbləğinin uşağın bank hesabına köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 03 oktyabr 2015-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından olan 12 sentyabr 2016-cı il təvəllüdlü X1 onun yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 12 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək onun əmək haqqından uşağın saxlanılması üçün tutulan alimentin 50 faiz hissəsinin uşağın depozit hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə öz qətnaməsində həmin hissə ilə bağlı qeyd etmişdir ki,"Məhkəmə alimentin 50 %-nin depozitə qoyulması barədə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının izahatından göründüyü kimi tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları - 12 sentyabr 2016-cı il təvəllüdlü X3 müxtəlif ödənişli məşğələlərə gedir, eyni zamanda uşağın normal əyləncəsini təşkil etmək üçün də pul vəsaiti tələb olunur ki, iddiaçının əmək haqqı ilə bunu etmək olmur. İş materiallarından göründüyü kimi cavabdehin aylıq əmək haqqı 2406,69 manat təşkil edir ki, bu məbləğin ¼ hissəsinin 50 faizinin depozit hesabına keçirilməsi uşağın normal inkişafı baxımından maraqlarına uyğun olmadığından cavabdehin vəsatətini məhkəmə əsassız hesab edir." Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2- ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Bundan başqa "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci, eləcə də Ailə Məcəlləsinin 49.3.-cü maddəsinə əsasən uşağın öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Nəzərə alınmalıdır ki, aliment uşağın həyat səviyyəsinin və onun sosial və maddi cəhətdən bütün ehtiyaclarının təmin edilməsi məqsədi ilə ödənilən məbləğdir. Məhkəmə praktikasına nəzər saldıqda aydın olur ki, sabit pul məbləği şəklində tutulan alimentin miqdarı "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanuna uyğun olaraq müəyyən edilir və 2021-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Həmin Qanuna münasibətdə cavabdehdən tutulan aliment miqdarı kifayət qədər yüksəkdir ki, cavabdeh buna etiraz etmir və uşağın əlavə maddi ehtiyaclarını da qarşılayacağını bildirir. Məhkəmə əsassız olaraq qətnamədə qeyd etmişdir ki, uşaq üçün tutulan aliment miqdarı onun sosial həyat səviyyəsinə ancaq kifayət edəcəkdir. Bununla bağlı qeyd edir ki, mülki iş materiallarında tərəflərin birgə nikahdan olmuş övladlarının əlavə məşğələlərə getməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Eyni zamanda iddiaçının tələbi də əlavə maddi xərclər qismində deyil, yalnız alimentlə bağlı olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsi zamanı da bildirmişdir ki, yaranacaq əlavə maddi ehtiyacları da qarşılamağa hazırdır. Məhkəmə iş materiallarında tərəflərin birgə nikahdan olan övladlarının əlavə məşğələlərə getməsini sübut edəcək fakta istinad etməmiş, bu barədə mülki iş materiallarında sübut mövcud olmamışdır. İddiaçı əlavə xərclər barədə iddia tələbi irəli sürmədiyi halda, məhkəmə öz qətnaməsində bu hala istinad edərək düzgün hüquqi nəticəyə gəlməmişdir Məhkəmə araşdırması zamanı uşağın saxlanılması üçün tutulan aliment miqdarının uşağın normal inkişafı baxımından maraqlarına uyğun gəlməməsi hallarını araşdırmamış və aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-3599/2021 saylı qətnaməsinin alimentin ödənilməsi qaydasının müəyyən edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə aliment miqdarının 50% məbləğinin uşağın bank hesabına köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ona ödənilən məbləğlə övladını çətinliklə saxlayır. Yəni tam olaraq məşğələlərini və əyləncəsini təmin edə bilmir. Məbləğin hansısa hissəsinin bank hesabında saxlanması ilə qətiyyən razı deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-3599/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qətnamənin alimentə dair hissəsini mübahisələndirir. Yəni qətnamənin alimentin ödənilməsi qaydasının müəyyən edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə aliment miqdarının 50% məbləğinin uşağın bank hesabına köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnaməni təyin edilmiş alimentə dair hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 03 oktyabr 2015-ci il tarixdə nikahlarını rəsmi qayada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 12 sentyabr 2016-cı ildə Meltsa adlı uşaqları doğulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 30.01.2014-cü il tarixdən gömrük orqanlarında, 12.10.2018-ci il tarixdən Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2406,69 manat təşkil edir. İş materiallarından görünür ki, məhkəmə İddiaçı nikahın pozulmasına təkid etdiyi və tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı nəzərə alınmaqla, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğunu nəzərə alaraq belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Bundan başqa məhkəmə uşağın mənafeyini nəzərə alaraq onun anasının yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Belə nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1, 22.1, 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə, eləcə də Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasına,”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın keçmiş ərindən aliment almaq hüququ vardır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Tərəflərin izahatlarında və iş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır və aylıq əmək haqqı 2406,69 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının və onun himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğundan uşaq üçün alimentin tutulması zəruridir. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, uşaq üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini, azyaşlı uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini və razılığını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12 sentyabr 2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə alimentin 50 %nin depozitə qoyulması barədə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının izahatından göründüyü kimi tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları - 12 sentyabr 2016-cı il təvəllüdlü X2rı müxtəlif ödənişli məşgələlərə gedir, eyni zamanda uşağın normal şəraitini təşkil etmək üçün də pul vəsaiti tələb olunur ki, iddiaçının əmək haqqı ilə bunu etmək olmur. İş materiallarından göründüyü kimi cavabdehin aylıq əmək haqqı 2406,69 manat təşkil edir ki, bu məbləğin ¼ hissəsinin 50 faizinin depozit hesabına keçirilməsi uşağın normal inkişafı baxımından maraqlarına uyğun olmadığından cavabdehin vəsatətini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh arasında 03 oktyabr 2015-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 748 nömrə ilə qeydə alınmış nikah pozulmalı, 12 sentyabr 2016-cı il təvəllüdlü X3 boşanmadan sonra İddiaçı (ananın) yanında qalmalı və Cavabdeh İddiaçı xeyrinə 12 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalı və alimentin tutulmasının əvvəli 20.05.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qəbul edilməlidir. Belə ki, cavabdeh apellyasiya şikayətində ondan tutulan alimentin 50 faizinin uşağın bank hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin aylıq əmək haqqı 2406,69 manat təşkil edir ki, bu məbləğin ¼ hissəsinin 601 manat təşkil edir, bunun da 50 faizi təxminən 300 manat təşkil edir. Məhkəmə kollegiyası uşağın normal inkişafı baxımından maraqlarına uyğun olmadığından cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3599/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3599/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-371/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-371/2022
18.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver