Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6120/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müalicəsi üçün sərf etdiyi 3000 manat pulun və onun tərəfindən ona dəyən 50.000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə İmişli RMXnın tibbi sığorta göndərişi əsasında Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə daxil olmuşdur. Həkim Cavabdeh onu sağ qıçından onjoqrafiya etmiş, balonla və digər vasitələrlə damarlarında olan kirəcləşməni (trombu) yox etmək üçün müalicəyə başlamışdır. 20 gündə 4 dəfə bu müalicəni etmiş, lakin işinə səhlənkar yanaşması nəticəsində sağlamlığına ciddi zərər vurmuşdur. Belə ki, o, Mərkəzə sərbəst hərəkət etməklə daxil olmuşdur. Amma sonradan məlum olmuşdur ki, həkim qeyri-dəqiq müalicələr aparmaqla sağalmadan onu evə buraxmış, sağ qıçında və barmaqlarında qançırlar və qaralmalar baş vermişdir. O, ona telefonla bu vəziyyəti demişdir. Bildirdi ki, Bakı şəhərinə gəlməlidir. 2 gündən sonra getmiş, onu ECM-ə deyil, Bakı Sağlamlıq Mərkəzinilə dəvət etdi. Səhəri gün onu yenidən onjoqrafiya etdi və əminliklə bildirdi ki, damarların tam açıldı. Həkim Cavabdeh heç bir məsləhətləşmə aparmadan onu sağlamlığı bərpa olunmuş şəxs kimi evə buraxdı. 3-4 gündən sonra ağırlaşmalar başladı və həkim Cavabdeh zəng etmişdir. Yenə onu onjoqrafiya üsulu ilə müayinə etdi və dedi ki damarların açıldı. O, rayona, evə gəlmişdir. Ancaq ayağında şiddətli ağrılar başladı və sərbəst hərəkət etməyi mümkün olmadı. Sağ ayağında və barmaqlarında qaralmalar, qançırlar əmələ gəldi və qanqrena yarandı. Məcburi şəkildə sağ ayağı Bakı Sağlamlıq Mərkəzində amputasiya olundu. xx.xx.2024-cü ildə həkim Cavabdeh zəng edib xahiş etmişdir ki, ona baş çəksin. O kobudluqla söylədi ki, “sən kimsən ki, mən sənin ayağına gəlim”. Telefonda həkimin səhhətini yoxlamağa gəlməməsi haqqında səs yazısı var. O, l-ci Qarabağ müharibəsində döyüşmüş, Vətənə olan borcunu yerinə yetirmişdir. Hazırda 2-ci dərəcəli əlildir. Qardaşı müharibədə şəhid olmuşdur. Cavabdeh həkimin öz vəzifəsini düzgün yerinə yetirməməsi, işinə səhlənkar yanaşması nəticəsində o, sağ qıçından olmuş, əmək qabiliyyətini itirmişdir. Cavabdehin göstərişi ilə 4 dəfə damarlarını təmizlətdirmək üçün 4 dəfə Bakı şəhərinə getməyə məcbur olub, 3000 manat maddi zərər çəkmişdir. Lakin cavabdehin səhlənkarlığı səbəbindən sağ qıçının kəsilməsi ilə dərin iztirab keçirmişdir, hətta intihar dərəcəsinə çatmışdır. Ona vurulmuş mənəvi zərəri 50000 manat dəyərində qiymətləndirir. O, əvvəl Nəsimi Rayon Məhkəməsinə ərizə göndərmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadında Elektron məhkəmə informasiya sisteminin məlumatlarına əsasən Cavabdeh Bakı şəhəri, Sabunçu Rayon, Bakıxanov qəsəbəsi, Bünyatzadə küçəsi, ev 15/74, mənzil 120 olmasının müəyyən edilməsi göstərərək, iddianın cavabdehin yaşadığı ərazi üzrə məhkəməyə verilməli olması səbəbindən ərizənin geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraza uyğun izahat verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə tibbi ekspertizasının təyin edilməsi və Cavabdeh vurulmuş zərərə görə 3000 manat maddi ziyanın və 50.000 manat mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Qeyd edir ki, qanunvericiliyin tələbinə görə iddiaçı iddia tələbini əsaslandırmalıdır. Lakin, hazırki vəziyyətdə İddiaçı iş materiallarına iddia tələbini əsaslandıracaq hər hansı sübut əlavə etməmişdir. Yalnız, iddia ərizəsi və şəxsiyyətini təsdiq edən sənədlər mövcuddur. Buradan da ona hansı maddi və mənəvi ziyanın vurulması görünmür. Hazırda onların tərəfindən iş üzrə iddiaçının qeyd etdiyi əməliyyatla bağlı sənədlər, o cümlədən epikriz, Nərimanov rayon prokurorluğundan aparılmış araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar məhkəməyə təqdim edilmişdir. Belə ki, Nərimanov rayon prokurorluğunda İddiaçı eyni məzmunlu şikayəti əsasında araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərarla cərrahiyə əməliyyatını aparmış Cavabdeh əməlində cinayət tərkibinin olmaması müəyyən edilmişdir. Hazırda da qərar ləğv edilməmiş və qüvvədədir. Vətəndaş İddiaçı şikayət ərizəsi ilə bağlı Nərimanov rayon prokurorluğunda aparılmış yuxarıda qeyd olunan araşdırma zamanı təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyində həkim Cavabdeh iddiaçının üzərində Bakı Sağlamlıq Mərkəzində aparmış olduğu əməliyyatın qüvvədə olan mövcud təlimata uyğun həyata keçirildiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlarla bağlı hesab edir ki, İddiaçı qaldırmış olduğu iddianın heç bir hüquqi əsası yoxdur və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Prokrorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Bakı Sağlamlıq Mərkəzində həkim Cavabdeh tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə İddiaçı ərizəsi əsasında toplanmış 184-C-24 saylı material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Epikrizin surətindən görünür ki, İddiaçı sağ aşağı ətraf arteriyalarının aterosklerozu, sağ dizaltı arteriyaların okklüziyaları, şəkərli diabet tip 2 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 452/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə İddiaçı üzərində icra edilmiş ilkin invaziv müdaxilədən sonra şəkərli diabet və ateroskleroz xəsatəliyi ilə əlaqədar damar keçiriciliyinin pozulması səbəbindən amputsiya edilmişdir. İddiaçı Bakı Sağlamlıq Mərkəzində göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş flaşkartda olan səs yazısında iş üçün əhəmiyyətli olan hər hansı bir hal müıyyən edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk öncə iddia tələbinin maddi zərərin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin səhv müalicəsi nəticəsində ona dəymiş 3000 manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə mnasibət bildirərək qeyd edir ki, mülki iş matriallarında cavabdeh tərəfindən iddiaçıya yalnış müalicə edilməsi və onun müalicəsi əsasında iddiaçıya maddi zərərin dəyməsi müəyyən edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6120/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6120/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver