Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6821/2020 18.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 məxsus “İddiaçı Sığorta” Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı **-NU-*** dövlət nömrə avtomobilə vurulan ziyanın əvəzində 768.36 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 798.76 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ə.Vahid küçəsi ilə Ə.Əlizadə küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi törədərək X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. İcbari Sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh mülkiyyətində olan “Mercedes Benz 190” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nərimanov Rayon Məhkəməsinin 3(005)-717/2012 saylı, xx.xx.2012-ci il tarixli X3 iş üzrə Qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı “xxxx” Firmasının təqdim etdiyi xx.xx.2012-ci il tarixli qüsur akta uyğun olaraq, həmin avtomaşına 1550 manat ziyan dəymişdir. MİP № 122530-B05 saylı sığorta müqaviləsinə və № 1110/2012 saylı sığorta aktına əsasən avtomobil natamam sığortalandığı üçün zərər məbləği 1268.36 manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti 250 manat azadolma məbləği çıxmaqla 1018.36 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehlə aparılan danışıqlar nəticəsində, yaranmış 1018.36 manat borc öhdəliyinin cavabdeh tərəfindən ödənilməsinə dair razılıq əldə olunmuş və sonuncu tərəfindən 250 manat ödəniş həyata keçirilmiş, razılaşma qalan hissədə pozulmuş və yerinə yetirilməmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 768.36 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, MİP-1 seriyalı 1110/2012 saylı sığorta aktından görünür ki, “Mitsubishi Pajero” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil MİP-122530-B05 saylı müqaviləyə əsasən könüllü sığorta növündə sığortalanmış və xx.xx.2012-ci il tarixdə “Mercedes Benz 190” markalı **-UM-*** dövlət nəqliyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş zərər franşiza çıxılmaqla 1550 manat məbləğində müəyyən edilmişdir. -Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(005)-2012 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. -İddiaçıSığorta ASC-nin xx.xx.2020-ci il tarixli preteniziya məktubunun surətindən görünür ki, İddiaçıSığorta Şirkəti ASC subroqasiya hüququ əsasında 1018,36 manat məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. -xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən İddiaçı Sığorta ASC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törədərək X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Avtomobil natamam sığortalandığı üçün zərər məbləği 1268.36 manat müəyyən edilmişdir. “İddiaçı tərəfindən 250 manat azadolma məbləği çıxmaqla 1018.36 manat sığorta ödənişi həyata keçirilmiş, ümumi zərər məbləğindən 250 manat cavabdeh tərəfindən ödənilmiş və qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının ödənilməli olan qalıq 768,36 manat zərərin subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 768 (yeddi yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik məbləğində sığorta ödənişi və 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində dövlət rüsumu İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-6821/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6821/2020
18.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver