Məhkəmə qərarları › İş №2(008)-6974/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-6974/2025

26.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6974/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Alxas oğlunun Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Alxas oğlunun Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvandan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində doğulmuşdur və 1994-cü ilədək mərhum atası X1 evində ünvan 2-də yaşamışdır. Həmin mənzildə həmçinin onun qardaşı xx.xx.1961-ci ildə anadan olmuş Cavabdeh da (bundan sonra cavabdeh) əvvəllər yaşamış və qeydiyyatda olmuşdur. Atası xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl mülkiyyətində olan ünvan 2-də yerləşən yaşayış sahəsini xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən ona bağışlamışdır. Bağışlama müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz emlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli, seriya RX № ******* "Çıxarışa əsasən sözü gedən yaşayış sahəsi onun mülkiyyətinə keçmişdir. O, Rusiya Federasiyasında yaşasa da, mütəmadi olaraq Bakı şəhərinə gəlir və həmin evdə qalır. Cavabdeh ailə qurandan sonra təqribən 2003-2004-cü illərdə mənzildən köçüb getmişdir və bu günədək ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küç, ev 21, m. 16 (köhnə Badamdar yolu 115) ünvanda yaşayır, onun mənzilinə gəlmir və mənzildə onun heç bir əşyası yoxdur. Əvvəllər cavabdehlə əlaqəsi olan zamanlarda ondan bir neçə dəfə xahiş etmişdir ki, mənzildən qeydiyyatdan çıxsın, lakin cavabdeh onun xahişlərinə əməl etməmiş və bu günədək onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Hal hazırda onunla heç bir əlaqəsi yoxdur. Cavabdehin onun xüsusi mülkiyyətində olan evə yaşayış üçün ehtiyacı yoxdur. Cavabdehin onun xüsusi mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur, o, mənzil barədə istədiyi kimi sərəncam verə bilmir. Bu səbəbdən hüquqlarının müdafiəsi və Cavabdeh mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək cavabdehin hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2013-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, mübahisəli mənzil İddiaçı Alxas oğlunun xüsusi mülkiyyətindədir. -Bakı şəhəri İcra Hakimiyyəti Aparatı MKTD-nin 47 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həmin evdə qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ qanunvericilikdə məhdud əşya hüququ üçün nəzərdə tutulmuş bütün xüsusiyyətləri özündə ehtiva etməklə, məhdud əşya hüququdur. Konstitusiya Məhkəməsi sadalanan qərarında göstərdiyi hüquqi mövqeyə əsasən yaşayış sahəsindən istifadə hüququ mahiyyət etibarı ilə servitut olmaqla, servituta dair müddəaların analoji qaydada ona tətbiq edilməsini məqsədə uyğun hesab edilmişdir. Odur məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisəyə servituta dair müddəalar tətbiq edilməlidir. Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını araşdıraraq, hesab edir ki, mübahisənin maddi hüquqi əsası qismində Azərbaycan Respublikası MM-nin 262.2-ci maddəsi və Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı çıxış edir. Belə ki, həmin maddə və müvafiq qərara əsasən məhkəməyə hasil olur ki, yaşayış sahəsindən istifadə hüququna həmin yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda müvafiq kompensasiya ödənilmədən xitam verilə bilər. Maddənin məzmununa göründüyü kimi, həmin maddənin aşağıdakı dispozisiya şərtləri mövcuddur ki, həmin şərtlərin hər biri ardıcıllıqla yoxlanılmalıdır və hər bir şərt mövcud olduğu halda iddia tələbi təmin edilməlidir, əks təqdirdə digər şərtə keçmədən iddia tələbi rədd edilməlidir. 1) Cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ olmalıdır. 2) Cavabdehin həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxmalıdır. İşin müəyyən edilmiş hallarına sadalanan dispozisiya şərtləri baxımından qiymətləndirirək məhkəmə aşağıdakıları qeyd edir. İlk dispozisiya şərti ondan ibarətdir ki, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ olmalıdır. İş materiallarından görünür ki, həqiqətən, cavabdeh həmin mənzildə qeydiyyatdadır və mənzildən istafadə hüququ mövcuddur. Odur ki, bu dispozisiya şərti ödənildiyindən digər şərtə keçilməlidir. Digər dispozisiya şərti isə cavabdehin həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmasıdır. Məhkəmə hesab edir ki, bu dispozisiya şərti də ödənilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh hal-hazırda həmin mənzildə yaşamamaqla, özünün fərdi mülkiyyətində başqa mənzil mövcuddur. Bu isə artıq cavabdehin həmin yaşayış sahəsinə ehtiyacı olmamasına dəlalət edir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına mübahisənin qanuni əsasları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticə hissəsi Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda olan mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Həmin müddət bitdikdən sonra tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar