Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5878/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.2001ci il təvəllüdlü Cavabdeh ünvan 2-yə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 onun xüsusi mülkiyyətindədir. xx.xx.2001-ci təvəllüdlü Cavabdeh onun nəvəsidir. Cavabdeh doğulduğu gündən onun mənzilində yaşamış, universiteti bitirdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən ünvan 2-dən köçüb getmişdir, həmin tarixdən indiyə kimi bu ünvanda yaşamır. Cavabdehin ona məxsus mənzildə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 2-yə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirmişdir ki, o, Bakıxanov qəsəbəsi Sülh küçəsi 11 mənzil 43-də yaşayır. O, Ceyran xanımla 30 ildir qonşu olmuşdur. 2019-cu ildə həyat yoldaşı öldükdən sonra həmin mənzilin yaxınlığında yerləşən marketin arxa tərəfində həyət evi almışdır. Amma qızı ailəlidir, Sülh küçəsi 11-də yaşayır. O, əvvəlki mənzildən köçsə də qızı, kürəkəni, qudası Sülh küçəsi ev 11 mənzil 43 ünvanında qeydiyyatdadırlar. O, Nailəni 2022-ci ilə qədər iddiaçının mənzilində görmüşdür. Nailəni nənə və babası o ünvanda böyüdüb oxutmuşdur. Nailənin atası fərqli ünvanlarda işləyirdi, anası isə ölüb, amma öldüyü vaxtı xatırlamır. Nailə təqribən 5-ci sinifdə oxuyanda anası ölmüşdür. Nailə ali məktəbi oxuyub bitirəndən sonra öz xalası oğluna qoşulub qaçmış və qonşular bir də onu görməmişlər. Hazırda Nurəddin bəy evi satmaq istəyir, amma Nailə orada hələ də qeydiyyatdadır. Nailə hazırda eşitdiyi qədərilə xalası oğlu ilə ailə qurub, Şəmkir rayonunda yaşayır, ailəsi, uşağı var, amma şəxsən özü görməmişdir. Xalasının evi var, Nailə orada yaşayır, onun fikrincə kirayədə yaşamır. Məhkəmə iclasında şahid Khanlar Valıev ifadə verərək bildirmişdir ki, iddiaçı ilə təxminən 30 ilə yaxındır ki, qonşudurlar. İddiaçının nəvəsi Nailə də qonşusu olub. Sonuncu dəfə 2022-ci ilin may ayından sonra Nailənin bir nəfərlə qaçdığını eşitmişdir. Hazırda da bildiyi qədərilə qoşulub qaçdığı yerdə - Şəmkir rayonunda yaşayır. Orada Nailənin kirayə qalması və ya evinin olması barədə məlumatı yoxdur. Nailə iddiaçının evinə gəlib-getmir. O, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən mənzildə yaşayır. Hazırda yaşadığı ünvana yeni köçmüşdür. Əvvəllər o, Sülh küçəsi ev 11 mənzil 33-də yaşayırdı, öz evi idi. Nailənin hazırda dəqiq harada yaşaması barədə məlumatı yoxdur. Təxminən 3 ildir ki, əvvəlki ünvandan köçsə də, valideynləri orada olduğu üçün ora tez-tez gedib gəlir, həmçinin, Ceyran xanımgillə qapıbir qonşudurlar. Hər gün olmasa da, bir gündən bir gün ora valideynlərini görməyə gedir. Məhkəmə, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət kimi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli MŞB/6-01352 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. - 81 saylı MKİS tərəfindən verilmiş 01/211 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 ünvan 2 ünvanında qeydiyyatdadır, babasının deməsinə görə xx.xx.2022-ci il tarixdən həmin ünvanda yaşamır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının nəvəsidir. Cavabdeh xx.xx.2001-ci il təvəllüdlü olmaqla doğulduğu vaxtan valideynləri ilə birlikdə iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı bildirir ki, cavabdeh ali təhsil müəssisəsini bitirdikdən sonra xx.xx.2022-ci il tarixdə onun mənzilindən köçmüş və bir daha həmin mənzilə qayıtmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququnu itirmişdir, ona görə də cavabdehin kompensasiya verilmədən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətləri 2000-ci ildən sonra yarandığından, hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, ünvan 2 tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının nəvəsi olmaqla, doğulduğu vaxtdan valideynləri (iddiaçının ailə üzvü olan oğlu və gəlini) ilə birlikdə mübahisəli mənzilə qeydiyyata alınmaqla orada yaşamışdır. Bu baxımdan cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmışdır. Hazırda isə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildən köçdüyünü iddia edərək, onun mübahisəli mənzildən istifadə hüquqlarının kompensasiya verilmədən itirilmiş hesab edilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdehin mübahisəli mənzildən istifadə hüququnun mövcud olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxıb-qalxmamasıdır. İddiaçı tərəfindən cavabdehin nikaha daxil olaraq ərin evinə köçməsi ilə əlaqədar hazırda cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş (iddiaçı və cavabdehin münasibətləri yoxdur, bir-biriləri ilə ünsiyyət qurmurlar), “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə aparılan məhkəmə araşdırması zamanı cavabdehin mülkiyyətində daşınmaz (və ya daşınar) əmlakın olması kimi hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh qızının ünvan 2-yə olan ehtiyacının aradan qalxması müəyyən edilmədiyindən, onun həmin mənzildən istifadə hüquqlarının kompensasiya verilmədən itirilmiş hesab edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5878/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5878/2024
18.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver