Məhkəmə qərarları › İş №2(008)-5968/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5968/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5968/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X22 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi) qarşı “övladlığa verilmənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi) qarşı “övladlığa verilmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Şuşa rayon İcra Başçısının 19 avqust 1993-cü il tarixli 3 nömrəli övladlığa verilməmə dair qərarın ləğv olunması və doğum şəhadətnaməsində ata qrafasında X10 və ana qrafasında X4 adının yazılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək, onun övladlığa verilməsinin ləğv olunmasını, doğum haqqında şəhadətnaməsində ata qrafasında X10 və ana qrafasında X4 adının yazılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il Xocalı faciəsi zamanı hər iki valideynini, 1 bacısını və demək olar ki, qohumlarının çox hissəsini itimişdir. Həmin faciədən sonra onu 1993-cü ildə X3 və Cavabdeh övladlığa götürmüşlər. Həmin dövrdə körpə olduğu üçün nə əmisi, nə də bibisi tərəfindən götürülüb saxlanılmamışdır. Yuxarıda adlarını qeyd etdiyi valdeynləri onu Xocalı faciəsindən sonra götürüb saxlamış və rəsmiyyətə salmışlar. Onun biloji valdeynləri X16 və X8 olmuşdur. Həmin dövrdə sağ qalmış bacısı X7 altı yaşı olmuşdur. Bacısı Həmayil əmisi X17 tərəfindən himayəyə götürülüb saxlanılmışdır. O, hazırda öz biloji valdeynlərinin adına qayıtmaq və atasının adını davam etdirmək istəyir. Çünki o, atası və anasını görməsə belə həmin faciənin qurbanlarından biri də o, olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, maraqlı şəxsin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 02 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X14 ifadəsində, iddiaçının onun qardaşının qızı olması, Xocalı hadisəsi zamanı 23 günlük Gülnarı anası qucağında gətirmişdir. Bakı şəhərində dayısıgildə məskunlaşmışlar. Xəlilov Bəhmən onun öz dayısı olmuşdur. Dayısı məsləhət görmüşdür ki, baldızına övladlığa verilsin. Onun da yoldaşı vəfat etmişdir, iki körpə uşağı olmuşdur. Ona görə də etiraz etməmişlər. Qohum olduqlarına görə həqiqəti iddiaçıya deməmişlər. İddiaçının 6 yaşında bacısı da olmuşdur. Anası, o və qardaşı böyütmüşlər. Ailə həyatı qurandan sonra həqiqəti öyrənmişdir. Məhkəmənin 02 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X18 ifadəsində, onların qohumlarının çoxsu Xocalı rayonunda yaşamışlar. Xocalı faciəsindən sonra Bakı şəhərinə gəlmişlər. Xalası Cavabdeh də Şuşa rayonundan köçmüş və övladları olmamışdır. Ailənin vəziyyəti çətin olduğuna görə yardım edərək iddiaçını övladlığa götürmüşdür. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 22 iyun 1994-cü il tarixli XVİİİ-JQ seriyalı 368619 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxx 1992-ci ildə doğulmuşdur. Uşağın atası X3, anası Cavabdehdır. İş materiallarında olan Şuşa rayon İcra Hakimiyyətinin başçısının 19 avqust 1993cü il tarixli 3 nömrəli qərarından görünür ki, Şuşa şəhər sakinləri X1 və Cavabdeh ərizləri nəzərə alınmış və xx xxxxxx 1992-ci il tarixdə doğulmuş Hacıyeva Gülnar onlara verilmişdir. Övladlığa götürənlərin ərizələrinə əsasən uşağın soyadı Hacıyeva, adı Gülnar, atasının adı Ziyafəddin, anasının adı Bəturə, doğulduğu yer Bakı şəhəri, Xətai rayonu, doğulduğu tarix xx xxxxxx 1992-ci il yazılmışdır. İş materiallarında olan 22 iyun 1994-cü il tarixli İ-JQ seriyalı 264905 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü X5, X3 və Cavabdeh tərəfindən övladlığa götürülmüşdür. İş materiallarında olan 14 oktyabr 1992-ci il tarixli XVİ-JQ seriyalı 429995 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 avqust 1987-ci ildə doğulmuşdur. Uşağın atası X16, anası X6r. İş materiallarında olan 30 yanvar 2019-cu il tarixli AZ-İ seriyalı 307642 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı arasında olan nikah 30 yanvar 2019-cu ildə ləğv edilmişdir. İş materiallarında olan 03 may 2024-cü il tarixli AZ-İİ seriyalı 421980 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 avqust 2019-cu ildə ölmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaqların övladlığa götürülməsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, övladlığa götürmə övladlığa götürən şəxsə övladlığa götürülənə münasibətdə qanuni nikahda doğulmuş uşağa münasibətdə atanın yaxud ananın malik olduğu bütün hüquqları və vəzifələri verir. Övladlığa götürmə övladlığa götürülənə onu övladlığa götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir. Maddədə qeyd olunan hüquqlar və vəzifələr əmələ gəldiyi andan övladlığa götürülənlə onun anası və ya atası arasında, yaxud istənilən digər şəxs və ya təsisat arasında analoji hüquqlara və vəzifələrə xitam verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 131.1-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir; 131.2-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə orqanının və müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır; 131.3-cü maddəsinə əsasən məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir; 133-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 135-ci maddəsinə əsasən Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 22 iyun 1994-cü ildə Şuşa rayon İcra Hakimiyyətinin başçısının 19 avqust 1993-cü il tarixli 3 nömrəli qərarına əsasən X3 və Cavabdeh tərəfindən övladlığa götürülmüş və X2 doğum haqqında şəhadətnaməsində “atası” qrafasında X3, “anası” qrafasında Cavabdeh isə qeyd edilmişdır. Hazırda iddiaçı onun övladlığa verilməsinin ləğv olunması, doğum haqqında şəhadətnaməsində ata qrafasında X16 və ana qrafasında X4 adının yazılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı övladlığa götürmənin ləğvini öz biloji valdeynlərinin adına qayıtmaq və atasının adını davam etdirmək istəyi olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz etməyərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, iddia tələbi təmin olunmalı, xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş İddiaçı X1 və Cavabdeh övladlığına verilməsi ləğv edilməli, İddiaçı doğum haqqında şəhadətnaməsində “ata” qrafasında X16 və “ana” qrafasında X8 qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş İddiaçı X3 və Cavabdeh övladlığına verilməsi ləğv edilsin. İddiaçı doğum haqqında şəhadətnaməsində “ata” qrafasında X16 və “ana” qrafasında X8 qeyd olunsun. Övladlığa götürmənin ləğv edilməsinin dövlət qeydiyyatının aparılması və İddiaçı yeni doğum haqqında şəhadətnamənin verilməsi Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar