Məhkəmə qərarları › İş №2(008)-59/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-59/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-59/2025 06.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə dəymiş maddi zərərə görə 1000 (bir min) manatın və mənəvi zərərə görə 1000 (bir min) manatın alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövləti Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, **********20- 05101-093003 Reyestr nömrəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, bina 3 “B” ünvanında yerləşən 3 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçı ilə eyni binada, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında yaşayır və iddiaçı ilə divar qonşusudur. Cavabdehin hamamı iddiaçının qonaq otağı ilə yan-yanadır. Cavabdeh, hamamından axan çirkab suları üçün nəzərdə tutulmuş tikinti normalarını (kanalizasiya xəttinin düzgün quraşdırlmaması) ciddi şəkildə pozduğu səbəbindən hamamdan axan çirkab suları iddiaçının mənzilini yararsız hala salmışdır. Bu hallar mütəmadi olaraq baş verdiyindən İddiaçı 12 il ərzində 3 dəfə evini təmir etdirmiş, qonşusu - Cavabdeh çirkab sularının axıntısının qarşısını almağı xahiş etmiş, Cavabdeh çirkab sularının onun hamamından axmadığını bildirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən 3 “B” nömrəli bina Sabunçu rayon MKTB-nin 69 saylı Mənzil - Kommunal İstismarı Sahəsinin balansında olduğu səbəbindən iddiaçı Seyidova X2 rəhbərliyinə şikayət etmiş və xx.xx.2022-ci il tarixdə Sabunçu rayon MKTB-nin 69 saylı Mənzil - Kommunal İstismarı Sahəsinin nümayəndələrinin iştirakı ilə 3 “B” nömrəli binanın 11 nömrəli mənzilinə baxış keçirilmiş, Cavabdeh yaşadığı mənzilin hamamından qonşusu - İddiaçı mənzilinin otağına çirkab suyunun axıntısı aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. İddiaçı Cavabdeh təcili olaraq mənzilinə axan çirkab suyunun qarşısını almağı xahiş etmiş, cavabdeh əvvəl razı olmuş və sonradan fikrindən dönərək çirkab sularının qarşısının alınması üçün heç bir hərəkət etməmişdir. Belə olan təqdirdə İddiaçı Cavabdeh dəymiş maddi zərərin ödənilməsini tələb etmiş, cavabdeh isə zərəri ödəməkdən imtina etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və cavabdeh qəsdən hamamın suyunu açıq saxlayaraq qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlər etməyə başlamışdır. Beləliklə, İddiaçı maddi zərərdən əlavə mənəvi zərər də dəymişdir. Belə ki, iddiaçının son günlər ərzində keçirdiyi əsəb və stressə görə səhhəti ilə bağlı problemlər yaranmış, mənəvi əzab çəkmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zəzərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş maddi zərər ilə birlikdə, yaxud maddi zərər vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, maddi vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir və eyni zamanda xx.xx.2023-cü il tarixldə keçeirilən məhkəmə iclasında bildirmişdir ki, o iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh öz istifadəsində olan mənzilin su sızıntısı olan hissəsinə təmir etdrmişdir lakin bundan sonra yenidən onun mənzilinə su sızıntısı olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək su sızmasının onun mənzilindən olmadığını, ekspertiza keçirilən zmana yalnız vizual baxış keçirildiyini, ekspert tərəfindən yoxlama aparatlarının gətirilmədiyini bildirdi. Eyni zamanda xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında tikinti-texniki ekspertizası və sonuncu əmtəəşünaslıq ekspertizası keçirilməmişdən əvvəl o istifadəsində olan mənzilin iddiaçının divarına gedən turbalarını təmir etdirmişdir, lakin bundan sonra iddiaçı yenidən axıntı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 2 ünvanının 1 otağının payçısı İddiaçıdır. xx.xx.2022-ci il tarixli Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismarı Sahəsinin aktından görünür ki, İddiaçı 3 saylı mənzilində olan otağının bir hissəsinə divar qonşusu Cavabdeh 11 saylı mənzilinin hamamından naməlum səbəbdən həmin 3 saylı mənzilin otağına şirkab su axıntısı aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1469 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilin divarlarında və döşəməsində su sızma ləklələrini, eləcə də mülki iş matriallarına olan xx.xx.2022-ci il aktın məlumatlarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilinə bitişik şəkildə yerləşən 11 saylı mənzildən suyun sızması müəyyən olunur, 11 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri gizli şəkildə olduğundan onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, 3 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Mənzildə görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 494 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/6952 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, 11 saylı mənzilin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, mülki iş materiallarına əlavə edilmiş məlumatları, həmçinin baxış zamanı aparılmış eksperimentin müşahidə olunanları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.kəngərli küçəsində yerləşən 3 “B” saylı binanın 3 saylı mənzilə həmin mənzilə bitişik şəkildə yerləşən 11 saylı mənzilin mətbəx tikilisinin kanalizasiya xətlərindən su axıdıldığı və nəticədə 3 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/7186 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, bina 3 “B” ünvanında yerləşən 3 nömrəli mənzilə Cavabdeh məxsus olan mənzildən axan çirkab suları nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1707 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək divar qonşusu olan cavabdehin istifadəsin olan mənzildən su sızması nəticəsində onun əmlakına ziyan dəymiş olduğunu bildirmişdir. Bu halın və eyni zamnada iddiaçıya dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. İlk təyin edilmiş ekspertizanının rəyi məhkəyə daxil ona zaman iddiaçıya 494 manat ziyan dəymiş olduğu müəyyən edilmişdir, lakin su sızmanın hansı qonşu tərəfindən olması müəyyən edilməmişdir. Bundan sonra keçirilən məhkəmə iclası zamanı cavabdeh iddiaçının divarına su sızma ehtimalı olan kanalzasiya xətlərini təmir etdirdiyini, lakin bundan sonra iddiaçının evinə yenidən su sızması olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonta məhkəmə yenidən, yəni cavabdein su xətlərinin təmir etdikdən sonra təkrar tikinti texniki və əmlaka dəyən ziyanın məbləğini müəyyən edilməsi üçün ekspertizalar təyin edilmiş və bundan sinra iddiaçının məzilinin divarına dəymiş ziyan cavabdehin mənzilinin mətbəx tikilisinin kanalizasiya xətlərindən olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan məznilin su xətlərinin nasaz olması səbəbindən iddiaçının mülkiyyətində olan mənzilə dəymiş ziyan aradan qaldırılmalıdır. Bundan sonra məhkəmə məhkəmə dəymiş ziyanın məbləğinə münasibət bildirərək qeyd edir ki, ekspertiz rəyindən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzilə Cavabdeh məxsus olan mənzildən axan çirkab suları nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1707 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsində dəymiş maddi ziyan olaraq 1000 manat tələb etmiş olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 1000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Bundan əlavə keçirilmiş ekspertiza xərlərinin tutulması hissəsində məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1469 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən çəkilmiş 100 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/6952 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyinə əsasən çəkilmiş 50 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/7186 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyinə əsasən şəkilmiş 100 manat xərc cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat dəymiş zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 250 manat ekspertiza xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar