Məhkəmə qərarları › İş №2(008)-6372/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6372/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6372/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin Cənub hissəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 1264 №-li icarə müqaviləsinin müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, X2 icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli qərarı əsasında Bələdiyyənin sədri X4 ilə onun arasında xx.xx.2007-ci il tarixli 1264 №-li İcarə müqaviləsi bağlanılaraq, Kürdəxanı qəsəbəsinin Cənub hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin vaxtı bitdiyi üçün xx.xx.2007-ci il tarixli, 1264 №-li icarə müqaviləsinin müddətinin uzadılmasını və həmin torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanması üçün Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 68 nömrəli məktubunda bildirilmişdir ki, X5 23 noyabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2007-ci il dekabrın 1-dən bələdiyyə qurumlarının torpaq üzərində icarə və alqı-satqı əməliyyatları aparmaq səlahiyyəti dayandırılıb. Bu səbəbdən icarə müqaviləsinin vaxtının uzadılması mümkün deyil. Hazırda sözügedən torpaq sahəsi onun istifadəsindədir, icarə haqqı ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayonu X2 İcarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli 1264 saylı qərarının və 1264 saylı 25 aprel 2007-ci il X3 surətindən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin Cənub hissəsində yerləşən 1200 kv.m torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi qərara alınaraq tərəflər arasında torpaq icarəsi müqaviləsi bağlanmaqla bələdiyyə tərəfindən İddiaçı 1 kv.m sahə üçün illik 24 manat icarə haqqı olmaqla 1200 kv.m torpaq sahəsi icarəyə verilmiş və icarə müqaviləsi 25 aprel 2007-ci il tarixdən 25 aprel 2017-ci il tarixədək bağlanmışdır. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə ünvan 1 ünvanında yaşayır. İşdə olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Sabunçu rayonu X1 Dadaş Əbdulrəsul oğluna ünvanladığı xx.xx.2025ci il tarixli 68 saylı məktubunun surətindən görünür ki, 1265 saylı icarə müqaviləsinin vaxtının uzadılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında əvvəllər bağlanmış 25 aprel 2007-ci il tarixli 1264 saylı X3 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddət başa çatdığından artıq müqaviləyə xitam verilmişdir və xitam verilmiş (qüvvəsi bitmiş) müqavilənin müddətin uzadılması hüquqi cəhətdən mümkün deyil. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yeni müqavilənin bağlanması isə cavabdeh təşkilat olan Bələdiyyənin funksional səlahiyyətində olduğundan və icarə müqaviləsinin bağlanması ilə bağlı qərar qəbul edilməli olduğundan hazırki məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və iddiaçı cavabdeh olan bələdiyyə qarşı torpaq sahəsinin icarəsinə verilməsi və ya bu məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə qərar qəbul etmək öhdəliyinə dair iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməlidir. Belə ki, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1.-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyəyə məxsus hüquqi şəxslər, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Həmin maddənin 2-ci bəndinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Həmin maddənin 3-cü bəndinə əsasən qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 4.0.-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Həmin Qanunun 11.6-cı maddəsinə əsasən bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Həmin Qanunun 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların hərəkətləri və hərəkətsizliyi, habelə inzibati aktların mübahisələndirilməsinə dair iddialara baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı ““icarə müqaviləsinin müddətinin uzadılması” tələbinə dair iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya cavabdehə qarşı müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməli olması izah edilməlidir. Bundan başqa MPM-in 262.2-ci maddəsinə əsasən icraata xitam verilməsi haqqında məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzi əsasında iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261,262, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı ““icarə müqaviləsinin müddətinin uzadılması”” tələbinə dair iş üzrə icraata xitam verilsin və iddiaçıya müvafiq iddia tələbi ilə İnzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzi əsasında iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar