Məhkəmə qərarları › İş №2(008)-647/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-647/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-647/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh 3 saylı şəhər Klinik Xəstəxanasının (“X14” X15) nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər X4 və 3 saylı şəhər Klinik Xəstəxanasına (“X14” X15) qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və 3 saylı şəhər Klinik Xəstəxanasına (“X14” X15) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər 3 saylı şəhər Klinik Xəstəxanası və X1 müştərək qaydada maddi zərərə görə 16*** manat, mənəvi zərərə görə 9*** manat və 166 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 25166 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sabunçu rayonu 3 saylı Xəstəxananın həkimi olan İlqar İsmayılov adlı həkim tərəfindən əməliyyat olunmuşdur. Onu həmin həkimin yanına Asif adlı həkim aparmışdır. Asif həkim İlqar həkimin asistentidir. İlqar hakim düzgün əməliyyat etməyərək onun sidik kanalını darmadağın etmişdir. Belə ki, lazer şlanqını zorla kanaldan keçirmiş, kanalı cırıb darmadağın etmişdir. Əməliyyatdan təqribən bir aydan sonra kanalın zədələnən hissələri bir-birinə yapışmış (spayka olunmuş), kanalın orta hissəsində, bir də sidik kisəsinin girişə qədər hissəsində, çanaq sümüyü boyu kanal dağıldığından tam bitişmişdir. Halbuki belə hallarda əməliyyat dayandırılmalı, kanala kateter qoyulmalı, müalicəvi üsullardan istifadə edərək kanal genişləndirilməli və bir-iki həftədən sonra əməliyyat aparılmalı idi. Əməliyyatdan qabaq aparılan müalicə tədbirləri üçün dərmanlara 700 manat, əməliyyatdan sonra isə dərmanlara 800 manat pul xərcləmişdir. Bundan başqa əməliyyat üçün 800 manat Asif həkimə, 200 manat analizlərə vermişdir. Lakin əməliyyatdan sonra olmazın əziyyətini çəkmişdir. İlqar və Asif həkim əməliyyatdan sonra kanalın ortasında və sidik kisəsinin girişində də törəmələrin olduğunu, onların götürüldüyünü bildirmişlər. Lakin qeyd edilən yerlərdə törəmə olmayıb. Asif həkim kanalı dağıtdığı üçün belə deyərək səhvini örtmək istəmişdir. Çünki ona verilmiş epikrizdə sözügdən törəmələr barədə heç bir məlumat qeyd olunmamışdır. Beləliklə, İlqar və Asif həkim onu şikəst etmişdir. İlqar və Asif həkimdən sonra dörd həkimin yanında olmuşdur. Əməliyyatı İlqar və Asif həkimin etdiyini dedikdə, hamısı onların əməliyyat edə bilmədiyini bildirmişdir. Həkimlər ona bildirdilər ki, o, bundan sonra ömürlük şlanqla yaşamalıdır və ya Türkəyədə əməliyyat olunaraq plastik şlanq qoyulmalıdır. Bu da çox baha başa gələn əməliyyatdır. O, indiyədək dərmanlar qəbul edir. Uroloji dərmanlar baha olduğundan, indiyədək 2*** manat yaxın iynə dərmanlara pul xərcləmişdir. Bundan başqa, Riqa şəhərində xəstəxanaya 2*** manat ödəniş etmişdir. Orada da dərmanlara 2*** manat pul vermişdir. Gediş-dönüş xərci olaraq 1600 manat, ümumilikdə 6*** AVRO pul xərcləmişdir. Həmçinin, Asif həkimin məsuliyyətsiz əməliyyatı ucbatından 5***0 AVRO xərcləyərək xaricdə qurduğu işi başa gətirə bilmədiyi üçün geri qayıtmağa məcbur olmuş və həm xərclədiyi 5***0 AVRO-dan, həm də əldə edəcəyi qazancdan olmuşdur. Bunların hamısı İlqar və Asif həkimin işinə məsuliyyətsiz və laqeyd yanaşması, onu düzgün əməliyyat etməməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərlərdir. Hələ Türkiyədə əməliyyat olunmaq üçün nə qədər xərci çıxacağını bilmir. İlqar İsmayılov və Asif adlı həkim onun həyatına qəsd etmişlər. Cavabdehlər 3 saylı şəhər Klinik Xəstəxanası “X14” X15 və X7 tərəfindən iddia ərizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 1955-ci il təvəllüdlü xəstə İddiaçı X10 Urologiya şöbəsinə xx.xx.2021-ci il tarixində “Kəskin sidik ləngiməsi. Prostatın adenomasının introvezikulyar forması. Trabekulyar sidiklik. Hipertoniya xəstəliyi” diaqnozu ilə daxil olub. Uzun müddət aparılmış konservativ müalicə uğursuz olmuşdur. Xəstə laborator, Usm, rentgen, EKQ müayinələrindən keçmiş, kəskin sidik ləngiməsi səbəbindən xx.xx.2021-ci il tarixində spinal anesteziya ilə “Prostatın TUR-sı” əməliyyatı icra olunmuşdur. Əməliyyatı Urologiya şöbəsinin müdiri X6 və A.Babayev icra etmişlər. X14 tərəfindən İddiaçı cərrahi əməliyyatının icra edilməsi üçün bütün lazım olan tibbi şərait təmin edilmiş, “Əhalinin sağlamlığının qorunması haqqında”, o cümlədən, “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq vətəndaşa ixtisaslaşdırılmış tibbi yardım göstərilmişdir. Əməliyyatdan sonrakı dövr isə fəsadsız keçmiş, sərbəst sidik ifrazı normal bərpa edilmişdir. Xəstə kafi vəziyyətdə xx.xx.2021-ci il tarixində evə sahə həkiminin nəzarətinə yazılmışdır. Müalicə müddətində xəstə İddiaçı X11 icra edilmiş əməliyyatla bağlı hər hansı şikayəti olmamışdır. Əməliyyatdan sonrakı dövrdə - 7 ay sonra xaricdə - şimal ölkəsində xəstədə onlara məlum olmayan səbəblərdən yaranmış fəsadlarla bağlı ilə X14 hər hansı bir məsuliyyət daşımır. Əməkdar həkim, Avropa və Amerika Uroloqlar Cəmiyyətinin üzvü İlqar İsmayılov tərəfindən uzun illərdir ki, belə uroloji əməliyyatlar icra edilir və əməliyyatdan sonra yaranmış ağırlaşmaların səbəbləri əməliyyatın düzgün icra edilməməsi ilə bağlı olmamışdır. Elmi ədəbiyyatda TUR- P əməliyyatı sonrası ağırlaşmaların səbəbləri kimi aşağıdakılar göstərilir: 1. Adenamatoz toxumanın infeksiyalaşmış asinusların acıması; 2. Hospital infeksiya; 3. İnfeksiyalaşmış sidik; 4. İmmunitetin düşməsi. Vətəndaş İddiaçı Riqa şəhərində aldığı müalicə isə sidik yollarında 7 ay sonra yaranmış iltihabla bağlı olmuşdur (soyuq iqlim, içki, tikintidə çalışması, soyuq yerdə davranması) və orada baş vermiş ağırlaşmalarla əlaqədar X14 və heç bir həkim öhdəlik daşımır. İddiaçı iddia ərizəsində həkim İlqar İsmayılov tərəfindən lazer şlanqını zorla kanaldan keçirilərək sidik kanalını darmadağın etməsi, cərrahi əməliyyatı düzgün icra etməməsi bildirilir. Bununla əlaqədar bildirirlər ki, icra olunmuş əməliyyata göstəriş düzgün qoyulmuşdur və texniki cəhətdən qüsura yol verilməmişdir. Əgər vətəndaşın iddia etdiyi kimi sidik kanalı zədələnibsə, əməliyyatdan sonrakı dövrdə normal sidik ifrazı necə baş verirmiş? Bundan əlavə cərrahi əməliyyat zamanı lazerdən də istifadə edilməmişdir. Belə ki, X11 M. Cavadzadə adına X3 fərqli olaraq əməliyyat icra olunan cihaz görüntü altında sidik kisəsinə keçirilir və bu, travmasız səliqəli işin icra olunması üçün böyük dəstəkdir. Əlavə olaraq qeyd edirlər ki, bu an, monitorda xəstənin özünə nümayiş etdirilir. Buna görə də sidik kanalının dağıdılmasından söhbət belə gedə bilməz. Əks halda, vətəndaşın iddia etdiyi kimi sidik kanalının dağıdılması halı var idisə, xəstədə bu günə kimi sərbəst sidik ifrazı mümkün olmazdı. Sidik kanalı əməliyyat zonasına daxil deyil. Sidik ifrazı ilə bağlı vəziyyət isə xaricdə vətəndaşın uretrasına kobud müdaxilə ilə izah edilə bilər. Belə ki, İddiaçı Latviyada olarkən (vətəndaş tikinti sahəsində çalışır) sidik ifrazı ilə bağı çətinlik olub və “təcili yardım” həkimi tərəfindən dəfələrlə sidik kisəsinə kateter yerləşdirilməsi uğursuz olub. Bəli, bu səbəbdən sidik ifrazında çətinlik daha da dərinləşə bilər. Ümumilikdə, Bakıda olarkən sidik ifrazında ciddi problemlər mövcud idisə, yəqin ki vətəndaşın xaricə işgüzar səfəri də baş tutmazdı və buna heç cəhd də etməzdi. Vətəndaş ərizəsində bir neçə həkimə müraciət etdiyini və həkimlər tərəfindən ona kanalına “plastik şlanq” qoyulması əməliyyatının aparılmalı olduğunun bildirildiyini qeyd edib. Bununla bağlı bildirirlər ki, Urologiya elminə “plastik şlanq” qoyulması adında əməliyyat məlum deyildir. Xəstənin stasionarda müayinə və müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb. Bundan əlavə, əməliyyatı icra edən həkim İlqar İsmayılov və assistent A.Babayevlə xəstə arasında əməliyyatdan əvvəl və sonra heç bir pul söhbəti olmamışdır. Xəstə tərəfindən isə hər hansı bir formada ödəniş edilməmişdir. Bundan başqa, vətəndaş İddiaçı Riqa şəhərində çalışdığı tikinti sahəsində rəhbərlik etdiyi ustalara məhz məhkəmədən tələb etdiyi miqdarda borcu vardır. Bu isə onu göstərir ki, İddiaçı Riqadakı ustalara qarşı borc öhdəliyini qarşılamaq üçün Bakıda məhkəmə vasitəsi ilə pul vəsaiti əldə etmək istəmişdir. Vətəndaş İddiaçı simasının aydın olmağı üçün məhkəmənin diqqətinə çatdırırlar ki, o, uzun illər boyunca ürəyində heç bir problem olmadığı təqdirdə saxta sənəd təqdim edərək dövlətdən yardım almışdır. Lakin cərrahi əməliyyatdan öncə xəstəyə kardioloqun baxışı zamanı onun ürəyi ilə bağlı hər hansı narahatlığının olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh 3 saylı şəhər Klinik Xəstəxanasının (“X14” X15) nümayəndəsi X9 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X7 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 166 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nə sidiyin ümumi təhlili üçün 12.99 manat pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nə tibbi xidmət üçün 19 manat pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nə laboratoriya xidməti üçün 12.99 manat pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nə tibbi xidmət üçün 100 manat pul ödənilmişdir. - “X14” PHŞ tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı prostat vəzinin adenoması, hipertoniya xəstəliyi İİ tip diaqnozu qoyulmuşdur. - xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən uretral və ya sidik kisəsinə kateterin taxılması xidmətinə görə 19 manat pul ödənilmişdir. - “Lazur hospital” tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı sidiyin müayinəsi həyata keçirilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 600 manat depozit ödənilmişdir. - “Lazur hospital” tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı sidiyin müayinəsi həyata keçirilmişdir. - xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən müayinə üçün 100.01 manat pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən uretral və ya sidik kisəsinə kateterin taxılması xidmətinə görə 19 manat pul ödənilmişdir. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sabunçu TM-də iddiaçıya prostatın TUR əməliyyatının icra olunduğu, əməliyyatdan sonrakı dövrün fəsadsız keçdiyi və kafi vəziyyətdə evə yazıldığı bildirilmişdir. Həmçinin, digər ölkədə göstərilən tibbi yardım və fəsadlarına görə Sabunçu TM-nin personalının cavabdehlik daşımadığı qeyd edilmişdir. Bundan başqa, məsələ ilə əlaqədar həkim İ.İsmayılovun izahatı da alınmışdır. İ.İsmayılov öz izahatında iddiaçının stasionar müayinə və müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılandığını və iddiaçıdan heç bir ödəniş tələb etmədiyini bildirmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “X13” QSC-nə foley kateter silikon üçün 3.90 manat pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə uretral və ya sidik kisəsinə kateterin taxılması xidmətinə görə 19 manat pul ödənilmişdir. - “Lazur hospital” tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı uretranın penil və zarlı hissəsinin yatrogen mənşəli strukturası. Funksiya edən episistostoma diaqnozu qoyulmuşdur. - “Sokrat Medikal” Tibb Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı sidiyin ümumi analizi həyata keçirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 70/KEŞ nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “X14” PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “prostat vəzinin adenoması, kəskin sidik ləngiməsi” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq müvafiq təyinat verilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “prostat vəzi adenomasının TUR” əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra olunmuşdur. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona aparılmış “prostat vəzi adenomasının TUR” əməliyyatından sonra xəstədə sərbəst sidik ifrazı aktı bərpa olunmuş və o, hər hansı bir fəsad olmadan evə yazılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində aparılmış aşağı sidik yollarının kontrastlı rentgen müayinəsində sidik kanalının keçiriciliyi saxlanılmış, membranoz hissədə isə nisbi daralmanın olduğu müəyyən edilmişdir. Bu da prostat vəzinin təkrar hiperplaziyası ilə əlaqədar ola bilər. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. - “X14” PHŞ tərəfindən verilmiş xəstəlik tarixindən görünür ki, İddiaçı kəskin sidik ləngiməsi diaqnozu qoyulmuşdur. - 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı sidiyin ümumi müayinəsi həyata keçirilmişdir. - 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı qanın biokimyəvi müayinəsi həyata keçirilmişdir. - 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı koaquloqramma müayinəsi həyata keçirilmişdir. - Medicare Klinika tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı biokimyəvi müayinə həyata keçirilmişdir. - Medicare Klinika tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı qanın ümumi analizi həyata keçirilmişdir. - “X14” PHŞ tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı kəskin sidik ləngiməsi. Prostat vəzi adenomasının introvezukulyar forması. Hipertoniya xəstəliyi İİ dərəcə diaqnozu qoyulmuşdur. - “Sokrat Medikal” Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ultrasəs müayinəsi həyata keçirilmişdir. - “Yeni Klinika” tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı göbək yırtığı, keçməməzlik və ya qanqrena olmadan diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 təkrar 312/KEŞ nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə “X14” PHŞ-nin urologiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “prostat vəzinin adenoması, kəskin sidik ləngiməsi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq operativ müalicə taktikası seçilmiş və təyinat verilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “prostat vəzi adenomasının TUR” əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən ona aparılmış “Prostat vəzi adenomasının TUR” əməliyyatından sonra xəstədə sərbəst sidik ifrazı aktı bərpa olunmuş və o, hər hansı bir fəsad olmadan evə yazılmışdır. İddiaçı yaranmış sidik kanalının daralması ilə əlaqədar ona müvəqqəti episistostoma qoyulmuş və xx.xx.2022-ci il tarixdə onun üzərində “Lazur Hospital”da “Uretrotomiya; Urertoskopiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Sidik kanalının daralması iltihabi proses nəticəsində yarana bilər və bu patoloji vəziyyətin aparılmış “Prostat vəzi adenomasının TUR” əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda “Erektil disfunksiya” xəstəliyi mövcuddur və aparılmış “Prostat vəzi adenomasının TUR” əməliyyatı ilə əlaqədar olması istisna edilir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə səhv əməliyyat olunmasını və bunun nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi və təkrar məhkəmə-tibbi ekspertizalarına əsasən iddiaçıya “prostat vəzinin adenoması, kəskin sidik ləngiməsi” diaqnozunun düzgün təyin edildiyi və həmin diaqnoza uyğun olaraq onun üzərində “prostat vəzi adenomasının TUR” əməliyyatının taktiki və texniki cəhətdən düzgün icra edildiyi, hazırda iddiaçıda mövcud olan “Erektil disfunksiya” xəstəliyinin aparılmış “Prostat vəzi adenomasının TUR” əməliyyatı ilə əlaqədar olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X4 və 3 saylı şəhər Klinik Xəstəxanasına (“X14” X15) qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər X4 və 3 saylı şəhər Klinik Xəstəxanasına (“X14” X15) qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar