Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6390/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (xx.xx.2010-cu il təvəllədlü oğlu X17 ilə birlikdə), Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 (xx.xx.2011-ci il təvəllədlü qızı X14, xx.xx.2009-cu il təvəllüdlü oğlu İddiaçı İlham oğlu və xx.xx.2021-ci il təvəllüdlü X16 ilə birlikdə), Cavabdeh8, Cavabdeh9 (yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllədlü X3 ilə birlikdə) Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 nömrəli evə istifadə hüquqlarının itrilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 nömrəli ev onun mülkiyyətindədir. Göstərilən ev xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin tarixdə göstərilən evə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 onun qardaşıdır. Cavabdeh9 isə sonuncunun oğlu olmaqla onun qardaşı oğludur. X9 bacısıdır. Cavabdeh X1, X4 və Cavabdeh6 qardaşı uşaqlarıdır. Cavabdeh8 isə qardaşı Əbdüləzim Vahabovun arvadıdır. Cavabdeh2, Cavabdeh7 və Cavabdeh4 isə onun uşaqlarıdır. Cavabdehlərdən Cavabdeh1 və X5 1990-ci illərdən əvvəl özlərinə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsində yaşayış evləri inşa edərək öz yaşayış evlərinə köçmüşlər. Lakin ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan evdə formal pasport qeydiyyatında qalmışlar. Digər cavabdeh X6 ailə qurması ilə əlaqədar onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı evdən 1990-cı ildə köçüb getmiş, lakin formal olaraq onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qalmışdır. Digər cavabdehlər olan Cavabdeh2, Cavabdeh7 və Cavabdeh4 Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsində yaşayış evlərini inşa edərək onları ailə üzvləri ilə birlikdə həmin evlərə köçürmüşdür. Lakin onun mülkiyyətində olan evdə formal pasport qeydiyyatında qalmışlar, həm də yeni uşaqları olduqca valideynlərinin onun evə qeydiyyatlarının olması əsası ilə öz uşaqlarını onun mülkiyyətində olan evqə qeydiyyata aldırmışdır. Cavabdehlər qanunla müəyyən edildiyindən daha uzun müddət ərzində göstərilən evdə yaşamadıqlarından və onların həmin evdə yaşamamaları hər hansı bir üzrlü hallarla əlaqədar olmayıb, özlərinə məxsus yaşayış sahələrinə köçmələri ilə əlaqədar olduğundan cavabdehlərin yetkinlik yaşlarına çatmamış uşaqları ilə birlikdə onun mülkiyyətində olan evə hüquqları itirilərək, həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı onun böyük qardaşıdır. Mübahisəli fərdi yaşayış evi ata mülküdür və onun da həmin əmlakda payı vardır. Həmin mübahisəli evdə yaşamır, öz evi var və hazırda mübahisəli evə qeydiyyatdan çıxmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı onun böyük qardaşıdır. Mübahisəli fərdi yaşayış evi ata mülküdür və onun da həmin əmlakda payı vardır. İddiaçı evi satmaq istəyir, həmin mübahisəli evdə yaşamır, öz evi var, lakin çıxarışı olmadığından öz evinə qeydiyyata düşə bilmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh9 iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı onun əmisidir. Mübahisəli fərdi yaşayış evi onun baba mülküdür, həmin evdə yaşamır, öz evləri var, hazırda mübahisəli evə qeydiyyatdan çıxmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, Cavabdeh5 isə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ona qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiasını qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə qonşudur, iddiaçının evi Bilgəh qəsəbəsi Dəniz küçəsi 4, onun yaşadığı ev isə 5 saylıdır. Onun 33 yaşı var, 1992-ci il təvəllüdlüdür. Dəniz küçəsi 4 ünvanında həmişə Elxan Vahabovu, İddiaçı görmüşdür. İddiaçı Elxanın atasıdır. İddiaçı 4 oğlu var: Natiq, Azər, İlham və Elxan. İddiaçının oğullarını tanıyır, qızları olub-olmadığını bilmir. Sözügedən ünvanda ancaq Elxanı görmüş, başqa heç kəsi görməmişdir. Onlarla tanışlığı var, amma orada təkcə Elxanı görmüşdür. İddiaçının oğulları yaşda ondan böyükdürlər. Ələsgər iddiaçının qardaşıdır. İş üzrə adları çəkilən cavabdehləri özünü dərk edəndən bəri, təxminən 20 il olar ki, Dəniz küçəsi ev 4 ünvanında görməmişdir. Hazırda Dəniz küçəsi 4 ünvanında Elxan ailəsi ilə birgə yaşayır. Elxanın arvadı, bir qızı, bir oğlu var. Elxanın qardaşları Bilgəh qəsəbəsində yaşayır. Səhv etmirsə, hamısının öz evi var. Ələsgər də Dəniz küçəsində yaşayır. Elxanın yaşadığı evin kimin adına olduğunu bilmir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, İddiaçı kənd adamı kimi tanıyır. Onun daimi qeydiyyatı Bakı şəhərinə olmuşdur və Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsində yaşayır. Dəniz küçəsi 4 saylı evdə hazırda Aydın özü, Aydının arvadı, oğlu Elxan və Elxanın arvadı, uşaqları yaşayır. Aydının 4 övladı var: Azər, İlham, Natiq və Elxan. Aydının qızı olub-olmadığını bilmir. Xalidə Aydının bacısıdır. Ələsgəri tanıyır, o da kənd adamıdır. İş üzrə cavabdeh kimi adları çəkilər şəxsləri görmüşdür, amma Lamiyəni və Sahibi isə tanımır, kim olduqlarını bilmir. Azad Ələsgərin oğludur. Adları çəkilən şəxslərin heç biri o evdə yaşamayıb. Hamısının öz evi, torpağı var bildiyi qədərilə. Təxminən 20-30 il olar ki, onlar iddiaçının evində yaşamırlar. Ev Aydının evidir, ev 1958-ci ildə tikilib. Uşaqların hamısının evi var. Uşaqlar öz evlərində yaşayırlar, kirayədə qalan uşaq yoxdur. Hazırda Dəniz 4-də Elxan ailəsi ilə yaşayır. Ata bütün övladlarına pay verib, Elxan da sonuncu uşaq üçün Aydın evini Elxana və ailəsinə verib. Əbdüləzimin iki qızı var, ikisi də ailə qurub, biri onunla qonşudur. Amma qızların adlarını bilmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X14, İddiaçı İlham oğlu, X16, Cavabdeh8, Cavabdeh9, X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Sabunçu RİHB-nın Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh3, Cavabdeh5 faktiki olaraq Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı evdə yaşamırlar. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh9 mülkiyyətində X24 Prado markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli mənzil xx.xx.2024-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh3 bacısı, Cavabdeh9, X1, X4 və Cavabdeh6 qardaşı uşaqlarıdır. Cavabdeh8 qardaşı Əbdüləzim Vahabovun arvadı, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh4 öz uşaqları, Cavabdeh5 nəvəsidir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 1957-ci il təvəllüdlüdür, xx.xx.2024-cü il tarixdə mübahisəli evdən qeydiyyatdan çıxmışdır; Cavabdeh2 1976-cı il təvəllüdlüdür, 2012-ci ildə mübahisəli evə qeydiyyata alınmışdır; Cavabdeh3 1960-cı il təvəllüdlüdür, 2014-cü ildə mübahisəli evə qeydiyyata alınmışdır; Cavabdeh4 1984-cü il təvəllüdlüdür, mübahisəli evə 2005-ci ildə qeydiyyata alınmışdır; Cavabdeh5 2002-ci il təvəllüdlüdür, mübahisəli evə 2023-cü ildə qeydiyyata alınmışdır; Cavabdeh6 1999-cu il təvəllüdlüdür, xx.xx.2024-cü il tarixdə mübahisəli evdən qeydiyyatdan çıxmışdır; Cavabdeh7 1978-ci il təvəllüdlüdür, mübahisəli evə 2015-ci ildə qeydiyyata alınmışdır; Cavabdeh8 1963-cü il təvəllüdlüdür, xx.xx.2024-cü il tarixdə mübahisəli evdən qeydiyyatdan çıxmışdır; Cavabdeh9 2001-ci il təvəllüdlüdür, xx.xx.2024cü il tarixdə mübahisəli evdən qeydiyyatdan çıxmışdır. Eyni zamanda, qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışla, şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdehlər uzun müddətdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı evdə yaşamırlar. Məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 fərdi yaşayış evindən istifadə etməsi ilə bağlı münasibətlər xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin bu sahəni tənzimləyən aidiyyəti müddəalarının tələbləri baxımından mübahisəli mənzilə köçən və iddiaçı ilə birgə təsərrüfat apararaq onunla birgə yaşayan Cavabdeh1 1957-ci ildən, Cavabdeh2 1976-cı ildən, Cavabdeh3 1960-cı ildən, Cavabdeh4 1984-cü ildən, Cavabdeh6 1999-cu ildən, Cavabdeh7 1978-ci ildən, Cavabdeh8 1963-cü ildən, yəni doğulduqları vaxtdan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı evdən istifadə hüquqları yaranmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evini könüllü şəkildə öz iradələri ilə tərk edərək bir daha oraya qayıtmamışlar, evi tərk etdikləri vaxtdan özlərinə məxsus evlərdə yaşayırlar. Qeyd edilənlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 mübahisəli evə olan nəinki ehtiyaclarının, ümumiyyətlə, maraqlarının aradan qalxdığını təsdiq edir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 mübahisəli evi uzun müddətdir ki, müvəqqəti olaraq deyil, məhz daimi əsaslarla tərk etmiş və mübahisələndirilən hüquqlarından könüllü olaraq istifadə etmirlər. Onların həmin evə, o cümlədən, bu hüquqlarının reallaşmasına olan ehtiyacları, ümumiyyətlə, fiziki və hüquqi maraqları aradan qalxmışdır. Bu baxımdan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 iddiaçının mülkiyyətində olan həmin evə olan fiziki və hüququ bağlılıqlarını, o cümlədən evdən istifadə hüquqlarını itirmişlər. Qeyd edilənlər öz növbəsində həmin cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini şərtləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh5 və Cavabdeh9 mübahisəli fərdi yaşayış evindən istifadə etməsi ilə bağlı münasibətlər 2000-ci ildən sonra yarandığından, bu münasibətlərə Mülki Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə MM-in 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh5 2023-cü ildə, Cavabdeh9 isə 2017-ci ildə mübahisəli evə qeydiyyata alınsalar da, həmin evdə yaşamırlar. Cavabdeh5 iddianı etiraf edərək, mübahisəli evdən qeydiyyatdan çıxmağa etiraz etmir, Cavabdeh9 isə xx.xx.2024-cü ildə mübahisəli mənzildən qeydiyyatdan çıxmışdır (başqa evdə yaşayır). Məhkəmə, mülki qanunvericiliyin, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarındakı hüquqi mövqeyini tutаraq və hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh5 və Cavabdeh9 da Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbində X17, X14, İddiaçı İlham oğlu, X16, X3 cavabdeh kimi göstərilməmiş, lakin həmin şəxslərin də Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 nömrəli evə istifadə hüquqlarının itrilmiş hesab edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə, adıçəkilən şəxslərin iddia ərizəsində cavabdeh kimi qeyd olunmadığını, həmin şəxslərin yetkinlik yaşına çatmadıqlarını, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yeri olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Dəniz küçəsi 4 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6390/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6390/2024
27.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver